Qaranlıqdakı siluet.

Start from the beginning
                                    

- Polkovnik, tərslik eləmə. Səni gözləyirəm.

***

Hava qaranlıqlaşmağa başlayarkən polkovnik Əkbər Cabbarov və yanındakı əməkdaşlar Niziyevlər ailəsinin üzvləri və xidmətçiləri ilə malikanənin daha geniş bir otağında toplaşmışdılar. Bu otaq yemək otağı idi, sol tərəfdə 40 nəfərin ətrafında rahatca otura biləcəyi uzun bir masa var idi. Masanın digər başında, otağın nisbətən işıq az düşən tərəfində əlil arabasındakı kök, böyük bığları olan kişi üzünü oğlunu həbs etməyə gələn qonaqlardan çevirmiş, divardakı nəhəng "Adəm və Həvva" portretinə baxırdı. Bu portretdə Adəm və Həvva ağacdakı qırmızı meyvəni təəccüb və maraqla incələyirdilər, ağacın budaqlarında isə bir ilan fırlanırdı. Cabbarov öz yanına müstəntiq və leytenantdan əlavə 3 polis əməkdaşı daha götürmüşdü. Digər polis əməkdaşlarının bəziləri isə qatil əkiz qardaş Nazim Niziyevin ola biləcəyi yerləri ziyarət edir, onu axtarırdılar. Polkovnikin isə evdə qatili gözləməkdən başqa çarəsi qalmamışdı. Çünki qatilin anası belə demişdi:

- O, bir az avaradır. Bəzən gec gəldiyi də olur. Amma mütləq gəlir. Bu gün də gələcək, görəcəksiniz. Mütləq gələcək. Çünki o, günahkar deyil.

Gün tamamilə batdıqda işıqlar yandırıldı. Açıq pəncərədən sərin axşam mehi otağın içinə doğru əsirdi. Xidmətçilər otağa daxil olub çıxır, masanı hazırlamaqla məşğul olurdular. Müstəntiq Konan Hill burada gözləməyin vaxt xərci olduğu qənaətində idi. Nəticədə qatilin kimliyi artıq onlara bəlli idi. İstər bura, istər başqa yer - onu asanlıqla tapa bilərdilər. Polkovnikin içində isə şübhə dolanırdı. Əgər Nizam adlı qardaşın qatil olduğunu sanıb onu həbs etməyə çalışmış və yanılmışdılarsa digər qardaş haqqında da belə yanılma şansları olduğunu düşünürdü. Nizam oturacaqlardan birini çəkib oturaraq bayaqkı həngamədə yarımçıq qalan kitabını oxumağa davam edirdi. Əllərindəki qandalı açmışdılar amma leytenant onun başının üstündən ayrılmırdı. Müstəntiq Konan Hill tədbirdən, polkovnik isə heyranlıqdan gözlərini Nizamdan çəkə bilmirdi. Nizam isə gözlərini sətirlərdə gəzdirərkən kədərli və narahat görünürdü, parlayan qırmızı dodaqları bükülmüşdü və teni normaldan daha çox bəyazlaşmışdı. Tək Nizam deyil, anası, atası və hətta hər bir xidmətçi hazırda özünü narahat hiss edirdi. Bu malikanənin üstünə qaranlıq bir kədər çökmüşdü amma bu kədərin bura heç də yad olmadığını hiss etmək olurdu.

Anidən pilləkənləri qaçaraq düşməkdən tənginəfəs olan xidmətçilərdən biri qapını aralayıb başını içəri saldı və ev sahibəsinə baxdı:

- Xanım, qızınız otağından çıxdı. O bura doğru gəlir.

Nazilə xanım həyəcanlanaraq əlini sinəsinə apardı. Nizam başını qaldırıb əlindəki kitabı bağladı. Daha da narahat görünən ana otağın içində var-gəl etməyə başlamışdı. Üzünü silahlı ziyarətçilərinə doğru çevirdi:

- Xahiş edirəm, qızıma burda olanlarla bağlı heç nə danışmayın. O, qardaşlarına həddindən artıq dəyər verir. Əgər bu hadisəni öyrənsə...

Qapı açıldı və içəriyə gerçək ola bilməyəcək qədər gözəl, 19 yaşında bir qız daxil oldu. Uzun, dalğalı saçları belinin aşağısına qədər uzanırdı, dərisi qar qədər bəyaz, saçları isə kül qədər qara idi. Uzun kirpiklərinin arasındakı göz bəbəklərində dərin bir boşluq vardı. Ağ-qara bir əlbisənin içində sanki ailəsi ilə axşam yeməyinə yox, bir maskarada qonaq olaraq gəlmişdi. Qız iki əlini sinəsinin üstündə birləşdirmişdi, əllərinin arasında bir mətbəx bıçağı vardı. Anası qızını qarşılayırmışcasına önünə qaçdı, onun üst-başını düzəldib, gözlərinin önünə düşən bir tutam saçı əliylə geriyə itələdi.

- Ana, bunlar kimdi? - qızın gözlərində kədər vardı, ətrafa belə baxmadan içəridə yad adamlar olduğunu anlamışdı həmin gözlərlə. Danışanda sadəcə bir nöqtəyə baxır və gözlərini qırpmırdı.

- Qonaqlardı, qızım. - anası gülümsəməyə çalışaraq cavab verdi.

- Qonaqları sevmədiyimi bilirsən. - qız incə və sakit səs tonuyla danışdı. Əgər diqqətlə dinləməsən onun nə dediyini eşitmək çətin idi. Başını çevirib gözlərini qonaqların üzərində gəzdirdi və onların hər birinə vecsizcə nəzər saldı:

- Mən yeməyimi otağımda yeyəcəm. - daxil olduğu qədər səssiz və vecsizcə çevrilib otağı tərk etdi.

- Necə də gözəl bir qız idi. Elə bil oyuncaq gəlincikdi. - onun gedişini izləyən leytenant Maqsud Səfərov dodağının altında mırıldadı. Leytenantın üz ifadəsindən ilk baxışda aşiq olduğunu görmək olurdu.

Masanın başında oturub vazadan götürdüyü üzüm salxımındakı üzümləri bir-bir ağzına atan müstəntiq olanları seyr edib bitirdikdən sonra qızının otağı tərk edişini izləyən Nazilə xanıma səsləndi:

- Xanım, bir söz soruşa bilərəmmi? Qızınız evin içində niyə bıçaqla fırlanır?

Nazilə xanım arxaya çevirib varlığını bir anlıq unutduğu ziyarətçilərə baxdı:

- O, çox zərifdi və... Və hər zaman özünü təhlükədə hiss edir. Buna görə uşaqlıqdan bəri özüylə bir bıçaq aparır hər yerə. Amma narahat olmayın, onun bıçağı sadəcə kauçukdandır, heç kimə ziyan verə bilməz... Artıq süfrə hazır olur. Polkovnik, yaxın əyləşin. Yanınızdakıları də süfrəyə dəvət edin. Nizam, sən yemək yeyəcəksən?

Nizam başı ilə yemək yeməyəcəyini bildirdikdən sonra kitabı qırağa qoyub ayağa qalxdı. Polkovnik isə bu ailədəki hər kəsin niyə bu qədər qəribə olduğu ilə bağlı düşünürdü. Sərt əsən soyuq külək bir anda vıyıltı ilə otağa daxil oldu və hər kəsi titrətdi. O anda otaqdakı işıqlar söndü bir neçə saniyəlik, bütün otaq qaranlığa qərq oldu. Pəncərələrdən düşən azca işığa baxmayaraq göz-gözü görmürdü. Pəncərənin önündə bir an peyda olan siluetin yaydığı auranın dəhşəti bayaqkı soyuqdan qat-qat çox titrətmişdi hamını. Heç kim nəfəs almır, bir kabusun içində sıxışıb qalmış kimi hərəkətsiz şəkildə işığın geri gəlməsini gözləyirdi. Sadəcə beş saniyə davam etmişdi bu qaranlıq, daha sonra işıqlar qayıtmışdı. Polkovnik ilk öncə bir halisunasiya gördüyünü sandı, əliylə gözlərini ovuşdurub bir daha baxdı. Otaqda iki dənə Nizam vardı və onlar bir-birlərinə baxırdılar. Tamamilə fərqsiz idilər, eyni paltarlar, eyni sima, eyni baxış, eyni duruş. Bir-birlərinə eyni təəccüblü ifadə ilə baxırdılar. Şokdan ayılan polis əməkdaşları vəziyyətin nə olduğunu qavrayıb qarşılarında bir yox, iki nəfər dayandığını anladıqlarında həmin şəxslərin üstünə cumub ikisini də yerə yıxdılar, hərəkətsiz vəziyyətə gətirib qandalladılar. Hətta soyuqqanlı Konan Hill belə əlini belinə bağlanmış tapançasına doğru aparmışdı. Nazilə xanım oğullarını yerə yıxıb qandallayan polislərin qarşısında əllərini yanaqlarına aparıb Edvard Munçun o məhşur rəsm əsərindəki kimi səssizcə qışqırırdı. Nəhəng portretin qarşısındakı ata heç başını azca çevirib arxadakı hadisələrlə maraqlanmadı belə. Səfərov onların başlarının üstünü kəsdirib tapançasının lüləyini gah biri tərəfə, gah digəri tərəfə çevirirdi. Qorxmuş görünürdü və alnında tər damlaları yaranmışdı. Qəzəblə qışqıraraq yerdə ağzı üstə yatan qardaşlardan soruşdu:

- NAZİM NİZİYEV HANSINIZSINIZ?

- Mən Nizamam! - belinə polis əməkdaşının dizi qoyulmuş və əlləri arxadan qandallı qardaş başını qaldırıb məsum baxışlarla və ağlamsınan səs tonu ilə belə cavab verdi.

- Yox, Nizam mənəm! - səliqəylə daranmış saçları üstünə polislər düşdükdə dağılmış qardaş halsızca başını qaldırıb məsum baxışlarla və ağlamsınan səs tonu ilə belə cavab verdi.

Qan rəngində almaWhere stories live. Discover now