Bölüm 1

487 43 67
                                    

   Həmişə səhər oyananda ilk nə ilə məşğul olacağımı seçmək mənim üçün həm zövqlü, həm də bir az yorucu məşğuliyyət sayılardı. Yaşımdakı rəqəmlərin sayı artdıqca seçimlər getdikcə azalırdı, bu seçimlər ya səhər yeməyi hazırlamaq, ya səhər qaçışına getmək, ya da musiqi qoşub oynamaq arasında gedib-gəlirdi. Var gücümlə xatırlamağa çalışırdım, azı on il bundan qabaq nə ilə məşğul olmağı seçərdi Ulduz? Tək-tük ağlıma gələn yerimi yığışdırmamış rəsm albomuma cızma-qaralardan doldurmağım olurdu, ya da eləcə çarpayımın başındakı pəncərəni açıb gecədən qalma nəm iyi ciyərlərimə çəkərdim. Hər biri məni - Ulduzu təmsil edən xırda-para məşğuliyyətlər idi. Ancaq nə yalan deyim, bütün bunlarla bərabər həm də özümü həddən ziyadə başıboş, avara hiss edərdim. O vaxtlar olsun, on yeddi, on səkkiz yaşım, işi-gücü evdən məktəbə, məktəbdən evə getmək olan yeniyetmənin elə də qeyri-adi arzuları yox idi, mən də hamı kimi oxumaq, tələbə olmaq, öz dünyamın sahibi, öz ev-eşiyimin ağası olmaq istəyirdim. Astronavt olmağı özünə hədəf seçənləri də təqdir edirdim, əlbəttə. Amma gəlin realist olaq, kim körpəlikdən arzuladığı həyatı yaşamaqdadır? Şəxsən mən özüm son dəfə rəssam olmağı arzulamışdım, özü də elə-belə yox ha! Əməlli-başlı dizimi yerə qoyub əllərimi sinəmdə qovuşduraraq müqəddəslərin hamısına yalvararaq dua etmişdim. Gəl ki içəri otaqdan səslənən atam mənim fələyimi elə barmağına dolamış, məni çaşmış fələyimlə təkbətək rinqə buraxmışdı ki, çirkli döşəmədən dizlərimi çırpıb təmizləyən vaxt bu hərəkətim özümə bir xeyli gülməli gəlmişdi. Elə indi də gülməli gəlir, ah uşaqlıq, uşaqlıq.

Bəs indi, Ulduz? Arzuladığın həyata qovuşmusanmı? Ətrafını əhatələmiş insanlar sənə həyatı daha da artıq sevdirirmi? Xoşbəxtsənmi işində-gücündə? 

Qapının zəngi çalındı. Adlarını bilmədiyim quşların səsi üç dəfə təkrarlanıb mənzildə əks-səda elədi. Əynimdəki önlüyü çıxarıb ocağın altını söndürəndən sonra keçdiyim dar korridordan qızımın otağının qapısına iki dəfə taqqıldatdım. Mənim sevimli rəngimdə boyadılmış eleqant yaşılı qapıya çatıb dəstəyi burdum və budur, qarşımda mavi formalı kuryer əlindəki kiçik qutuyla dayanıb yuxulu gözlərini yerə dikmiş, gözü yol çəkirdi. Tezdən oyanıb yollarda bağlama paylamaqdan yorulan yuxusuz sifətindəki süzgün gözlərinə baxıb yazığım gəlmişdi. Yubanmadan qutunu əlindən alıb üstündə mənə uzatdığı kağızı imzalayıb özünə qaytardım. Kuryer sürətlə çevrilib getdi, elə bil bayaqdan məhz bu anı gözləyirdi.

 Üstündə yalnız evimin ünvanı yazılmış bu bağlama mənə həddən artıq doğma təsir bağışlayırdı. Ancaq Almaniyanın soyuq, buz kimi havasına qarışmış bu qeyri-adi sevimli qoxu, elə bil özünü qismən də olsa gizlədərək, qapıma qədər qoxusunu qoruyub saxlaya bilmişdi. Onu açmağa tələsmədən mətbəxə qayıdıb ehmalca masaya yerləşdirdim. Arxamca balaca yalın ayaqları ilə qəhvəyi parket döşəməni şappıldadan İrəm masaya qoyduğum bağlamanı görən kimi Milad hədiyyəsini görəndə necə sevinirdisə, məhz eyni qayda ilə qutunu qucağına alıb açmağa başlamışdı. Balaca əlləri onun sərt kartonunu açmaq üçün həddən çox zərif idilər. Ona baxıb pomidorları doğraya-doğraya özlüyümdə gülürdüm.

- Ey, əl-üzünü yumağa, İrəm! Cəld!

İrəm duruxub üzümə baxdı. Aydın məsələ idi ki, onu sevimli işindən ayırdığım üçün bu dəqiqə möhkəm məyus olacaq, üz-gözünü sallayıb məni peşman eləməyə çalışacaq.

- Sonra nə edirik?

İrəm köksünü ötürüb toppuş əllərini kartondan ehmalca çəkdi.

- Dişlərimizi yuyuruq, ana...

Qanqal ÇiçəyiWhere stories live. Discover now