Bölüm 21

95 8 23
                                    

Tətil qurtardı, xalamla vidalaşdım və çantamı götürüb binanın həyətində maşında məni gözləyən Gərayın yanına tələsdim. Gəray telefonda xəbər eləmişdi ki, atam rayondakı işindən icazə alıb evə qayıdıb, mənim də hökmən geri qayıtmağım vacib imiş. Gözəl bir yuxudan ayılmış kimi hiss edirdim özümü. Heç xalamla da düz-əməlli vidalaşa bilməmişdim. Tələm-tələsik, ala-yarımçıq. Lap yuxudan ayılıb, əslində, hər şeyin xülya olduğunu öyrənənlər qədər bədbəxt sanırdım özümü. Blokdan çıxıb ağ maşına sarı gedəndə Gərayın kiminləsə söhbət elədiyini gördüm. Bu, xalamoğlu Rüstəm idi. Gərayın ağız dolusu gülüb zarafatlaşdığı Rüstəm ciddi görkəmini qətiyyən pozmurdu. Damağındakı siqaret kötüyünü çeynəyə-çeynəyə Gərayı altdan yuxarı süzürdü. Gəraysa elə şirin-şirin danışırdı ki, mənim gəlib düz yanlarında dayanmağımı qəti hiss eləməmişdi. Rüstəm Gərayın üzündən gözlərini çəkib mənə baxanda gözləri güldü. Əyilib çantamı alan kimi Gəray məni hələ indi görüb özünü yığışdırmağa macal tapmışdı.  

- İlduzə, keç arxada otur. Gəlirəm indi mən. - dedi Gəray əliylə maşını göstərib.

Rüstəm mən getməyə hazırlaşanda qolumdan yaxaladı. Gəray yenə sözünü yarıda kəsib maraqla Rüstəmə baxmağa başladı.

- Nəsə sözün vardı, qardaş?

Rüstəm çantamı Gəraya verib monoton səsiylə əmrvari göstəriş verdi:

- Gəray, sən apar çantanı qoy baqaja, mənim bir-iki sözüm var Ulduza.

Gəray qaşlarını çatıb tərs-tərs məni süzəndən sonra maşına tərəf getdi. Bu əsnada Rüstəm damağındakı siqareti çıxarıb ovcunda əzdi, ətrafına boylanıb elə bil çəkinərək danışmağa başladı:

- Ulduz, dərslərini yaxşı oxu ha!... Bax nə deyirəm...E-ee- dili dolaşdığından əsəbiləşib əzdiyi siqaret kötüyünü yerə atdı. Başını aşağı əyib fikrə getdi, mənsə nəsə başa düşdümsə də, özümü axmaq yerinə vurmağa çalışırdım. 

- Oxuyuram da, Rüstəm. Amma nə xeyri? Atam sonuncu sinfə qədər oxumağa güclə icazə verib. Ondan sonrasına Allah kərimdir..

Rüstəmin ciddi ifadəsi getdikcə yumşalırdı. Günün altında dayanmaqdan tər damlaları qabarmışdı gicgahlarında. Heç şübhəsiz o da hamı kimi eyni reaksiyanı verir, eyni tərzdə heyifsilənirdi. Mənsə bu ifadəni görməkdən lap təngə gəlmişdim. Ancaq deyəsən şəraiti də elə məhz mən özüm yaradırdım. 

- Sən oxu, qurtar məktəbi. Qalan məsələyə mən özüm baxacağam. Ürəyini buz kimi saxla. - deyib əlini uzatdı. Mən də əlini sıxdım, o isə lap bərk sıxdı. Beləcə, yenə və yenə ürəyimdə bir ümid parıltısı qabardı. Bir ay əvvəl yerin altında idimsə, indi göylərdə uçurdum. Ancaq Rüstəm kimi sevincim üzümdə əks olunmadı. Nə o vaxt, nə də indi. Axı mən buna öyrəşmişdim. Nə olurla olsun, duyğularını büruzə vermə. Yoxsa, ələ keçərsən.

***

Yol səyahətindən heç danışmağa da dəyməz, Gəray həmişəki kimi qaradinməz yolunu gedir, bir kəlmə soruşmur, ya da hal-əhval tutmurdu. Bu bir ay ərzində ilk dəfədir məni görürdü, ancaq başıma nə gəldi, nə gəlmədi, ona qətiyyən maraqlı deyildi. Bir saatlıq yol boyunca uzaqlaşdığım sevimli Bakımdan geriyə qalan mənzərəyə tamaşa edir, tez-tez köks ötürürdüm. Axşam düşdüyündən batmaqda olan günəş yollara, binalara, evlərə elə şirin görkəm bəxş eləyirdi ki, ürəyim az qalırdı genişlənib yerindən çıxsın. Çox da uzaq olmayan bir keçmişimi, uşaqlığımı xatırladırdı yenə mənə o narıncı günəş. Yelləncəkdə oturub təzə açmış yasəmənlərin ətrini ciyərlərimə çəkə-çəkə qaratoyuqların nəğmələrini cani-dildən dinləməyim, başqa sözlə, baxçamızdan qəsəbənin görünən mənzərəsi təsirindən meyxoş olmağım yadıma düşürdü. Qısa çəkən xoşbəxtliklərim...

Qanqal ÇiçəyiWhere stories live. Discover now