Bölüm 7

270 31 80
                                    

Böyük sinif otağının düz ortasındakı partada göz düşmənimlə qabaq-qabağa əyləşmişdim. Hələ indiyə kimi gözlərimi qaldırıb bir oğlanın bəbəklərinin içinə bu qədər uzun müddət baxmamışdım. O dəqiqə pörtmüş sifətim məni ələ verərdi. Ailə tərbiyəsindən çox şey asılıdır, deyirlər. Mən də oğlan sinif yoldaşlarımdan başqa heç kəslə bir kəlmə də kəsməzdim. Ayıbdır, qonşudan, qohumdan, atamdan, anamdan... Amma gəl ki sərt, yarızarafatcıl, səmimi danışığım qardaş gözüylə baxdığım sinif yoldaşlarımda heç də daxili aləmimin quraqlığından söz açmazdı. Onlar elə rahat, elə xoş, elə şadyanalıqla mənimlə danışardılar ki, elə bilirdilər, eyni duyğular mənim o quş qəfəsinə oxşayan cılız ürəyimdə də boy atır. Heyhat! Nə qədər əzab çəkdiyimi, utandığımdan az qala yerə girəcəyimi qəti ağıllarının ucundan belə keçirməzdilər. Soyuqqanlı deyirdilər mənə. Türk muhallebisi kimi yupyumşaq idi ürəyim. Əriyirdim istisində, bir qırıq, iki cüt kəlməsində.

Möcüzə idi elə bil. Buz kimi soyuq sifətinə, dodağının yanındakı qırışa, gözlərinin daş kimi bomboz parıltısına elə maraqla, elə rahatlıqla baxırdım ki, ürəyim də titrəmirdi. O da üzümə baxmaqdan yorulmurdu elə bil. Düşməninin hər simmetriyasını, Tanrının toxunduğu, rəsm etdiyi hər millimetri oxumağa çalışırmış kimi sönük baxışlarını süzə-süzə gəzdirirdi sifətimdə.

Partanın üstünə ehmalca qoyulan test kitabçasını uzadan əli görcək baxışlarımı kənara çəkdim. Səyahətimdən heç nə öyrənə bilməmişdim. Buz kimi soyuq idi, mənasız, tükürpədici gəlirdi mənə. Daha da baxmaq istəmədim. Test kitabçasını açıb vərəqləyirdim ki, bir cüt gözün üstümdə qərar tutduğunu hiss elədim. Bu o buz parçasının yox, uzaqlardan gələn şimal tülküsünün - Humayın baxışları idi. Nəzərlərim onunkulara sürüşəndə ürəyim əsdi. Necə qorxunc baxış idi o, İlahi! Mən o məsum simada hələ belə öldürücü ifadə görməmişdim. Nə olmuşdu, dillərdə gəzən o mələksimaya? Nə üçün nifrətlə baxırdı mənə?...

***

- Müəllim, ədalətsizlikdir! Axı onlar əlaçıdırlar! Bizə qarşı çox böyük haqsızlıq oldu bu! - deyə yerindən sıçrayıb cavab vərəqəsini əlində yelləyən Elmira qaşlarını çataraq üsyan başçılığını öz üstünə götürmüşdü.

- Axı özünüz də bilirsiniz, Ulduz ingiliscə çox yaxşı danışır. Bunu bilərək elədiyinizi düşünürük! - Pəri də oturduğu yerdəcə dəstəkləyirdi.

Beləcə bütün sinif bizə qarşı bütün nifrətlərini püskürəndən sonra Kamal müəllim gülə-gülə (görünür, müəllim uşaqların reaksiyasına çox da təəccüblənməmişdi) jestlərini işə salıb sinfi sakitləşdirdi:

- Deməli, deyirsiniz ki, ədalətsizlik eləmişəm, hə? Düz deyirsiniz! Böyük ədalətsizlik elədim! İki nəfərə qarşı iyirmi səkkiz nəfər çox böyük haqsızlıq idi. Günahkaram! - deyib test kitabçalarını götürdü və üzündəki o təbəssümü silmədən sinifdən çıxıb getdi.

İyirmi test sualından Rəvanla mən cəmi bir sualı səhv cavablandırmışdıq. Qalan iyirmi səkkiz nəfər isə beş sualı düzgün işarələmişdilər. Bu acı xəbər onları necə sarsıtmışdısa, elə Rəvana da bir o qədər möhkəmcə toxunmuşdu. Elədiyi səhvi düşünürmüş ki, sifətini sallayıb oturmuşdu qabağımda. Mən də təngə gəlmişdim, onun sallaq sifətini görməkdən. Ayağa qalxıb Humayın yanına getdim. Gülümsəyirdim, ürəyim payız küləyində öləcəyi anı gözləyən yarpaq kimi titrəsə də. O baxışını unuda bilmirdim. Gəl gör ki, inana da bilmirdim. Özümü o yerə qoymadığım kimi əvvəlki dostca söhbət açdım yoldaşıma. Amma harda idi o vəfa ki, mənim yaxınlaşdığımı görən kimi üzünü cəld çevirdi, "Rədd ol, görmək istəmirəm səni, murdar həyasız! Vəfasız! Xəyanətkar!" dediyini eşidirmiş kimi diksindim. Donub qalmışdım. Bu nə nifrət idi axırdı sifətindən? Dodağımı dişlədim.

Qanqal ÇiçəyiWhere stories live. Discover now