Bölüm 17

106 13 60
                                    

Günəş batan kimi ətrafıma boylanmağa başladım. Rəvandan iz-soraq yox idi. Yusif ayağını yelləyirdi, mənsə boynumu saniyədə otuz dəfə oyan-buyana fırladırdım. Heyhat, bağın ətrafında insanların da sayı azalmağa başlamışdı. Camaat ev-eşiyinə üz tutmuş, biz Rəvanın romanındakı köməkçi obrazlar təki yerimizdə qurcalanırdıq.

Budur! Əllərini arxasında birləşdirmiş Rəvan başını aşağı salıb üzü bizə tərəf gəlirdi. Bir az da belə yavaş gəlsəydi, qışqıracaqdım. Sonra anidən diqqətimi bir siluet yayındırdı. Rəvan geriyə boylanıb əlində iki sarı sellofan torba tutub qaça-qaça gələn qıza baxdı. Bu, Aidə idi. Demək olar Rəvandan boyda azca balaca olan bu qız, qısa saçlarını boynunda sərbəst buraxıb, o qaçarkən havada rəqs etməklərinə cani-dildən razılıq vermişdi.

Təngnəfəs Rəvanın yanına çatanda qızardı, sonra başını aşağı salıb onun arxasıyca biz oturduğumuz skamyaya tərəf gəlməyə başladılar. Yusif artıq ayağa qalxıb kinli-kinli Rəvanı dodaqaltı məzəmmətləyir, Aidənin qıpqırmızı qızarmış üzünü gizlətməyə çalışmağındansa lap təngə gəlmişdi. Yusiflə söhbətimiz əsnasında mənə məlum olmuşdu ki, Aidə ilə Rəvan bir il yarımdır sevgilidirlər, ancaq buna baxmayaraq Aidə hər dəfə Rəvanın yanında adam görəndə özündən asılı olmadan qızarırdı. Mənsə düşünürdüm ki, Aidə kimi görsə qızarırdı. Axı, biz ilk dəfə tanış olanda da o, qeyri-adi tərzdə qızarmışdı.

Mən asta-asta oturduğum yerdən qalxıb ətəyimi düzəltdim, alaqaranlıqda güclə seçdiyim üzlərdən anladım ki, mən Aidə ilə bir az da yaxından məşğul olmalıyam, yoxsa belə getsə, Aidə elə bu saat oturub ağlayacaq. Cəld tərpənib qızın əlindən torbaları aldım, içlərini eşələməyə başladım:

- Xoş gəlmisiniz, gözümüz yollarda qalmışdı. Bayaqdan sizi gözləyirdik. Harda qalmışdınız? Bahoo! Rulet! Bu mənimdir ha! Əli dəyənin.. Yəni, ee.. Rulet mənimdir. Hə! Aidə, işlərin nə təhərdir? Axırıncı görüşümüzdən bu yana heç söhbətimiz düşməyib. Canın, başın necədir?

Vay...Nə çox danışmışdım. İndi Aidənin xasiyyəti mənə hopmuşdu. Utandığımdan həm çox danışır, həm də qızarırdım. İlahi, axı mən nə vaxtsa cütlüklərlə bir mühitdə olmamışam, nə deməliyəm, nə danışmalıyam, bilmirəm. Rəvanla sözümüz, söhbətimiz ancaq atmacalardan ibarətdir. Bizi birdən səhv başa düşsə? Mən indi bunlarla necə söhbət edəcəyəm, İlahi pərvərdigara!

- Ee...Uld-duz, sağ olasan, yaxşıyam. Sən nə təhərsən? Əlbəttə, nuş olsun. Mən onsuz da, rulet sevm-mirəm. Hə...

Yusiflə Rəvan bir-birlərinə baxdılar. İkisi də susdular, susdular.. Sonra möhkəmdən şaqqanaq çəkdilər. Heç cür susa bilmirdilər. Rəvan böyrü üstə skamyaya yıxılıb o ki var gülürdü. Yusifin gözlərindən hətta yaş gəlmişdi. Aidənin yerində olsaydım, qaçıb getmişdim bu taxtabaşların əlindən. Amma o, olduğu kimi yerində dayanıb ancaq gülümsəyirdi. Gözlərinin içi səmimiyyətlə gülür, hərdən də gözucu mənə baxırdı.

- Başına dönüm, Aidə. Sənə nə olub? Qəfildən içindəki cinlərin qaçdı? Ha-ha-ha! - Yusif ağaca söykənib torbadan götürdüyü sulardan birini açmağa başladı. - Quran haqqı, bu qızın bu təhər qızarıb-bozardığını, hətta, Ay Rəvan, kəkələdiyini ömrümdə birinci dəfədir, görürəm. Fələyin işinə bax ha!

Yusifin dedikləri qulaqlarımda zəng kimi çalırdı, cingiltili gülüşü Aidənin çöhrəsindəki təbəssümü kökündən silmişdi. Qaşlarını çatıb Rəvana baxır, Rəvansa, öz işində, torbaları söküb ağzını məşğul eləməklə başını qatmışdı.

- Ulduz, bu Aidə var haa..Biləsən nə yamandı!

- Nəyim yamandır, ay Yusif! - Aidənin gur səsi qulaqlarımı doldurdu. Axı niyə bu qızın hər hərəkəti məni ona daha çox yaxınlaşdırırdı?

Qanqal ÇiçəyiWhere stories live. Discover now