Bölüm 6

308 31 125
                                    

2003-cü ilin bazar ertəsi, 9A sinfi.

-Bundan sonra dərsiniz var, uşaqlar? - məktəbin zəngi çalınanda sinfin yarısından çoxu artıq hay-həşir salmağa başlamışdı. Yəni bugünlük dərs planımız sona çatmışdı. İngilis dili müəllimimiz Kamal müəllim, əlindəki kiçik dəftərçəni büküb bir də sinfə baxdı. Otuz nəfərin arasından mənim ədəbiyyat kitabının içinə girmiş başımı lap aydınca seçə bilmişdi.

Ulduzun bu gün kefi yoxdur, deyəsən, hə, Ulduz? - elə bil qurbağa gölünə daş atdılar. Arxa partalardakı pıçıltıları saymasaq.

Başımı qaldırıb müəllimin tər-təmiz qırxılmış parıldayan üzünə baxdım. Diqqətlə üzümə baxırdı.

- Az, səni çağırdı müəllim, fikrin hardadı, boy! - Humay qoluma dirsəyi ilə vururdu. Yuxu tökülən gözlərimi qızın gözlərinin içinə zillədim. Tez üzünü başqa tərəfə çevirdi. Çevirməsə, axrı yaxşı qurtarmazdı.

- Fikrim sizdədir, müəllim. - deyib əlimi çənəmin altına qoydum. Hələ də mürgüləyirdim.

Kamal müəllim gülümsədi, gözünü sinifdə bir müddət gəzdirdi, sonra yenə qalın, boğuq səsi ilə bayaqdan demək üçün sakitlik axtarırmış kimi əllərini bir-birinə çırparaq sözə başladı:

- Üçüncü gün ikinci saat hamı hazırlaşsın, sınaq imtahanımız var. Görüm də! Yarımilliyə kim qəşəng, belə samballı hazırlaşacaq.

Sinif ayağa qalxanda müəllim artıq otaqdan çıxmışdı, Humay də mənim qoluma girib (hələ heç yerimdən qalxmamışdım) darta-darta mağazaya aparmaq istəyirdi. Demək olar ki, hər dərsdən çıxandan sonra mağazaya gedərdik. Mən əksərən heç nə almazdım. Pulum yox idi çünki. O isə bütün mağazanı gəzər, məni də arxasıyca sürüyər, sonra iki dənə kriker alıb çıxardı. İkisini də özü yeyərdi, "Lap ölürəm bu yaşıl rəngdə olanlarından, həm acı, həm də ədviyyatlı!" deyib möhkəm marçıldadardı ağzını.

Yol boyunca söhbətləşərdik (çox vaxt o danışardı), ən çox da Rəvan barəsində. Hündürboy, yaraşıqlı, saçları açıq-şabalıdı, (hamı onu "sarışın" deyə çağırardı) dalğalı, dərisi ağappaq oğlana elə vurulmuşdu ki, gəl görəsən! Hələ o bozumtul gözlərini demirəm! Sinifdə əlaçılardan biri idi. Elə bu xüsusiyyəti Humayın gözünə girmək üçün kifayət eliyərdi. Gəl gör ki, Rəvan nə qız, nə çənə vurmaq, nə özünə əl qatıb könül oğurlamaq (hansı ki, bunu heç barmağını tərpətməyəndə də çox yaxşı bacarırdı), nə də çəhrayı rəngdə olan heç nəyi bəyənməzdi. Onunki ancaq arxa partada oturmaq, bütün günü test tapşırıqları ilə əlləşmək, bir də arada futbol oynamaq üçün bizim həyətin qonşuluğundakı böyük açıq sahədə o yan-bu yana qaçmaqdan ibarət idi. Hərdənbir həyətdəki yelləncəyimdə oturub şəkil çəkəndə, (bir neçə dəfə olmuşdu) onun qan-tər içində, təngnəfəs, elə bir o qədər də tükənməz qüvvə ilə oynadığını izləmişdim. Bəzi uşaqlar qışqırır, qulaqlarımın eşitməməli olduğu o ağır sözləri işlədir, bir-birini hədələyirdilər. O isə susurdu. Elə bil, heç onları eşitmirdi, ancaq başını aşağı əyir, istidən az qala buxarlanan bədənini üfürərək soyutmaqla məşğul olurdu.

Yorğun olmağına baxmayaraq, siması necə olurdusa, mübariz ifadəsini əsla itirmirdi, ancaq güclü üz cizgilərinin arada səyridiyini hiss edə bilirdim. Bağçamızın ağacları çəpəri tam örtmədiyinə görə, hərdən onun əyilib dizlərindən dəstək alaraq nəfəsini asanlaşdırmağa çalışdığı zamanlar üzünü lap rahat görə bilirdim. Onun qədər məni də həyəcan basırdı. Saçları bir-birinə qarışmış, qaşları çatılmış, yanaqları qıpqırmızı qızarmışdı. Əlimdəki karandaş saniyələri dəyərləndirərək bu aydın görüntünü vərəqdə qaralayırdı. Qaralama qaraldıqca mən daha da həyəcanlanır, rəsm etdiyim sima ona oxşadıqca ürəyim az qalırdı ağzımdan çıxa.

Qanqal ÇiçəyiWhere stories live. Discover now