- Bu çox mühüm məsələdir. Əgər davranışların şübhəli olsa qonaqlar bunu dərhal sezəcəklər.

- Açığı hələ də bacara biləcəyimi düşünməsəm də əlimdən gələni edəcəyəm. - əkiz B səmimiyyətlə gülümsədi.

- Yenidən bir tək özümün özüm olacağı üçün çox sevinirəm. - A əllərini bir-birinə çırpdı.

Və beləlikə ancaq ziyafəti gözləmək qalmışdı.

Kübar cəmiyyət üzvləri hər yerə gecikməyi sevirdi, bu səbəbdən qonaqlar dəvət edildikdə ziyafətin başlanğıc saatı olaraq 11:30 göstərilmişdi. Doğrudan da təxmin edildiyi kimi tam vaxtında sadəcə bir neçə mühüm olmayan qonaq gəlmişdi. Qonaqlar qapıdakı yoxlanışdan keçdikdən sonra xidmətçilərin müşaiyəti altında bağçadan keçir, malikanəyə daxil olur və malikanənin birinci mərtəbəsinin arxalarındakı nəhəng zala aparılırdılar. Bu zala daxil olmaq üçün iki qapı var idi, biri sadə bir qapı idi, digəri isə darvaza böyüklüyündəydi. Qonaqlar hər biri kiçik qapıdan içəri daxil oldular. Alt təbəqədən gələn qonaqlar və ya Niziyevlərin sərvətinə şübhə ilə yanaşanlar bu zalı gördükdə dilləri tutulurdu. Zalın tavanı çox yüksəkdə idi, zal 300 nəfərin rahatca sığışacağı qədər geniş idi. Divarların yuxarısında daxili balkonlar vardı, həmin balkonlara yemək masaları qoyulmuşdu. Zalın içinə 100-ə yaxın dairəvi, kiçik masa qoyulmuşdu, qonaqlar bu masaların ətrafında, ayaq üstə dayanacaqdılar. Ən irəlidə isə orkestranın ifa edəcəyi səhnə vardı. Niziyevlər bu gün üçün çox tanınmış ifaçıları çağırmışdı. Əvvəlki ziyafətlərə gələnlərin bildiyi kimi, həmin ziyafətlərin ən yaxşı yanı musiqiləri olurdu. Saat 12-yə doğru yaxınlaşdıqca əsas qonaqlar da gəlməyə başlayırdı. Əsas qonaqlar Nazilə xanımın gözlədiyi qədər əsas qonaqlar olmurdular. Məsələn Nazilə xanım əgər bir naziri qonaq olaraq gözləyirdisə ziyafətə həmin nazirin müavini gəlirdi. Üstəlik siyahıdakı şəxslərdən gəlməyənlərin sayı gələnlərdən çox idi. Evin xanımı və ziyafətin təşkilatçısı bu barədə hədsiz qəzəb duysa da bu hissini gizlədirdi. Gələn qonaqları zalda onunla birlikdə Rəhman Sabuzadə qarşılayırdı. Sabuzadə bu ziyafətlərin daimi iştirakçılarından idi deyə gələn qonaqlar onun burdakı varlığını qəribsəmədilər. Yenə də bəzi üstün zəkalı və ya hər şeylə maraqlanan bir neçə qonaq hələ qapıdakı yoxlanışdan burada nəsə qeyri-adi bir şey baş verdiyini sezmişdi. Saat 1-ə doğru artıq qonaqların tamamı zala yığışmış, zalın hər tərəfindən söhbət səsləri, şən gülüşlər eşidilməyə başlamışdı. Qonaqların sayını Nazilə xanım azı 300 olaraq hesablamışdı, hazırda isə zalda ümumilikdə 150 qonaq belə olmazdı. Bir anda xidmətçilər axın edərək servisə başladılar və orkestra da musiqi üçün hazırlaşmağa başladı. İndi bir tək Niziyevlər ailəsinin zala qədəm qoyması qalmışdı və hər şeyi göstərişlə etməyi sevən Nazilə Niziyeva bu anı da xüsusi bir mərasimə çevirmişdi.

Darvazaya bənzəyən iri qapılar açılmağa başladılar yavaş-yavaş. Bu qapıların açılması ətrafa qədim qala qapıları açılarkən çıxan səsi yayırdı, həmin bu səsin yayılması təsadüfi deyildi, beləliklə bütün qonaqların diqqəti ailə üzvlərinin gəlişinə yönəldilirdi. Qapılar tam açıldıqdan sonra Niziyevlər ailəsi yeyin addımlar və xüsusi bir zərafətlə zala daxil oldular. Ən ortada öz arabasındakı Nizami bəy vardı, o əli ilə çənəsinin altını oxşayıb ətrafa şübhə dolu baxır, bir növ kimin gəlib kimin gəlmədiyini gözdən keçirirdi. Onun arabasının arxasında arabanı hərəkət elətdirən xidmətçi, qəssab ləqəbli Rza adlı oğlan idi. Bir neçə dəqiqə əvvəl gözdən itmiş Nazilə xanım indi ailəsi ilə birlikdə yenidən zala daxil olurdu, o, əlini həyat yoldaşının arabasının qırağına qoymuşdu, üzündə qürurlu bir ifadə vardı, sanki bu giriş ilə bütün hər kəsə nəyisə sübut etmişdi. Qəfəsdəki bülbül Nəzrin Niziyeva da bu giriş mərasimi üçün otağından çıxarılmışdı. Qızın bıçağını əlindən almışdılar, Nazilə xanım qızın qoluna girmişdi, diqqətlə baxanlar Nazilənin öz qızını özünə tərəf çəkdiyini sezə bilmişdilər. Qız dinc görünürdü, kədərli gözlərini döşəməyə zilləmişdi. Qızı sadəcə göstəriş üçün otağından buraxmışdılar, bu həm ailənin bir yerdə olduğunu hər kəsə başa salacaqdı, həm də Nəzrinin gözəlliyi onların girişinə fərqli bir parlaqlıq qatacaqdı. Və Nəzrin bir bəzək aləti kimi istifadə edildikdən bir neçə dəqiqə sonra yenidən öz otağına aparılacaqdı. Nəzrinin yanında isə Həsən Kərimli dayanmışdı, özünü ziyafətə çatdıra bilmişdi. O da ailənin bir üzvü sayılırdı. Çoxları bilirdi ki, gələcəkdə ailə Nəzrini Həsən ilə evləndirmək istəyir, yenə də bu söhbət doğrulanmamış bir şaiyədən ibarət idi. Ailənin özü isə bu evliliyə müsbət baxsa da heç vaxt bu barədə söhbət açmamışdılar, yenə də Niziyevlərdə bir çox məsələdə olduğu kimi sözsüz-söhbətsiz əvvəl-axır belə olacağını hər kəs bilirdi. Həsənin solunda parlaq gülümsəməsi ilə Niziyevlər əkizlərindən Nizam dayanmışdı, o əllərini önündə birləşdirmişdi, ətrafa təbəssüm saçaraq qonaqlara salam verirdi. Qıraqda dayanan üç yeniyətmə qız həyəcanla Nizamı seyr edir, bir-birlərinə nəsə pıçıldayırdılar. Zalın ən küncündəki qadınlar belə onu görmək üçün yuxarı boylanırdılar, hətta ordakı qadınlardan birinin ürəyinin getməsinin səbəbi də deyəsən Nizam olmuşdu. Bəzi kişilər onu qısqanaraq başlarını çevirsələr də bəziləriysə ən az qadınlar qədər həyəcanla Nizamı izləyirdilər. Dəstənin ən sağında isə haqqında dəhşətli şaiyələr yayılan Nazim Niziyev dayanmışdı. Dedi-qodularda deyildiyi kimi əllərində qandal yox idi, nə də bir qatilə bənzəmirdi. Nizam qədər heyranedici görünürdü amma bir qədər də insanın içinə ürpərti salırdı. Qaşqabaqlı dayanmışdı, ailənin digər üzvlərindən fərqli olaraq libası parlaq deyildi, hətta daha çox yasa uyğun qara geyimlər geymişdi. Başını vecsizcə digər tərəfə tutmuşdu, əlləri ciblərində idi, belini önə doğru əyərək gəzirdi, bu duruşu da onun görünüşünə vecsizlik qatırdı. 

Qan rəngində almaHikayelerin yaşadığı yer. Şimdi keşfedin