Bölüm 9

265 27 53
                                    

Səhər tezdən oyananda bədənimdə yüngülcə ağrılar hiss edirdim. Əzələlərim qırc olub məni yatağıma yapışdırmışdılar. Güc-bəla ilə paltarlarımı geyinib yenə yatağımın üstündə oturdum. Pəncərəm dünən axşamdan açıq qalmışdı. İndi səhər saat altıya məxsus süstlük vardı havada. Dan yeri çoxdan sökülmüşdü, üfüqdən boylanan Günəşi görcək kefimə kef gəldi. Pəncərədən düşən şüalar düz üzümə dəyirdi, canım əməlli qızışmışdı. Qalxıb çantamı yığdım. Hələ də nəsə çatmırdı. Fikrim tamam dağılmış, elə bil heç yuxudan ayılmamışdım. Əlimə aldığım dəftərə uzun müddət boş-boş baxır, sonra yavaşca çantama yerləşdirirdim. Çantamın ağzını sürünə-sürünə bağlayırdım. Yatağımı yığışdıranda az qala əlimə aldığım örtüyü yavaş hərəkətli film səhnələrindəki kimi çəkirdim yatağın üstünə. Beynimdə fikirlər qığılcım kimi işıldayır, ildırım sürəti ilə biri digəri ilə əvəz olunurdusa da, bu tələskənlik fiziki hərəkətlərimə qətiyyən sirayət eləmirdi. Fikirlərim nə qədər sürətli idisə, hərəkətlərim də bir o qədər astagəl idi.

Çox tez oyanmışdım. Yaz vaxtı gün daha tez çıxdığı üçün pəncərəmdən düz gözümə düşən işıq selləri tezliklə məni fantastik və bir o qədər də mənasız yuxularımdan oyadırdı. Ona görə də, indi boş-boş yazı masamın arxasında oturub fikrə getmişdim. Qarşımda, gözlərimin düz qabağında sahmana salınmış əşyalarla masadan başqa heç nə yox idi. Ayağıma ilişən bacımın qazançalarından savayı. Kənardan bu qədər sadə izahatın veriləcəyi kimi, mənim gözlərimin önündə canlanan hadisələr məcmusunu dərk etmək də elə bir o qədər çətin məsələdir. Keçmişdə, yaxud da indi baş verən hadisələrin cərəyanı deyildi bunlar. Gələcəkdə baş verəcək hadisələrin ardıcıllıqla, planlı şəkildə qurulmuş qısa metrajlı filmləri idi; mənim cüzi hərəkətlərimdən doğan böyük xaos, insanların emosional gərginlikdə can çəkişmələri, uzun və odlu dialoqlar, mübahisələr, göz yaşları və nəhayət, qələbə! Mən artıq dodaqlarımda yaranan o təkəbbürlü gülüşü hiss edirdim. Sanki bütün hadisələr artıq baş vermiş, mən də qələbəmin həzzindən stuluma yayxanıb kef çəkirdim.

Düz iki saat beləcə yerimdə tərpənmədən oturmuşdum. Düzünə qalsa, tamamilə məqsədsiz oturmamışdım. Bu qədər vaxtdan cəmi beş-on dəqiqəmi qarşımdakı boş vərəqə rəsmlər çəkməklə keçirmişdim. Ən xoşuma gələni isə, düz mərkəzdə, bütün başqa rəsmlərdən daha qabarıq, daha mənalı və tamamilə məni əks etdirən rəsm idi; mənim avtoportretim.

Sanki onu pəncərədən boylanan Günəşin gözündən çəkmişdim. Günəş məni necə görürdüsə, mən də özümü heç dəyişdirmədən, necə varamsa, elə də qaralamışdım. Gənc, təcrübəsiz, insanları tanımağı, seçməyi bacarmayan adamlar həmin dəqiqə mənim necə məsum, necə təmiz qəlbli, necə zavallı uşaq olduğumu düşünər, özlüyündə yazığı gələrdi. Amma mən çox yaxşı bilirdim, məni ilk dəfə görən o insan sərrafları ürəyimdə bəslədiyim, ruhumu cənginə almış nifrət cücərtilərini həmin dəqiqə hiss edəcəkdilər. Gizlədəcək heç nəyim də yox idi. Kimlərisə aldatmaq nəyimə lazımdır? Mən necəyəmsə, elə də olacağam. Özümü dəyişmək fikrim yoxdur, nəyəsə və kiminsə fikrinə görə də dəyişən deyildim.

Anamgil hələ təzə-təzə oyananda mən artıq yeməyimi yeyib hazırlaşmışdım. Otaqlarından içəri boylanıb, "mən getdim!" dedim və cəld evdən çıxdım. İndi küçədə yeridiyim vaxt beynimdə qurduğum bütün ssenariləri tamam yeniləyir, strateji sözlərin, alternativ hərəkətlərin hamısını diqqətlə nəzərdən keçirib arxayınlaşırdım. Amma ürəyimdə bir nigarançılıq baş qaldırmışdı. Elə bir hissə qapılmışdım ki, guya mən dünyadakı ən pis insanam və mənə qarşı edilən bütün hərəkətlərə sonuna qədər layiqəm. Sadəcə o qədər qoca ruhum, o qədər nifrətlə dolmuş düşüncələrim vardı ki, insanların haqlı olduqlarını görə bilmirdim. Ancaq bu fikirlər də tezliklə reklam pauzası kimi beynimdən yoxa çıxırdı, yenidən qayıdırdım qısa metrajlı filmlərimə.

Qanqal ÇiçəyiWhere stories live. Discover now