Bölüm 20.1

44 4 31
                                    

Yazıçının dilindən

Qızmar günəşin təsirindən meyxoş olmuş insanların künc-bucaqda kölgəliklərə çəkilməsiylə boş qalmışdı çimərlik. Ulduz hərdən ara-sıra əsən yodlu küləyin gətirdiyi taqətlə özünə gəlir, gözlərini açıb dəniz boyunca uçan qağayılara tamaşa edirdi. Ancaq isti ona güc gəlir, yenidən yuxuya aparırdı. Yanında oturub özünü yelləyən Çiçək xalanınsa heç bircə dəfə də yuxusu gəlməmişdi. Onun gözləri yol çəkirdi, yenə uzaqlarda görünən, amma əslində lap yaxın keçmişdə baş verənləri nəzərdən keçirir, xatırladıqca ah çəkir, yuxulamış Ulduzun saçlarına sığal çəkməyi də unutmurdu.

- Tapdım, anacan! – təngnəfəs qaçıb gələn Rəvan qucağındakı qarpızı çoxdan yerə sərilmiş süfrənin üstünə qoydu. – Yusiflə Aidə də pendir almağa getdilər, gələcəklər indi. Axı mən sizə dedim bunları qabaqcadan almaq lazım- Rəvan duruxub yatmış Ulduza baxdı. – Bıy, bu nöş yatıb? Ulduz, qalx görək! Yoldan gəlmişəm, şirə süz mənə. Ay qız, dursana! – deyinə-deyinə dümsüklədi qızı.

- Nə var? Həşir salmısan burda. – Ulduz dodağının altında donquldanaraq gözləri yumulu dikəlib oturdu. Çiçək xala Rəvanın tərdən islanmış çatıq qaşlarını barmaqlarıyla düzəldib gülümsədi, qrafini Ulduzun əllərinə tutuzdurub özü bıçağı götürdü. Onlara sarı yaxınlaşan Yusiflə Aidəni qucaqları torbalarla dolu görən Çiçək xala əllərini dizlərinə çırpdı.

- Axı mən dedim artıq pul xərcləməyəsiniz. Yenə gedib zəhər alıb gətiriblər. Gül kimi keks bişirmişdim, götürmədiniz də.

Rəvan güldü:

- Sən bilməzsən ana, indiki gənclərin havası, suyudur bunlar. Harda görmüsən uşaqlar kekslə çay içib söhbətləşsinlər? Bizim o dövrümüzə hələ çox var.

- Sən bunlardan çox ye, heç gəlib o dövrə çata bilməyəcəksən, iraq olsun.

- Sən də söz danışdın da ana. Dayan görək.

- Eheey! Baxın görün nə gətirmişik! – Yusif havada yellədiyi domino qutusunu yaxınlaşan kimi Rəvanın qucağına tulladı. Rəvan dodağının altında nəsə dedisə də, Aidə cəld torbaları yerbəyer edib söhbəti başqa tərəfə yönəltməyə başladı.

- Bir azdan axşam düşəcək, polaroidimi gətirmişəm, əcəb şəkillər çəkərik. – deyə Çiçək xalaya sırnaşdı. – Amma yaman istidir ha! Axşama qədər necə oturacağıq?

Rəvan başını qaşıyıb domino qutusunu qurdalamağa başladı. O an Yusifin ağlına ideal fikir gəlmişdi.

-Ağlıma bir fikir gəlib, oyun oynayaqmı?

-Al, qarışdır. – deyə Rəvan domino qutusunu ortalığa tulladı.

-Əşi, dominonu saxla görək hələ. Mən deyən oyunda ancaq söhbət edirik.

- Aha! – Aidə yelpiclə özünü yelləyə-yelləyə maraq dolu gözlərini Yusifə dikdi.

- Gəlin, hərə özü haqda bilmədiyimiz üç şey desin. – Yusif həvəslə uşaqların üzünə baxdı. Bircə Çiçək xalanın bu fikir heç xoşuna gəlməmişdi.

- Əh, mən də dedim bomba bir şey gəlib ağlına. – Rəvan mız qoyub qayaya söykəndi. Bu vaxt Aidə uzun ayağıyla Rəvanın böyrünə birin ilişdirdi.

- Gəlin oynayaq da! Xala, naz eləmə yaxşı. – Ulduz gülə-gülə Çiçək xalanı qucaqladı.

- Vaaay! Yapışma mənə tərliyəm. Yaxşı, yaxşı. Siz oynayın görüm hələ nətər şeydi bu.

Qanqal ÇiçəyiWhere stories live. Discover now