Bölüm 2

185 23 57
                                    

❄️

"Qaçırdım... Küləyin bütün bədənimi bıçaq kimi kəsdiyi qarlı havada, nazik köynəklə, boynum-boğazım açıq qaçırdım. Kiçik bir bağçada açılmış cığır boyunca dövrə vuraraq qaçırdım... Soyuq hava şüşə qırıntıları kimi xırdalanıb ciyərlərimə dolur, qabağına keçəni kəsib-doğrayırdı. Qulaqlarımda başlayan yandırıcı ağrılar başıma, boynuma, dişlərimə vurmuşdu. Üşüməkdən keçmişdi, artıq soyuğu hiss etmirdim, yalnız ağrı, ağrı və ağrı vardı...

35,36,37...

Dövrələrin sayı bitmirdi. Gücdən düşmüşdüm ayaqlarım öz-özünə tərpənirdilər, ağlamaq istəyirdim ancaq artıq gec idi. Donmuş bulaqdan su gələrmi heç? Gözlərim yumulurdu, ağrı isə şiddətlə bütün bədənimə yayılmağa davam edirdi.

43...44...45...

"Lazım idi bu sənə? Zəhərli dilini saxlaya bilmirsən? Nə olursa, yaxşı olur sənə! Axmaqsan, axmaq!"

Qəzəb buz bağlamış boğazıma qədər yığılmışdı. Kimə, nəyə yaranmışdı qəzəbim, onu da unutmuşdum. Yalnız saymağı bitirmək və nəhayət, dayanmaq istəyirdim.

"Ağlamaq olmaz, dayanmaq heç olmaz! Pəncərədən baxır! Yıxılmamalıyam, İlahi! Yıxılsam on dövrə üstünə gələcək! Yıxılmaq olmaz, yıxılmaq olmaz..."

Dövrələri sayıb bitirmişdim. Bağçanın girişində ayaq saxladım, ancaq özümü saxlaya bilməyib önə tərəf aşdım. Əlimlə dirəkdən yapışmasam, üzüqoylu beton pillələrin üstünə yıxılacaqdım.

- Hə! De görüm indi. Necədi havası?

Başımı qaldırıb ona baxdım. Qonur gözləri qıyılmış, dodaqları həyatında gördüyü ən murdar məxluqa baxırmış kimi əyilmişdi. Güclə nəfəsimi dərib titrəməyə başlayan qollarımla dirəkdən dəstək alaraq dikəldim. Onun qarşısında əyilmək olmazdı. Əyildimsə, mənə daha çox nifrət edəcəkdi. Düz gözlərinin içinə baxırdım. O isə həmin dəqiqə gözlərini yayındırdı.

"Keç evə! Axırıncı dəfə olsun sözümü qaytarırsan. Eşitdin?"

Cavab vermədən evə tərəf addımlamağa başladım.

"Eşitdin, deyirəm?"

Ayaq saxlayıb ona tərəf çevrildim. Yenə baxışlarımı üzündə cəmləmişdim. O isə həqiqətən çox vacib cavab gözləyirmiş kimi üzümə baxırdı. Ağrını hiss etməkdən birtəhər olmuş başımı tərpətdim. Başa düşmüşdüm. Əlbəttə... Zəif məxluqlar güclülərin qəzəbinə gəlməmək üçün itaət etməlidirlər. Yoxsa cəzası vardı. Cəzanı rədd edəcək qədər cəsarətli zəifsənsə, cəzan daha da ağır olacaqdı. Mənim kimi zəif insanların cəsarəti ən işəyaramaz vasitə idi. Ağıllı olmaq lazım idi. Yəni ki, susmaq. Bu isə mənim üçün ən dəhşətli cəza idi. Təhqir və alçaltmalara məruz qalasan, ancaq xoş münasibəti itirməmək üçün yalnız və yalnız susasan. Dəhşətdir!

Başı ilə mənə getməyim üçün əmr elədi. Üzümü çevirib evə girdim. Təzə dəmlənmiş çayın ətri həyatım boyunca sevib sevə biləcəyim ən gözəl qoxu idi. Anam çayları artıq süzmüşdü. Buxarlanan çaya baxanda ürpərdim. Sanki bədənimdəki buzdan şüşələrin hamısı o buxarda əridilər. Anam gözünü süfrədən ayırıb mənə tuşladı. Yalnız dörd saniyə çəkən bu baxışın ardından sükutu atam pozmuşdu:

- Get əl-üzünü yu. - deyib anama tərs-tərs baxmışdı.

Anam yanımdan külək kimi ötüb keçdi. Üzümə də baxmadı. Onun qəlbi mənim buz bağlamış ciyərlərimdən də soyuq idi. Hələ yadıma gəlmir ki, nə vaxtsa mənə rəhmi gəlsin.

"Atan deyənə qulaq as. Atan haqlıdı. Atanı əsəbiləşdirmə, sonra mən azar eşidirəm. Dilini dinməz qoysaydın bu da başına gəlməzdi."

Hamama keçib suyu açdım. Aynaya baxmağa cəsarətim yox idi. Axı həmişə orada mənə məğrur baxan yaşılgöz qızı görmək istəyirdim! Şaxtada xarab olmuş dərimi, iztirabın cizgilərimə həkk olunan izlərini görməyə taqətim yox idi. Yoxsa, özümə yazığım gələrdi. "Necə də zavallıyam, bəxtsiz, axmaq qızcığazam!" deyərdim özümə. Ağlayardım, halıma kimsə yanmayanda özüm-özümə yanardım. Amma etməyəcəyəm! Əsla! Ağlamayacağam! "Duyğularımı gizlətmək çətindirsə, mən də onları öldürərəm!" deyə düşüncələrimin içində fəryad qopardım. Bu ki daha asandır. Əzab çəkməmək üçün onları öldürəcəyəm. Yavaş-yavaş, zərrə-zərrə, damla-damla... Hamısını məhv edəcəyəm.

Hamamdan çıxıb qurulandım. Otağıma keçəndə atam məni çağırdı. Süfrədə oturub əlini heç nəyə vurmadan yalnız önünə baxırdı. Anam isə artıq süfrəni yığışdırmağa başlamışdı. Atam əli ilə anamı saxladı. Əlindəki boşqabları masaya buraxan anam mətbəxə getdi. Mən isə atamın qarşısındakı stulda əyləşdim.

- Heç bilirsən, kimə söz qaytarırsan?

Duruxdum. Birdən birə yüksələn səsi tüklərimi biz-biz eləmişdi. Barmaqlarım özümdən asılı olmadan süfrənin naxışlarına tərəf getdi.

- Bilmirsən... Bilsən, belə axmaqlıq eləmərsən. Mənim kim olduğumu öyrən, bala. Sənə zarafat gəlməsin. Mən boyda kişiyə hökküldəyirsən. Sənə deyirəmsə, məktəbə getməyəcəksən, deməli getməyəcəksən! Artıq uzun eləmək olmaz. Səni mən böyüdüb bu yaşa gətirmişəm. Mənim sözümün qabağına söz qoymağa haqqın yoxdur sənin. Sən mənim atam deyilsən, mənəm sənin atan. Sən kimsən burda mənə ağıl öyrədirsən? - üzümə baxıb bir anlıq duruxdu. Səsi get-gedə alçalırdı. - Doqquzuncu sinif bəsdi. Nə qədər boş-boşuna gedib gələcəksən o qoyun tövləsinə? Sən mənim sözümə qulaq as! Qurtaraq bu məktəb məsələsini. Atestatını al, otur evdə, anana kömək elə. Bu gün sabah gəlib aparacaqlar səni, nəyisə bacarmasan, deməsinlər anası öyrətməyib, atası danlamayıb. Üzümüzü ağ edərsən. Camaatın balası beşcə sinif oxuyub, on beş yaşında aldılar, apardılar, bu dəqiqə qəsəbənin adlı-sanlı ailələrin birində gəlindi. Gələcəyin üçün çalışırıq bala. Ağlını başına cəmlə.

Deməyə sözüm qalmamışdı. Deyəcək söz də tapa bilmirdim. Hətta, deməyə söz axtarmaq belə istəmirdim. Yorulmuşdum, ölü kimi yorğun idim. Atamın gələcəyə olan ümid dolu qonur baxışları mənim üstümdə əzrayılın əlləri kimi gəzirdi. Məni nə gözlədiyini çox yaxşı başa düşürdüm. Amma başa düşmüşdümsə, bu o demək deyildi ki, razılaşmışdım. Atamın dedikləri qulağıma xarab olmuş radio dinamikindən çıxan xışıltılı, zəhlətökən səs kimi gəlirdi. Qulaq asmırdım, amma narahat edirdi. O qədər narahat edirdi ki, az qalırdım radionu götürüb divara çırpım. Amma danışan atam idi axı. Ona heç nə edə bilmirdim, zərrə qədər heç nə. Yalnız möhürlənmiş dodaqlarımı bir-birinə sıxırdım, gözlərimi bacardıqca məni daha çox maraqlandıran əşyalara doğru yönəldirdim və çalışırdım ki, onun dediklərini qəti surətdə beynimin tək bir hüceyrəsinə belə qəbul etməyim.

Məni duyğusuz insana - vəhşiyə çevirməyə müvəffəqiyyətlə nail olan atam rahatca çayını qurtumlayıb çörəyini yeməyə davam elədi. Mənsə betonlaşmış ruhumu qollarımın arasına alıb onu son dəfə möhkəm-möhkəm qucaqladım. Mərhəmətimi, duyğularımı götürüb özüylə göylərə apardı ruhum. O azad oldu, çıxıb gedə bildi. Bəs mən? Mən də oturub boş-boş göz yaşı tökməyimə davam elədim.

Qanqal ÇiçəyiNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ