Bölüm 8

255 29 60
                                    

Hələ də açıq qalmış ağzımı yuma bilmirdim. Ürəyim sevincdən lap bir otaq boyda genişlənmişdi. Torbanı əlimdə möhkəm sıxıb evə qaçdım. Evə girəndə atam nahar üçün hazırlaşırdı. Anam da yanında əyləşib nə barədəsə çox ciddi mülahizələr yürüdürdü. Vaxt itirmək olmazdı. Heç kim mənə fikir vermirdisə də, mənə elə gəlirdi ki, elə bu saat anam məni iş dalıyca göndərəcək, beləcə mən də macəra dolu anlarımı unutmalı olacaqdım. Ona görə də, qaçıb otağa girdim, qapını da arxamca bağladım.

İndi sellofan torba ilə tək qalmışdım. Əlim ayağıma dolaşa-dolaşa köhnə-külə, topal yazı masama yaxınlaşıb torbanı boşaltdım; İki böyük albom, bir on iki rəngli karandaş dəsti, bir on iki rəngli sulu boya, sadə karandaşlar və bir də içi rəngsiz cizgilərlə dolu kitabça.

Əllərimi sinəmdə qovuşdurub heyran-heyran bu möcüzəvi mənzərəyə tamaşa edirdim. Nə qəribə hislər idi, məni ağuşuna alıb düz arxamdakı divarda on üç yaşımda ikən qaraladığım "Möcüzələr Dünyası"na aparıb çıxarmışdı. İndi divarda təkcə o mənzərə yox, ətrafında, digər divarlarda da, hətta divarların tavana bitişdiyi yerlərdə belə müxtəlif xəyali obrazların rəsmləri canlanmışdı. Çox da gözəl, heyranedici deyildilər, amma mənim bu yamaq-yamaq olmuş ruhumun ən qiymətli xəzinələri sayılırdılar. Özümdən də çox divardakı rəsmləri sevirdim. Otağımda oturarkən, sinifdə yuxum gələndə, paltar yuyanda, ayaqqabı təmizləyəndə ya da mağazadan çörək alanda xəyal qurduğum bütün görüntüləri özünəməxsus canlılığı ilə divarlara həkk eləmişdim.

Sevincim bir yana dursun, mənim diqqətimi çəkən atamın durduq yerə mənə bu boyda hədiyyələr alıb gətirməyi idi. Cəmi-cümlətanı iki üç xırda əşyaya görə divara dırmaşmağım gəlirdi sevincimdən, atam da bunu yaxşı bilirdi, necə ağzım sulanırdı hər dəfə dəftərxana mağazasının yanından ötüb keçəndə. Bəlkə də, məhz buna görə, mənim bu dözülməz əzabımdan cana gəlmiş, bəlkə də sadəcə yazığı gəldiyi üçün vicdanıyla hərəkət etmişdi. Hər halda mənim həyəcandan beynim daha dərindən düşünməyə yaramayacaq qədər kiçilmiş, noxud boyda qalmışdı.

Mən bu haqda düşünmək üçün bir xeyli yatağımın üstündə oturdum. Albomların rəngli üzlüyü və digər rəngli əşyalar ürəyimi nə qədər açırdısa, məktəbdən sonra başıma gələnlər də bir o qədər ürəyimi bulandırırdı.

Məni zahirən çoxları sakit təbiətli, adamayovuşan, istiqanlı, bəlkə də bir az alnıaçıq hesab edirdilər. Zahirən deyirəm, çünki hələ heç kəs məni daha yaxından tanımaq üçün bir addım belə yaxınıma gəlməmişdi. Humay ilk və tək rəfiqəm olsa da, mənimlə dostluğu yalnız öz şəxsi maraqlarını, özünə olan rəğbətini, öz fikirlərini və öz problemlərini danışıb ürəyini boşaltmaqdan ibarət idi. Mən qətiyyən kor deyildim. Bunlara ona görə razı idim ki, Humayda yüngülvari kütbeyinlik vardı. Saf, süddən çıxma ağ qaşıq ya da təmiz ürəkli deməyəcəyəm, çünki o bu xüsusiyyətlərin yanından da ötüb keçməzdi. Sadəcə bir az kəmağıllı idi. Bu xüsusiyyətinin də mənə tək qazancı onun üçün çəkdiyim şəkilləri ikiqat qiymətinə satın almağındaydı. Vəssalam. Onunla sanki lap əvvəldən sövdələşmişdik. O mənə öz şəxsiyyətindən söz açaraq özünü guya daha vacib şəxs hesab edəcək, mən də onun bu mərdliyi qarşılığında pul qazanacaqdım.

Doğrudur, mən tünlük olan yerdə özümü çox sakit, qaradinməz aparırdım. Bu xüsusiyyətim insanları sevindirir, hətta əyləndirirdi. Çünki onlar danışır, mən isə susurdum. Hamısı da ona görə ki, ətrafımdakı digər insanları gözübağlı uçuruma qaçan qoyun sürüsü kimi təsəvvür edirdim. Onlardan qat-qat ağıllı olduğumu deməyim yersiz olardı, bircə bundan arxayın idim ki, onlar mənimlə danışmağa layiq deyildilər. Mən onlara borclu olduğumu qətiyyən düşünməzdim, əksinə, hər biri azı mənə bir təşəkkür borclu idilər. Çünki onların əhatəsində idim. Varlığımla onları yüksəldirdim. Təkcə sinifdə yox, həm də mağazalarda, avtobuslarda, tədbirlərdə və sairə.

Qanqal ÇiçəyiWhere stories live. Discover now