6

45 16 4
                                    


Oyananda, ilk gördüyüm şey pəncərə idi. Buludlar səmada addımlayan birinin uzun və qara plaşının ətəkləriymiş kimi ayın üstündən sürətlə keçir, parlaq və bütöv ay gah görünən, gah görünməz olurdu. Narahatedici, ağrı verən bir gecəyarısı oyanmağıydı bu. Başımın yanında məni dəvət edərcəsinə duran kitabı əlimə aldım, lakin (niyədir bilmərəm) onu cəldliklə əvvəlki yerinə qaytardım. Bir neçə saatlıq bu yuxu uzunu düşüncələrimlə röyalarım iki quduz it kimi boğuşmuşdu. Nəticədə olan yenə mənə oldu və görə bildiyim tək şey qarabasmalardan o tərəfə keçmədi. Gecə uzanır, buludlar ayı gizlətməyə, ardından da yenidən ortalığa çıxarmağa davam edirdi. Bütün hər şey ağzımda durğunluq verən acı bir tam buraxmışdı və də dilimə dolaşmış latınca bir cümlə.
İndi bilirdim, bilirdim ki, etməyə çalışdığım şey zavallı, xəstə ruhumu azad qoymaq idi. Bütün xəyallarım haraya getmişdi? Bu sualı qorxuyla fikirləşdim, anlamaq çox çəkmədi. Xəyallarımın uzun bir müddətdir məni tərk etdiyini anladım. Ruhumu böyük bir ümidsizliyə həbs etmiş, qəfəsin açarını tullamışdım. Necə olsa, onu azad edəcəyimə də ümidim qalmamışdı. Düşüncələr qıfıldan içəriyə süzülür, sonra da məğlubiyyətlə qayıdırdı.

Həmin kiçik mürgüdən sonra, qalxıb, pul oğurlamaq və evdən ayrılmaq istəməyim mənə boş bir şey olaraq görünməyə başladı. Zehnim suyla dolu bir qabın yerə aşması və içindəkinin yerə tökülməsi kimi boşalmışdı. Qabın divarlarında qalan su damcıları ilə ayağa qalxanda, gecə yarısını iki dəqiqə keçirdi. Əynimə başqa heç nə geyinmədən, üstümdəki dağınıq və boş ev paltarlarımla otağımdan çıxdım. Səssizliklə qaranlığın ətrafa çökdüyü boş dəhlizin axırındakı qapını açdığım saniyədə çöldəki havanın düşündüyümdən daha sərin olduğunu gördüm. Amma içəri girib, isti nələrsə geyinməyi istəmədim.

Maşın yoluna qədər xeyli yeriməyimin ardından, bir taksi saxladım. Neçəsə dəqiqə yol getdik və düşəndə, cibimdəki son pulu yenə şoferin ovucuna qoydum. Bu gülümsəməyimə, üç ildir yaşadığım şəhər üçün darıxmağıma səbəb oldu. Bütün hislərimin geriyə​ qayıtdığının fərqinə onda vardım.

Üzümü taksinin məni gətirdiyi yerə tərəf çevirdim. Dəniz kənarında nə bir sərxoş, nə dilənçi nə də bir heyvan var idi. Bəlkə kiçik hörümçəklər... Amma bu gecə onlardan da qorxmurdum. Taxtadan düzəldilmiş yerə oturub, ayaqlarımı aşağıdakı dənizə salladım. Meh əsməyə başlayarkən, nəzərlərimi köhnə dostum aya və ulduzlara zillədim. Sonra, yuxusuz qalmış beynim günəşin doğuşuna qədər bir az yata biləcəyimi dedi. Mən də onu dinlədim. Ayaqlarımı yuxarı çəkib, taxtaya uzatdım və gözlərimi yumdum.
Amma birdən səkkizinci ayağımda ağrı hiss etməyimlə gözlərimi iricə açmalı oldum. Hündürdən çıxan səsim qulaqlarımı doldurdu :
"İlahi!" dedim. "Hörümçəklər günəşin doğuşunu​ gözləməzlər!" Və altıncı ayağımda da eyni ağrını duydum. Üzümə yenə kiçik tellər toxunmağa başlamışdı. Saçlarımı üzümdən çəkmək istəyəndə, xeliserlərimdən birini qarıncığıma vurdum və əslində nəyin baş verdiyini sarsılaraq dərk etdim. Ölü bir hörümçəyinki kimi yığılan ayaqlarıma toxunan başqa ayaqlar hiss edirdim. Torumun başıma ilişmiş iki-üç teli arasından çətinliklə açdığım gözlərimi bir vaxtlar yaşadığım küncə çevirdim. Gözəllər gözəli Minanı izləyərək yuxuya getdiyim axşamlar yadıma düşdü. Yuvam, öyrəşə bilməməkdən qorxduğum yeni, amma ən doğma yuvam məndən necə də uzaqda idi! Bədənimdən qopan bir xeliserimin ağrısı ilə elə qıvrıldım ki, tor hissəciyi gözlərimdən üçünün üstünü örtdü. Sonda qalan biriylə Yoyonu gördüm. İçimdə bir ümid doğdu, amma anındaca öldü. O, sadəcə məni parçalayan qarışqaları izləyirdi. "Sən ki, həyatdan qorxmursan!" demək istədim. "Niyə mənə kömək etmirsən?" Bunu düşünməyim və edə bilməməyimlə insan olmadığımı digərindən daha böyük olan bir sarsıntı ilə qavradım. Qarışqalar... Hər yerdəydilər. Məni parçalamağa çalışırdılar. Yoyo isə onlardan qorxmadığı halda mənə kömək etmirdi. Bir xeliserim də qopar və axırıncı gözüm bağlanarkən, düşündüyüm son şey məni öldürənin qarışqalar yox, Yoyonun yardım əli uzatmamazlığı olduğuydu.

HörümçəkWhere stories live. Discover now