31. Səma məcaraları.

536 80 11
                                    

Multimedia (musiqi) - London Grammar - Hey Now

Səma bir gününü sadəcə yataqda uzanaraq ya da yataraq keçirtdi və bir az özünə gəldi. Bəzən Lalə yanına gəlir, ona yemək gətirir, ordan - buradan söhbətləşir, Səma ilə gülüşüb, gedirdi. Səma, demək olar ki, daimi qaldığı otağına, onu sıxan ağ boyalı divarlara öyrəşmişdi. Deyilənə görə insanlar gec - tez alışırlar, kiminsə, nəyinsə yoxluğuna və ya varlığına. Lakin Səmada bir istisna var idi. O, yaxınlarının yoxluğuna və Voskresin varlığına hələ də alışa bilmirdi, bunu heç istəmirdi də.

Sabahkı gün isə o, Lalə ilə səhər yeməyi üçün mətbəxə düşdü. Evin özü kimi mətbəx də çox geniş idi. Ağ divarlar üzərində qara və qırmızı tonlarda mətbəx rəfləri sıralanmışdı. Mətbəxin mərkəzində isə ağ rəngdə uzun bir masa var idi. Və bu masa ətrafında başı söhbətə, ağzı isə yeməyə qarışan təxminən 7 - yə yaxın gənc qız var idi. Onlar Səmanı görən kimi söhbətlərini dayandırıb maraqla mavi gözlü qıza baxdılar. Mavi gözlü isə 7 cüt gözün ona yönəlməsindən bir az sıxılsa da, Lalə tez diqqəti özünə çəkdi:

- Qızlar, tanış olun, bu, yeni qızımız Səma,- Lalə gülərək əli ilə Səmanı önə çəkdi. Bununla diqqət yenidən Səmaya qayıtdı. Səma ümumi olaraq "Salam" deyib kiçik gülümsəmə ilə kifayətləndi.

- Salam, Səma. Aramıza xoş gəldin, mən Nigar,- qısa saçları, iri gözləri olan xoş simalı qız şirincəsinə gülümsədi və əli ilə stola dəvət etdi. Səma bir az rahatlanıb Lalə ilə birgə stol arxasına əyləşdilər. Hər bir qız qısaca adlarını dedi. Bəziləri sevinclə, bəziləri isə vecsizcəsinə.

- Gözlə, sən o Voskresin sevimli olanısan? Neçə aylardır səni tutmağa çalışdıqları və hətta Voskresin verdiyi cəzadan belə tez çıxan o qız? - qara, uzun, düz saçlı, buğdayı qız şübhə dolu baxışlarla Səmanı süzdü. Səmanın üzündən bayaqkı təbəssüm tədricən itib ciddi sifət aldı. Gözlərini Aysel adlı qızda dayandırıb:

- Bəli, o mənəm. Nəsə problem var ki, Aysu? Hə, Aysu idi də adın? - Səmanın dava - dalaşla çox da arası olmasa da, necə isə həmin qızı qıcıqlandırmalı idi, necə ki Aysel ona söz atırdı. Və adını səhv demək əla qıcıqlandırma yolu idi, ona görə. Uşaqcasına, təhlükəsiz yol.
Aysel hirslə Səmaya baxıb:

- Xeyr, canım. Adım Ayseldir. Ay - sel. Bəs niyə məhz sən? Səndə nə fərqlilik var ki, hə, Səma? - Aysel istehza ilə gülümsəyib cavabı gözləməyə başladı.

- Aysu, Aysel nə fərqi var? Əsas odur, Ay - la başlayır və aramızda Aysu adlı bir qız yoxdur ki sənlə səhv salaq. Elə deyil?- Səma kiçik bir gülüş atdı. Digərləri isə təəccüblə bu iki qızın söz davasına baxırdılar,- sualına gəldikdə isə, əgər bu sual səni bu qədər maraqlandırırsa, cavabını məndən deyil, Voskresdən alarsan. Yəqin ki onunla çox yaxınsan,- Səmanın zəfər qazanmış kimi dodaqları qıvrıldı. İndi daha sual verməzdi, çünki yaralı yerindən vurmuşdu. Voskresə kim cəsarət edib sual verə bilərdi ki?! Lalə Voskresin bu qızlarla əlaqəsini ona izah etmişdi. Və "yaxın" sözü mənasında Aysel hər şeyi anlamış olardı. Əslində, Səma bunu deməyə də bilərdi, amma Aysel kimi qızları çox yaxşı tanıyırdı. Ağzının payını verməsən, səni iynələməkdən yorulmazdı, daha da həzz alardı sancmaqdan. Halbuki Aysel də çox yaxşı məqsədlər üçün orda deyildi və Səma onun bu lovğalığını anlaya bilmirdi. Və onun Aysellə belə kobudluğunu həm də bir neçə gün ərzində baş verənlərə qəzəbi ilə də əlaqələndirmək olardı.

Səhər yeməyinin digər hissəsi sakitçiliklə keçdi. Sonra qızlar zala yığışaraq divanda oturub öz həyat hekayələrini, buraya necə gəldikləri haqda danışmağa başladılar. Bəziləri, ümumiyyətlə, bu haqda danışmaq istəməyib sadəcə dinləməklə kifayətləndi. Bu siyahıya Aysel də daxil idi. Danışanların hər birinin isə hekayəsi çox üzücü idi. Sıra Səmaya çatanda isə o bir anlıq dayandı. Həqiqətləri o özü belə dəqiq bilmədən qızlara nə isə danışa bilməzdi. Yalan uydurmalı idi. Amma Səmanı otağa girən gənc oğlan xilas etdi.

- Hərə öz otağına getsin. Ləman, sən isə mən ilə gəl. Cənab səni çağırır.

Hər bir qız dərhal otaqlarına dağılışdı. Sarışın Ləman isə sakitcə oğlanla zaldan çıxdı.

- Səma, gəl, biz də gedək,- söyləyərək Lalə sarışının arxasınca baxan Səmanı qolundan tutub otağına apardı. Səma Voskresi o gündən bəri görmürdü. Bir tərəfdən buna sevinsə də, düşünürdü ki, bəlkə bu, fırtınadan əvvəl sakitlikdir.

Səmaya qaldığı evin yalnız 3 mərtəbəsi məlum idi. Evi bütünlüklə gəzmədiyinə görə digər mərtəbələrin mövcudluğundan da xəbəri yox idi. Lalədən soruşmaq isə riskli məsələ idi, çünki şübhə doğura bilərdi. 3 mərtəbənin dəhlizləri isə demək olar ki, boş və dizaynsız sayılardı. Birinci mərtəbədə mətbəx, zal və s. kimi otaqlar, ikinci mərtəbədə qızların otaqları var idi, üçüncüdə isə Səma Voskresin gördüyü otaqdan başqa otağı görməmişdi.

***

Səma gecə yarısı oyandı və deyəsən, yuxunun daha gəlmək fikri yox idi. Bir az boş - boş tavanla baxışdıqdan sonra qalxaraq vanna otağında üzünü yuyaraq olan - qalan yuxuluğunu da apardı. Gecə paltarının üstündən soyuq olmasın deyə jaket geyinib otaq qapısını yoxladı və onun nə əcəb isə açıq olduğunu gördü. Səma onsuz da buradan qaça bilməyəcəkdi. Lakin bu o demək deyildi ki, Səma evi və bütün otaqları gəzə bilməz..

Yavaş addımlarla dəhlizə çıxdı. Gözləri qaranlığa öyrəşənədək bir yerdə dayandı, sonra isə irəliləməyə başladı. Lalədən götürdüyü kiçik fənəri yandıraraq pilləkən olan tərəfə getdi. Barmaqlarının ucunda pilləkəni qalxa - qalxa, bir tərəfdən də qorxurdu. Bəzən arxasına baxır, orda heç kimin olmadığını görərək yenidən gedirdi. 3-cü mərtəbədən sonra 4cü mərtəbənin olması Səmanı sevindirmişdi. Lakin diqqətlə baxdıqda buranın sadəcə son mərtəbə deyil, dam olmasını anladı. Burda sadəcə bir otaq var idi. Və dəli şeytan Səmanın marağını o qədər artırdı ki, mavigözlü otağa yaxınlaşmağa cürət etdi. Lakin qapı bağlı idi. Səma hirsindən qapının aşağısında yerləşən xalçaya ayağını sürtdükdə xalça qatlandı və Səmanın gözünə nəsə parıltılı bir şey göründü. Bu, açar idi. Səma sevinclə gülümsəyib açarı götürərək asta hərəkətlərlə qapını açdı, qapı açılanda gələn "çık" səsi ilə Səma dodağını dişlədi. Ona elə gəldi ki, bu səsi bütün ev eşidib və oğrun - oğrun ətrafına baxıb otağa daxil oldu.

Fənərlə işıq qoşulan yeri taparaq işləyib - işləməməsini yoxladı. İşləmirdi. Fənərin ağ işığı ilə ətrafa göz gəzdirəndə kiçik masa və üzərində masa lampası gördü. Mənbəyini ştepselə (rozetkaya) qoşduqda, artıq otağın bir hissəsi işıqlandırılmışdı. Otaq çoxdandır işlədilmədiyindən, bozarmış və toz basmışdı. Bura daha çox hansısa kabinetə yaxud sadəcə sakitçilik tapma yerinə bənzəyirdi. Otağın dama uyğun olan maili tavanı sökülmüş, müxtəlif fiqurlu yamaqlar yaranmışdı. Digər tərəfinə baxdıqda isə uzunsov qara rəngli kitab rəfi Səmanı dərhal cəlb elədi. Rəf başdan ayağa tozlu kitablarla dolu idi və daha çox rus yazıçıları A.S.Puşkin, Lev Tolstoy, F.Dostoyevskinin, həmçinin digər xarici yazarların kitabları da var idi. Səmanın gözünə Azərbaycan yazıçıları olan C.Məmmədquluzadə, C.Cabbarlı, İ.Əfəndiyevin də bir sıra kitabları göründü. Səma maraqla barmağını kitabların üstündən sürüşdürüb əziz yazarı İ.Əfəndiyevin kitabında dayandı. Qalın kitabı əlinə alıb dərindən üfürərək kitabı basmış tozdan xilas etdi. Sonra isə dərindən sevimli qoxusu olan köhnə kitab qoxusunu içinə çəkdi. Həmişəki kimi, maraqcıl olduğundan kitabın son səhifəsini açdıqda arasında qəhvəyi rəngli dəftər gördü. Masanın tozunu əli ilə təmizləyib, sonra əllərini bir - birinə vurub tozu çırparaq stula əyləşdi. 40 vərəqli köhnə dəftəri masaya qoyub ilk sarımtıl səhifəsini açdı. Kiril hərfləri ilə saralmış kağızda yazı yazılmışdı. Bu xətt Səmaya çox doğma olan insana məxsus idi...

Salamlar. Düz, 13 gündür ki, yeni bölüm gəlmirdi. Buna əsaslı və əsassız səbəblərim olub. Sent. İn 15 -17 - i, ilk gündən ağır dərslər, 13 - 14 - yeni məktəb stresi, 11 - 12 - son gəzməklər, digər bir həftə "Watty_aze 2015" yarışına görə hekayə yazmağıma getdi. Süjet hazır olsa da, dəfələrlə əlavə və s.lər Etmişəm. Hm, qalan digər günlər elə "Sənə inanıram" ı yazmağa, instagram wattpadaz səhifəsi üçün hekayələr paylaşmağa və tənbəlliyə getdi. Üzrlü sayın. Yeni bölüm də bilirəm, bir o qədər maraqlı alınmadı, hətta quru alındı. Hamısı dərslərə görədir! -.- (atdım onun üstünə :D) Hər nə isə. Gecəniz xeyirə qalsın. Şirin yuxular. Hələlik. Hekayədə qrammatik səhvlər olsa, bağışlayın, gözlərim yuxuludur, görməyə bilərəm)) #Ayan

Sənə İnanıramWhere stories live. Discover now