4. Yeni həyata ilk addım.

1K 124 26
                                    


Səma şən halda evinə qayıdırdı. Günəşin şəfəqləri onun gözəl saçlarına əlavə rəng, parlaqlıq verirdi. Külək olduğundan isə uzun saçları küləyin istiqamətilə uçurdu. Səma başıdik, inamlı hərəkətlərlə gedirdi və üzü xoşbəxtlik saçırdı. Buna görə uşaqdan böyüyə hamının diqqətini cəlb edir, hətta bəziləri ona baxıb özlərindən asılı olmayaraq gülümsəyirdilər də. Cəmili, demək olar ki, unutmaq üzrə idi. Amma buna unutmaq deyil, sadəcə onsuzluğa uyğunlaşmaq, öyrəşmək demək olardı. Qəlbi daha göynəmirdi. Düzü, Cəmilin yoxluğuna belə tez öyrəşəcəyinə o heç özü də inanmırdı. Cəmil də daha zəng vurmurdu. Bu bir tərəfdən yaxşı, bir tərəfdən pis idi. Çünki Səma az da olsa, Cəmilə heç də lazım olmadığını hiss etdi. Demək, Cəmilə sadəcə onunla vaxt keçirmək lazim idi. Vəssalam. Səma da Cəmilə istədiyini verməyəndən sonra, əlbəttə ki, Cəmil də onu atdı. Başqa variant yox idi. Cəmillə bir iş görüşündə tanış olmuşdular. O zaman Cəmilin danışığı, hərəkətləri, nəvazişi Səmanı valeh etmişdi. Amma sevgili olandan sonra Cəmil sanki başqalaşmışdı. Səmaya diqqət yetirən, dəyər verən Cəmil isə yox olmuşdu. Deməli, Səma bəlkə də Cəmili heç sevməmişdi. Məktəb vaxtlatında deyilən "sevgi"yə bənzəyirdi Səmanın sevgisi. Yəqin, ona görə Cəmili unutmaq belə rahat oldu.

Daha sonra Aynurla tanışlığını xatırladı. Onunla da kafedə tanış olmuşdu. Səma təsadüfən, ehtiyyatsızlıqdan Aynurun üzərinə kofe dağıtmışdı. Üzrxahlıq üçün də Aynur israr etsə də, Aynurla birgə mağazaya gedərək ona yeni köynək almışdı. Aynurun uzun tünd qəhvəyi, dalğavari saçları vardı. Aynur da ilk başdan gözəl insana, yaxşı rəfiqəyə bənzəyirdi. Amma Səma aldanmışdı əlbət. Küçədə belə fikirli- fikirli gəzdiyinə görə onu maşın vurmamasına həm təəccüb, həm də şükür etdi. Sonda evinə çatdı.

Evə girib Ağpəncəni sığalladı, cəld ona yemək verdi. Çünki Ağpəncə ac olanda Səmaya oturmağa belə imkan vermirdi. Səma əl - üzünü yumaq üçün vanna otağına girdi. Yenə özüylə güzgüdə qarşılaşdı və köhnə, şən Səma, deyəsən, yenə qayıtmışdı. Amma içində sanki bir şeyin artıq olduğunu gördü. Yeni həyata qədəm qoymaq üçün bu ilk addımı atmalı idi. Gözləri ilə nə isə axtarırdı, şkaflara bir - bir göz gəzdirib sonda istədiyini tapdı. Güzgüdəki uzun saçlarına son dəfə baxıb qayçıyla gözünü qırpmadan kəsdi. Sanki təkcə çiynindəki deyil, həm də xəyallarındakı, qəlbindəki, ümidlərindəki o ağırlıq, yorğunluq hissi də saçlarla birgə yox oldu. İndi daha sevincli görünürdü. Telefonunda sevdiyi pleylisti qoyub nəğmə oxuya - oxuya əşyalarını yığmağa başladı.

Səhər 07:00 - da Səmanın reysi idi. H.Əliyev adına hava limanına çatdıqdan sonra Ağpəncəni xüsusi qəfəsdə heyvanlar üçün ayrılan yerə təhvil verib təyyarəyə daxil oldu. Öz yerinə əyləşib nə zaman uçacaqları anı gözləməyə başladı. Yan oturacağa bir cavan oğlan da əyləşdi. Oğlan yan-yörəsinə baxıb Səmanı başı ilə salamladı. Səma bu oğlanı başdan-ayağa süzdü: Qara saçlı, hündür, 24-26 yaşlarında biri idi. Oğlanın da ona baxdığını sezdi. Oğlanın dodağında ilk öncə qəribə bir gülümsə olsa da, sonra yoxa çıxdı.

- Salam, o yanınızdakı jurnalı mənə verə bilərsiniz? - deyə o, söhbətə başladı. Qalın, əsas da kişiyə xas səs tonu vardı.

- Əlbəttə, buyurun.

-Çox sağ olun, Moskvaya nə məqsədlə gedirsiniz? İş yoxsa ölkədən qaçmaq?

Səma bu qəribə suala gülümsünüb:

- Hər ikisi, amma daha çox uzaqlara qaçmaq məqsədilə gedirəm.

- Hə, məndə də işdir. Yaxşı, bəs bilmək olar niyə qaçırsınız? Sevgilinizdən, ailənizdən, dostlarınızdan? Hansı?

Səma bir az duruxub:

- Hər şeydən,- deyə cavab verdi.

- Yox, əslində, qaçmaqla düz seçim etmisiniz. Sizi sevməyən, dəyər verməyən insanların içində nə işiniz var ki? Baxın, əgər sizi sevməyən birinin qoynuna atılmaq istəsəniz, orda, əksinə, siz sıxılıb boğulacaqsınız. Həmişə nə olursa olsun, yaxşılığa doğru olur. Əgər sizdə onlarla alınmayıbsa, demək, Tanrı məsləhət görməyib. Buna görə çox da üzülməyin məncə,- deyə yaraşıqlı gənc gülümsədi.

- Məsləhətinizə və fikirlərinizə görə çox sağolun. Mən də, belə desək, Moskvaya həyatımda yeni səhifə açmaq üçün gedirəm.

- Çox yaxşı edirsiniz. Bu arada adım Fərhad.

- Tanışlığımıza şadam. Mənimki də Səma.

- Gözəl adınız var.

- Təşəkkürlər.

Səma yeni tanış olduğu bu oğlana çox tez isinişdi, amma söz verdiyi kimi, daha insanlarla məsafə saxlayacaq, onların da Səmanın qəlbinə çox yaxın buraxmayacaqdı. Səma artıq qəlbinə hündür sədd çəkmişdi və inanmırdı ki, bir də kimsə o səddləri aşa. Fərhadla daha danışmadı, heç o da söhbət açmadı. Moskvaya çatana kimi Səma başını kitab oxumaq, mahnıya qulaq asmaqla keçirtdi.

Sənə İnanıramHikayelerin yaşadığı yer. Şimdi keşfedin