Bölüm 5

167 20 108
                                    

Gözümə düşən səhər günəşinin ilıq şüaları məni yuxudan oyatdı. Mətbəx masasında, kağızların arasında yatıb qalmışdım. Mənzilin geniş pəncərələrindən görünən, duman içindəki şəhərin uzaqlardan seçilən hündürmərtəbəli binalarının başına hələ təzə-təzə işıq düşürdü. Açıq qalmış pəncərədən içəri sərin meh əsir, yemək masasının üstündəki atlas süfrəni yelləyirdi. Qurumuş boynumun ağrısı belə mənim bu mənzərəni görüb heyran olmağıma mane ola bilməzdi. Gözlərimi yumub sıxılmış sinəmə mehin gətirdiyi səhər əsintisini doyunca çəkdim.

Təzəcə evdən hənirti səslərinin gəldiyini eşitməyə başlamışdım. Arxamdan gələn addım səsləri getdikcə yaxınlaşırdı. Başımın üstündə əmələ gələn kölgəliyi hiss edəndə çiyinlərimə toxunan örtük bütün bədənimi qucaqladı. Elə örtənin özü də əyilib məni necə qucaqladısa, heç yerimdən tərpənib görüşmək istəmədim. Tərpənmədim ki, oyandığımı hiss eləməsin, beləcə uzun müddət qala bilərdim.

Məni qucaqlayan adam gülməyə başladı. Gözlərim hələ də o möhtəşəm mənzərəyə ilişib qalmışdı. Saniyələr içində hansısa əşyaya, havaya, ya da musiqiyə ilişib bu anı həmişəlik zehnimə sancmaq istəyirdim. Təlaşlı gözlərim hədəqəsindən çıxacaqmış kimi axtarışda idi. Ancaq qəfil qaynayan dəmliyin fiti bütün sehri pozdu. Məni qucaqlayan adam dikəldi, saçlarımı qarışdırıb dəmliyin altını söndürdü. Sonra boğazını arıtlayıb:

- Həmişə demişəm də, daş da olsa üstündə elə qəşəng yatarsan! Qurumadın sən Allah? - güldü.

Tərpənmədiyimi görüb gəlib böyrümdən dürtmələdi.

- Ay qız, oyaq olduğunu bilirəm. Dur. Dur görək, İrəm Yusifin belindən düşmür. Səhərdən at kimi çapır yazığı. Nə vaxt öyrətmisən ona cəngavər olmağı? Hm? - deyib masadakı xurmalardan birini ağzına atdı.

- Nə vaxt gəlmisiniz? - başımı qaldırmadan mırıldandım. Boynum elə bərk ağrıyırdı ki, başımı qaldırsam qışqıracaqdım.

Gəlib qabağımdakı masada əyləşdi. Üzümə tökülən saçlarımı kənara çəkib dayanmayan ağzını şappıldadırdı.

- Elə on beşcə dəqiqə olar. - Qrafindən özünə su töküb qurtumladı. - Boynun ağrımır?

- Off! Ölürəm Rəvan, dincəl day.

Bir xurma da atdı ağzına. Başını açıq qalan pəncərə tərəfə çevirib bir müddət əsən mehin təmiz havasını ciyərlərinə çəkdi. Yana daradığı qıvrım sarı saçlarını külək tərpədirdi. Gözlərindəki eynəkləri barmaqlamaqdan kir içində idi. Ağappaq əlləri tərtəmiz, masadakı ləbləbi qabından çəkilmir, ağzı boş durmasın deyə elə ora-buranı axtarırdı. Ələddinin çırağından çıxan cin kimi dumanlı gözlərimin qabağında peydə olmuşdu, o. İndi barmaqlarını şıqqıldadıb arzularımı yerinə yetirəcəyi anı gözləməkdə idi.

Ona bu qədər uzun müddət baxdığımı çoxdan hiss eləmişdi. Bəlkə də ona baxmağı nə qədər xoşladığımı özü də bilir, amma heç vaxt üzə vurmamışdı. Ona görə Luvr Venerası idi elə bil, heykəl kimi dayanmışdı gözlərimin qabağımda.

İçəri otaqda hay-həşir salmış Yusiflə İrəm oynamaqdan heç vaxt doymadıqları üçün ağızlarına bir tikə atmaq yadlarına da düşməzdi. İki uşaq bir-birinə qoşulub öz dünyalarında dördnala çapırdılar. Ayağa qalxıb örtüyü divanın üstünə atdım. Rəvan üzünü mənə çevirib baxmağa başladı.

- Aidə sabah gələcək. Azadəni də dedim özüylə gətirsin. İrəmlə başlarını qatarlar. Yusif yazıqdı, səhərin gözü açılandan İrəm əl çəkmir kişidən - deyib pıqqıldadı.

Qanqal ÇiçəyiWhere stories live. Discover now