17. Qısqanclıq alovu.

655 121 14
                                    


Bu tanış siluet qısa müddət ərzində Səmanın qəlbini normaldan daha tez döyünməsinə, Onu görəndə səbəbsiz gülümsəməsinə, O, Səmaya gülümsəyəndə isə onun daxilində "kəpənək uçuşması"na səbəb olan biri idi. Siz soruşacaqsınız ki, bu qısa müddət ərzində bu lənətə gəlmiş, insanı həm xoşbəxt edən, həm əzab verən, yalnız kitablarda oxuduğumuz, filmlərdə gördüyümüz, "Sevgiyə inanmıram! " deyə - deyə ona qəlbimizin lap dərinliklərində inandığımız Sevgi adlı məhfum Səmada haradan yaranıb? Bəs o söz vermişdi ki, daha sevməyəcək? İnanmayacaq? Nə oldu axı birdən-birə o soyuq davranan qıza? Biz - insanlar çox şey deyə bilərik! Amma bu sevgi insanın dediyi ilə oturub - duran bir hiss deyil axı! O, xəbər vermədən gəlir, qəlbdə düzəlişlər edir, köhnə yaraları sağaldır, qayğısını çəkir, amma birdən gedir. Getməyi ilə də hər şeyi məhv etməyi bir olur: Təzə yaralar da açılır, köhnələr də qanayır. İndi Səmada hələ sevgi getməmişdi. Sevgi öz oyununu təzə başlamışdı. Onun Səmaya aid planları vardı, hansı ki siz bu haqda sonra xəbərdar olacaqsınız.

Səma lap ilk baxışdan Fərhaddan xoşu gəlmişdi. Bu gəncin gözlərinə baxanda Səma qeyri - ixtiyari ona bütün qəlbi ilə inanıb güvənmişdi. Səma bunu nə qədər israr etsə də, bu dəyişməz bir şey idi. Hətta Səmanın özü bu hislərinə təəccüb etmişdi, buna inanmaq istəmirdi, amma bu belə idi.

İndi bu oyununun baş qəhrəmanı olan Fərhad gözəl bir qızla parkın yaxınlığında söhbət edirdi. Qıraqdan bu adi bir söhbət idi. Amma baş qəhrəmanı sevən Səma təzə gələn, onun qəhrəmanını ələ keçirməyə can atan və artıq olan obraza heç də şad deyildi. Qız bu soyuq havada ayaqlarını güclə örtəcək ətək, nazik gödəkcə və onun altında isə sinəsinin yarısı bayırda qalan köynək geyinmişdi. Səma hirsindən gözlərini qıyaraq ürəyində "Vacibdir axı soyuqda hər yerini oğlanlara göstərəsən!" demişdi.

Dünyadan xəbəri olmayan qızı Səma fikirlərində o uzun, düz, qara saçlarını yolmuşdu, saçını keçəl qırxıb qaynar bir qazana salıb o ki var qaynatmışdı, sonra elə bu bəs deyilmiş kimi dərisini çıxartmışdı və s. Bütün bunlar xaricdən mələk üzlü görünən qızın başında baş verirdi. Bəli, qısqanc qız bütün bunlara qadirdir, ona görə ya ondan uzaq olmaq, ya da yanından heç getməmək lazımdır.

Səmanı Fərhadın o qızla danışması yandırmırdı. O, ona hirslənirdi ki, bu qız arsız - arsız Fərhada gülümsəyir, onunla flirt etməyə çalışır, bu gənc oğlan isə ona qarşılıq verir. Bəs o qəmgin üzlü, Səmanın ona inanmağını, güvənməyini istəyən Fərhad hara yoxa çıxıb? Deməli, bütün oğlanlar eyni imişlər! Səmanı hirsindən soyuq havada isti basmışdı, birinci gedib onlara öz "gözəl" sözlərini demək istəsə də, sadəcə susdu.

Çətinliklə də olsa, gözlərini "sevimli" cütlükdən ayırıb bulkasına baxdı. Daha doğrusu, bulkanın qalıqlarına... Heç xəbəri olmadan şirin bulkanın hamısını yeyib qurtarmışdı. Qolundakı saatına baxdı. Saat 19:23 idi. Yadına düşdü ki, bara getməlidir.

O qədər parkda oturub xəyallara dalıb ki, saatdan xəbəri olmayıb. Cütlüyə baxanda artıq onlar görünmürdülər, yəqin ki, getmişdilər. Fərhada hiss etdiyi qısqanclıq hissi tamamilə fərqli gəlirdi Səma üçün. Məsələn, Cəmili rəfiqəsi Aynur ilə görəndə o, sadəcə aldadıldığı üçün incimişdi. Amma Fərhada qarşı olan sevgi tam başqa idi. Amma bəs həqiqətən qarşılıqlı idimi?

Yanına baxanda qovluğu gördü. Ona baxmağı tamamilə unutmuşdu. Hamısı da fikrə dalmasının üzündən. Qovluğu çantasına qoyub taksi axtarmağa başladı.

Avtobusla getməyi heç sevməzdi, çünki oradakı cürbəcür insanlar onu baxışları ilə sıxırdılar. Hələ hərəsi bir tərəfdən ağzıaçıq Səmanı gözləri ilə yeyib və yaşlı qadın dura - dura guya centlmenliyini göstərmək üçün Səmaya yer verən oğlanları təsəvvür edəndə lap dəli olurdu.

Sənə İnanıramWhere stories live. Discover now