Bölüm 4

269 31 47
                                    

Mətbəx masasının üstündəki kağızları yenə qurdalamağa başladım. Üstündən illər keçmişdi, çox hadisələr yaddaşımdan yavaş-yavaş silinmiş, bəlkə də ən çox xatırlamaq istədiyim xatirələr indi dərinliklərə qərq olub çoxdan yoxa çıxmışdılar. Hətta belə bir qorxum da var idi. Yaşadığım hadisənin gözəlliyini, hər dəqiqəsini zehnimə həkk etməyə çalışırdım, müxtəlif üsullarla, hansısa əşyaya, ya da musiqiyə yapışdırıb onu əbədiləşdirmək istəyirdim. Onu unutmamaq üçün hər üsula əl atardım. Ancaq bəzən bu istəyim baş tutmaz və xatirələr məndən icazəsiz öz-özünə qeybə qarışardılar.

Son vaxtlar başım həm işlərimə, həm xəstəliyimə, həm də İrəmə qarışdığından dolaşıq həyatımda bircə dəfə də olsun geriyə çevrilib boylanmamışdım. Bəlkə də instinkt və zehnimin müdafiə baryeri məni mühafizə etmək üçün keçmişə nəzər salmağıma, onu xatırlamağıma icazə vermirdi. Zehin müdafiə olunmaq istəyirsə, nəydənsə çəkinir deməkdir. Keçmişdə ilişib qalmış, məni də özü ilə uçurumdan aşağı atmağa çalışan o bədbəxt xatirədən, məhz məni daxilən bir zamanlar ağır zədələmiş xatirədən. Bir sözlə, travmadan qorxurdu şüuraltım.

Əlimdə tutduğum vərəqlərə baxanda gözlərim özümdən asılı olmadan islanmağa başladılar. Düz sinəmin ortasında burulan bu duyğu cərəyanı, digər adı ilə, qaçan at nəfəs almağıma mane olurdu. Ürəyim sinəmə sığmırdı. Dişlərimi qıcayıb gözlərimdə bulanan vərəqlərə baxır, əslində isə onları görmürdüm. Gördüklərim, xatırlamaq istəmədiyim o xatirələr idi. Məni özünə həbs etmiş həmin zəhlətökən xatirələr...

***

Bağçada səhər şehinin abu-havası hələ getməmiş tələsik paltarımı geyinib çölə çıxdım. Çox xoş təsadüf idi ki, ikisi də yatmışdı; yəqin mən tez oyanmışdım. Bağçanın ağacları hələ çıxmamış Günəşin şüalarını səbrsizliklə gözləyirmiş kimi eyni mənim kimi həyəcanla budaqlarını isladan şehi silkələyirdilər. Canları yaman qızışmaq istəyirdi, deyəsən. Elə mən də bərk üşüyürdüm, iyul ayının axırları olsa da, səhər tezdən həmişə olduğu kimi hava bumbuz olurdu. Mən də guya soyuğa sinə gərirmiş kimi arıq qollarımın üstünə bir şal salmağı heç ağlıma da gətirməmişdim.

Ayağımdakı nazilmiş plastik sürütmə bağçanın daşlığından keçdikcə ayağımı əzirdi, dərim qaz dərisinə dönmüşdü, saçlarım da daramadığım üçün gah üzümə tökülmüş, gah da arada əsən küləyə tabe olub havada budaq şaxələri kimi yellənirdi. Sağıma-soluma baxıb canlı olan və hərəkət edən hər nə varsa, yoxluğundan əmin olub qollarımı iki yanımda qanad kimi açdım. Diqqətimi hava axınına verirdim, çünki küləyin birdən şahə qalxan at kimi gücləndiyini hiss edən kimi dərindən nəfəs alıb onun bütün bədənimdən keçməyinə, beləcə ruhumun bütün kirlərini, səhvlərimi, küskünlüyümü, bir də yara izlərimi tamam söküb aparacağına inanırdım. Budur! Külək indicə elə əsdi ki, onu iliklərimdə hiss etdim, üzümə yayılan təbəssümdən külək də məmnun qaldı. Necə də xoşdur! Bir-birimizi xoşbəxt edə bilirdik. O məni arındırır, mən də onun necə bacarıqlı olduğunu, necə yaxşı iş gördüyünü ona duyğularımla çatdırırdım.

İndi tərtəmiz uşaq idim. Sevincdən gözlərim dolmuşdu. Təbəssüm üzümdəki canlılığını itirmədən tələsik bağçanın kollar olan tərəfinə qaçdım. Şehdən islanmış kolların yarpaqlarını çırpıb onları üşüməkdən xilas edəcəkdim və mən də özümü özlüyümdə qəhrəman hesab edəcəkdim.

Kolların yanına yaxınlaşanda əyilib yerdən budaq götürmək istədim. O anda təbəssümüm elə yerdəcə quruyub qalmış qaratoyuq kimi sönüb getdi. Yerə çömbəlib daha yaxından baxmaq istəyirdim. Marağımdanmı, yoxsa məyusluğun qanımı dondurmağını hələ heç vaxt istəmədiyim qədər daşlaşdırmağını arzuladığımdan idi bilmirəm, amma gözümü boğazı qurumuş qanla ləkələnən qara tüklü quşun ölmüş bədənindən çəkə bilmirdim. Udqunmaq istəsəm də alınmırdı, gözlərim indi soyuqdan yox, kədərdən dolmuşdu, hıçqırmağa başlamışdım. Bütün bədənim lərzəyə gəlirdi. Anlayırdım, başa düşürdüm halımı. Baş verəni dərk etdiyim üçün yaman bərk ağrıyırdı sinəm. Yanağımdan süzülüb güllü köynəyimi isladan göz yaşlarımı saxlaya bilmirdim. Əllərimlə paltarımı necə sıxdığım yadıma gəlir. Yaman sarsılmışdım.

Qanqal ÇiçəyiWhere stories live. Discover now