Bölüm 13

109 13 73
                                    

Bazar günü səhəri evdə əməlli-başlı qarışıqlıq yaranmışdı. Atam paltarlarını tapa bilməyib anamı danlayır, anam qardaşımı tələsməyi üçün təpikləyir, bacımsa saatlarla güzgü qabağında dayanıb ya üz-gözünə nəsə sürtür, ya paltarını ölçüb-biçir, ya da ordan görünən üzümə baxıb hər dəfə gözlərini süzdürürdü. Anam mətbəxə keçib artıq qalan yeməkləri atmaqla məşğul ikən mən də qırmızı güllü paltarın içini çölə çevirib o üzdə şkafın dibinə tullamışdım. Necə olurdusa, hər dəfə o zəhrimara qalmışı əynimə keçirəndə güzgünün qabağında bir o qədər eybəcər görünürdüm. Əlbəttə ki, gözəl görünməyə çalışmırdım, yeganə ümidim kiminsə gözünə görünməmək, axmaq sual atəşlərinə tutulmamaq və bacardığım qədər bir küncə çəkilib oturmaq idi.

Bacım, Hüsniyyənin əynindəki uzun çəhrayı paltar hər dəfə o öz ətrafında dövrə vuranda geniş açılıb dairə formasını alır, sonra burulub bədəninə yapşırdı. Bu vəziyyətdə xeyli fikrə gedəndən sonra mətbəxdən gələn anamın səsi məni düşüncələrimdən ayırdı. Ayağa qalxan kimi qırmızı paltarı səliqəyə salıb yatağımın üstünə qoydum ki, bəlkə anam biixtiyar bu şeytan əsləhəsini mənə geyindirməkdən vaz keçər. Mətbəxə keçən kimi anamın içini çəkib gözlərini bərəldərək atamın yaxasından yapışdığına şahid oldum. Sən demə qonaqlıq üçün şokoladlı konfet almağı yaddan çıxarıblarmış. Keçib mətbəx stulunda oturub iki saat çəkən münaqişəni masadakı kişmişləri ağzıma ata-ata bir müddət izlədim. Arxamdan gələn qardaşım gəlib yanımda oturan kimi kişmişləri ovuclayıb atdı ağzına. Sonra əlini çiynimə qoyub üzümə tərəf əyildi.

- Yenə nəyi bölüşə bilmirlər? Səsləri yayıldı bütün kəndə.

- Konfeti ata yaddan çıxarıb.

- Elə bu?

- Bilmirəm, eh!

- Sənə nə olub? Yenə mısmırığın yerlə gedir. - bir müddət üzümə baxıb duruxdu. Sonra başını qaşıya-qaşıya o da başladı kişmişləri udmağa. - O donu geyinəcəksən, dorğudan? - sifətini büzüşdürüb az qala şeytan buynuzu çıxaran anama baxdı. - Gör nə deyirəm. Mən başa düşdüm ana niyə geyindirmək istəyir o əskini sənə. Axırıncı dəfə Hüsniyyə onu geyinəndə elçi düşmüşdü ona. Sən hələ uşaq deyilsən, bala? Sənin fikrin hardadı?

Bir az da qaş-qabaq töküb iştahlə əlimlə böyük ovuc kişmişi ağzıma atdım.

- Məgər mən axmağam? Yoxsa, bilmirsən ki, anamın nə iş tutduğunu elə birinci mən başa düşürəm? Ax, zəhrimara qalmış elə! Nə xəbərdi axı?!

- Onda... - yavaş-yavaş ayağa qalxıb qapıya yönəldi. - Elə heç geyinmə! - deyib qapıdan çıxdı.

- Bəxtəvər başıma. Nə geyinim onda? - səsimi başıma atıb mətbəxdə gedən ağır müharibəni var-gücümlə yarıb qardaşımın arxasıyca qaçdım.

***

Atam taksi çağırtmışdı. Bakının mərkəzində yaşayan qohumlarımızla görüşəcəkdik. Burdan mərkəzə bir saat yarımlıq yol olardı. Bu yol boyunca darısqal taksinin içində sıxlaşıb getmək hələ maşına minməmişdən qabaq gözümə durmuşdu. Qardaşım siqaretini tüstülədib narazı baxışlarıyla taksini süzürdü.

- Bu at arabasında mərkəzə getmək fikrin var? - sözləri birbaşa atamı yarıb keçmişdi.

- Kəs ə! Ağıl verməyə gəlmisən? Oturun görüm. Hüsniyyə sən ananın yanına keç, o çəpişi də yanında oturt. Sən də gəl çəpişin yanında otur. - deyib qardaşımın əlindən siqareti yerə atıb ayaqladı. - Az çək bu zəhrimarı! Keç!

Qanqal ÇiçəyiWhere stories live. Discover now