Xəfiyyənin debütü.

Mulai dari awal
                                    

Qız qışqıraraq malikanənin qapısından çıxıb qardaşlarına doğru qaçmağa başladı. Polkovnik özünü artıq önündən çəkilə bilməyəcəyi və altında əziləcəyinə əmin olduğu yük maşınını gözləyirmiş kimi hiss edirdi. Digər iki polis əməkdaşı cəld davranaraq qardaşlarına çatmasına imkan vermədən qollarından tutub qızı zəbt etməyi bacardılar. Nəzrin çabalayaraq onların əlindən qurtulmağa çalışsa da bunu edə bilməyi fiziki olaraq mümkünsüz idi. Bütün bu cəhdlərdən sonra onun üst-başı dağılmış, saçları üzünün önünə tökülmüşdü. Qaçmağı bacarmayacağını anladıqda sakitləşdi. Qara saçlarının arasından nifrətlə ətrafdakılara baxdı. Onun qara göz bəbəkləri ağ vərəqə düşən qara boya kimi gözünün ağına yayılır, daha sonra öz dairəsinə çəkilirdi. Qız tir-tir titrəyən əlini qaldırıb öz plastik bıçağını leytenant və serjanta göstərdi:

- Əgər qardaşlarımı buraxmasanız ikinizi də öldürəcəm.

Müstəntiq gözlərini qısıb Nazilə xanıma irad dolu baxışlarla baxırdı:

- Həqiqətən çox zərif qızdır... Polkovnik, bəlkə bu komediyaya son verək?

Polkovnik Niziyevlər ailəsinin bağçasına addım atdığı andan bəri ruhunu bürümüş həmin qarışıq hisslər içində idi yenə. Bir anda heyran qaldığı Nizam adlı qardaşdan artıq iki dənə vardı qarşısında. Amma bu iki mükəmməllik örnəyindən biri qəddar cani idi. Hələ də daxilində bir səs bütün bu olanların bir yanlış anlaşılma ucbatından baş verməsini, iki qardaşdan heç birinin günahkar olmamasını diləyirdi. Hər kəsin "lənətli" deyə bildiyi bu ailə ona niyə bu qədər müqəddəs görünürdü, anlaya bilməmişdi.

- Davam edin. - deyə polkovnik əmr verdikdə leytenant və serjant qardaşların başını yenidən aşağı əyərək yola qoyuldular. Sanki bayaq yarım qalmış səhnə qısa bir fasilədən sonra eynilə davam edirdi. Nazilə xanım yenidən gah ora, gah bura qaçaraq yalvarırdı. Qardaşlar özlərinin qatil olmadıqlarını sübut eləməyə çalışırdılar. Nəzrin bu mənzərəni izlədikdə yenidən qışqırıb çabaladı və polis əməkdaşlarının qolları arasında özündən getdi. Onlar huşunu itirmiş qızı geriyə, malikanəyə doğru apardılar. 

- İndi bu kimdir? - müstəntiq bezmiş şəkildə irəli baxdı.

Darvazanın önündə, yolun tam ortasında biri dayanmışdı. Sağ qoltuğunun altında bir qovluq tutmuşdu. Qısaboylu, dolubədənli və qarabuğdayı biri idi bu şəxs. Solğun gümüşü rəngdə bir kostyum geyinmiş, qırmızı qalstuk taxmışdı. Qara tufliləri ay işığını əks etdirirdi. Adam qara saçlarını ortadan ikiyə bölmüş və səliqəylə yarısını sağa, yarısını sola daramışdı. Dodaqlarının üstündəki bığ yeniyətmə tükləri kimi idi. Gözləri yumulu idi və üzündə nəyi ifadə elədiyi bilinməyən sadə bir təbəssüm vardı. Polkovnik və yanındakılar ona doğru irəlilədikcə adam gözlərini belə açmadan tam sabit şəkildə dayanıb gözləyirdi. Cabbarov hər addımında yavaşlayırdı. Bu balacaboylu, sadə görünüşlü adam qapının önündə səmaya qədər uzanan qalın bir divar kimi dayanmışdı. Bu Mona Liza təbəssümü, bu yumulu gözlər keçilməz bir qalatək insanı dayanmağa sövq edirdi.

- Ah, şükürlər olsun, tam vaxtında gəldin. - onlar adamın qarşısına çatdıqda Nazilə xanım bu səfər həmin şəxsə tərəf qaçdı.

Hər kəs adamın qarşısında dayandı. Müstəntiq önə çıxdı:

- Özünü təqdim elə, vətəndaş.

Adam gözlərini açmadan cavab verdi:

- Mən bu ailənin vəkili hüquqşunas Həsən Kərimliyəm. Ailənin bütün əsas hüquqi məsələləriylə məşğul olan şəxslərdən biriyəm. Burada da o məsələlərdən biri yaşandığına görə mənə xəbər verildiyi anda özümü təcili sürətdə çatdırdım. - vəkil hər sözü xüsusi nəzakət əlaməti daşıyan bir səs tonu ilə vurğulayırdı.

Qan rəngində almaTempat cerita menjadi hidup. Temukan sekarang