Qan rəngində alma

By poeticrizzler

2.7K 293 214

Detektiv əsər. 8 dəhşətli cinayətə səbəb olmuş qatil öz qurbanlarının cəsədinin yanına bir qırmızı alma burax... More

Tanıtım.
Cinayətlər.
Barmaq izi və şahid.
Əməliyyat.
Qaranlıqdakı siluet.
Xəfiyyənin debütü.
Testlər.
Qatilin qəzəbi.
Hallelujah!
Üsyan.
"Libera me"
DİES İRAE.
Qatilin sorğusu.
Xəfiyyənin müsahibəsi.

Masqaradue.

100 13 13
By poeticrizzler

Ziyafət günü gəlib çatmışdı. Xəfiyyə bu gecə demək olar heç yatmamış, günün ilk işıqlarındaysa yatağından qalxmışdı. Nəzarət edilməli bir çox şey vardı, kimin harda olub-olmayacağını öncədən dəqiqləşdirmək mühüm idi. Otağındakı stulun üstünə qoyulan xidmətçi paltarlarını əyninə geyindi, bu gün kimliyini gizlədəcəyi üçün həmin libasda dolaşmalı olacaqdı. Otağından çıxdıqda bir tək onun yox, bütün malikanə əhlinin artıq oyanmaqda olduğunu anladı. Xidmətçilər bütün gecə yatmamış, ziyafət zalını hazır vəziyyətə salmışdılar. Nazilə xanım hər nə qədər sabah üçün paranoya dərəcəsində narahat olsa da yorğun görünməmək üçün gecə bir neçə saat yataraq yuxusunu almışdı. Nizami bəyin normalda oyandığı vaxt elə bu saatlar idi. Həsən Kərimli gecəni malikanədə keçirməmiş, bir sıra mühüm işlərini həll etdikdən sonra mütləq özünü ziyafətə çatdıracağına söz vermişdi. Əkizlərə gəldikdə isə, onlar xəfiyyənin icazə verdiyi vaxt, ziyafət başladıqdan sonra öz otaqlarından çıxa biləcəkdilər bu gün. Pəncərələrə dəmir barmaqlıqlar çəkildikdən sonra qardaşların otaqları həqiqətən bir həbsxana hücrəsinə bənzəməyə başlamışdı. Ziyafət boyunca isə xəfiyyə xidmətçi rolunda onların ətrafından ayrılmayacaq, gözlərini üzərlərindən çəkməyəcəkdi.

Xəfiyyə otağının qapısının önündəykən dəhlizin digər başından addım səsləri gəlməyə başladı. Mühafizəçi geyimində biri xəfiyyəyə yaxınlaşırdı, adam daha yaxına gəldikdən sonra ancaq Xalid onun kim olduğunu anlamışdı:

- Az qalsın sizi tanımayacaqdım, polkovnik.

- Bığlara görə deyirsiniz? - Əkbər qeyri-iradi olaraq əlini bığ yerinə apardı. Amma əlini apardığı yerlərdə artıq oxşaya biləcəyi tüklər qalmamışdı, o, bığını qırxmışdı. - Nə də olsa bu gün kimliyimizi gizlətməliyik. Mən də düşündüm ki, bığımı qırxsam daha çətin tanınaram.

- Yaxşı, eləmisiniz. Onsuz keçən gün əkizlər də bığınızın sizə bir o qədər yaraşmadığı qənaətinə gəlmişdi.

Onlar bir neçə saniyə qəribə şəkildə susdular. Daha sonra polkovnik söhbətə davam elədi.

- Bəs sizə nə deməli? Kim təxmin edə bilər ki, ona şampan şərabı servis edən xidmətçi əslində dahi şəxsiyyət, məşhur xəfiyyə Xalid İmanının özüdü?

Xəfiyyə bərkdən gülüb kəpənək qalstukunu düzəltdi:

- Yaraşıb, eləmi?

Yenə qısa bir susqunluqdan sonra hər ikisi ciddiləşdi.

- Yaxşı qoxular gəlir. Nəysə, bu ayrı məsələdir. Bu gün fövqəladə şəkildə gözdə-qulaqda olmalıyıq. Əməkdaşları oyatmısınız?

- Hə, elə ordan gəlirəm. Təzə göndərilənlər hamısı bir yığın məsuliyyətsizdirlər. Bağçanın girişində Niziyevlərin qarovulları ilə birlikdə bizim polislər də olacaq, ora ən güvəndiklərimi göndərmişəm, girib-çıxana nəzarət edəcəklər. Necə bilirsiniz, qonaq çoxmu olacaq? 

- Gözləniləndən qat-qat az.

- Bizim üçün yaxşıdır. Bircə bu günü də yola verə bilsək sabahdan istintaqa normal axarında davam edərik. Hiss edirəm, önümüzdəki günlərdə Nazim özünü ələ verəcək.

Onların söhbəti bir neçə dəqiqə daha davam etdi. Cabbarov bu gün daha şən və daha səmimi davranırdı, əvvəlki günlərdə etdiyi kimi öz küncünə çəkilmək yerinə bütün proseslərdə fəal olaraq iştirak edəcəkdi. Xəfiyyə onun yanından ayrıldıqdan sonra əlaqələrinə yeni tapşırıqlar vermək üçün bir neçə saat ortalıqda olmadı. Ziyafətin günorta saat 12-də başlaması və axşamüstü 5-ə ya 6-ya yekunlaşması planlaşdırılırdı. Bəziləri üçün ziyafət başlayan ana qədər gözləmək olduqca sıxıcı olmuşdu, bəziləri isə həddindən artıq məşğul olduqları üçün zamanın necə keçdiyini anlamamışdı. Xəfiyyə saat 10-da yenidən malikanəyə qayıtdıqda nisbətən sakitçilik idi. Demək olar hər şey 2 saat əvvəldən hazır edilmişdi, artıq bir tək qonaqların malikanəyə təşrif buyurması qalmışdı. Xəfiyyə 4-cü mərtəbəyə, qardaşların yanına yollandı. Qardaşlar hələ oyanmamışdılar, hər ikisinin qapısı döyüldükdən dəqiqələr sonra otaqdan çıxdılar. Onların yarı yuxulu halları, tələsik daranılan saçları və simalarındakı oyandırıldıqlarına görə şikayətçi ifadələri görünüşlərinin qüsursuzluğundan bir parça belə əksildə bilməmişdi. Əkiz A yatmağı sevdiyini vurğuladı, əkiz B isə 5 dəqiqə daha yatmaq üçün icazə istədi. Əlbəttə icazəni ala bilmədi, xüsusilə B-nin hələ yatmış olmasına xəfiyyə əsəbləşdi. Çünki bu gün o Nazim roluna bürünəcəkdi və əvvəlcədən buna hazırlanmalıydı.

- Bu çox mühüm məsələdir. Əgər davranışların şübhəli olsa qonaqlar bunu dərhal sezəcəklər.

- Açığı hələ də bacara biləcəyimi düşünməsəm də əlimdən gələni edəcəyəm. - əkiz B səmimiyyətlə gülümsədi.

- Yenidən bir tək özümün özüm olacağı üçün çox sevinirəm. - A əllərini bir-birinə çırpdı.

Və beləlikə ancaq ziyafəti gözləmək qalmışdı.

Kübar cəmiyyət üzvləri hər yerə gecikməyi sevirdi, bu səbəbdən qonaqlar dəvət edildikdə ziyafətin başlanğıc saatı olaraq 11:30 göstərilmişdi. Doğrudan da təxmin edildiyi kimi tam vaxtında sadəcə bir neçə mühüm olmayan qonaq gəlmişdi. Qonaqlar qapıdakı yoxlanışdan keçdikdən sonra xidmətçilərin müşaiyəti altında bağçadan keçir, malikanəyə daxil olur və malikanənin birinci mərtəbəsinin arxalarındakı nəhəng zala aparılırdılar. Bu zala daxil olmaq üçün iki qapı var idi, biri sadə bir qapı idi, digəri isə darvaza böyüklüyündəydi. Qonaqlar hər biri kiçik qapıdan içəri daxil oldular. Alt təbəqədən gələn qonaqlar və ya Niziyevlərin sərvətinə şübhə ilə yanaşanlar bu zalı gördükdə dilləri tutulurdu. Zalın tavanı çox yüksəkdə idi, zal 300 nəfərin rahatca sığışacağı qədər geniş idi. Divarların yuxarısında daxili balkonlar vardı, həmin balkonlara yemək masaları qoyulmuşdu. Zalın içinə 100-ə yaxın dairəvi, kiçik masa qoyulmuşdu, qonaqlar bu masaların ətrafında, ayaq üstə dayanacaqdılar. Ən irəlidə isə orkestranın ifa edəcəyi səhnə vardı. Niziyevlər bu gün üçün çox tanınmış ifaçıları çağırmışdı. Əvvəlki ziyafətlərə gələnlərin bildiyi kimi, həmin ziyafətlərin ən yaxşı yanı musiqiləri olurdu. Saat 12-yə doğru yaxınlaşdıqca əsas qonaqlar da gəlməyə başlayırdı. Əsas qonaqlar Nazilə xanımın gözlədiyi qədər əsas qonaqlar olmurdular. Məsələn Nazilə xanım əgər bir naziri qonaq olaraq gözləyirdisə ziyafətə həmin nazirin müavini gəlirdi. Üstəlik siyahıdakı şəxslərdən gəlməyənlərin sayı gələnlərdən çox idi. Evin xanımı və ziyafətin təşkilatçısı bu barədə hədsiz qəzəb duysa da bu hissini gizlədirdi. Gələn qonaqları zalda onunla birlikdə Rəhman Sabuzadə qarşılayırdı. Sabuzadə bu ziyafətlərin daimi iştirakçılarından idi deyə gələn qonaqlar onun burdakı varlığını qəribsəmədilər. Yenə də bəzi üstün zəkalı və ya hər şeylə maraqlanan bir neçə qonaq hələ qapıdakı yoxlanışdan burada nəsə qeyri-adi bir şey baş verdiyini sezmişdi. Saat 1-ə doğru artıq qonaqların tamamı zala yığışmış, zalın hər tərəfindən söhbət səsləri, şən gülüşlər eşidilməyə başlamışdı. Qonaqların sayını Nazilə xanım azı 300 olaraq hesablamışdı, hazırda isə zalda ümumilikdə 150 qonaq belə olmazdı. Bir anda xidmətçilər axın edərək servisə başladılar və orkestra da musiqi üçün hazırlaşmağa başladı. İndi bir tək Niziyevlər ailəsinin zala qədəm qoyması qalmışdı və hər şeyi göstərişlə etməyi sevən Nazilə Niziyeva bu anı da xüsusi bir mərasimə çevirmişdi.

Darvazaya bənzəyən iri qapılar açılmağa başladılar yavaş-yavaş. Bu qapıların açılması ətrafa qədim qala qapıları açılarkən çıxan səsi yayırdı, həmin bu səsin yayılması təsadüfi deyildi, beləliklə bütün qonaqların diqqəti ailə üzvlərinin gəlişinə yönəldilirdi. Qapılar tam açıldıqdan sonra Niziyevlər ailəsi yeyin addımlar və xüsusi bir zərafətlə zala daxil oldular. Ən ortada öz arabasındakı Nizami bəy vardı, o əli ilə çənəsinin altını oxşayıb ətrafa şübhə dolu baxır, bir növ kimin gəlib kimin gəlmədiyini gözdən keçirirdi. Onun arabasının arxasında arabanı hərəkət elətdirən xidmətçi, qəssab ləqəbli Rza adlı oğlan idi. Bir neçə dəqiqə əvvəl gözdən itmiş Nazilə xanım indi ailəsi ilə birlikdə yenidən zala daxil olurdu, o, əlini həyat yoldaşının arabasının qırağına qoymuşdu, üzündə qürurlu bir ifadə vardı, sanki bu giriş ilə bütün hər kəsə nəyisə sübut etmişdi. Qəfəsdəki bülbül Nəzrin Niziyeva da bu giriş mərasimi üçün otağından çıxarılmışdı. Qızın bıçağını əlindən almışdılar, Nazilə xanım qızın qoluna girmişdi, diqqətlə baxanlar Nazilənin öz qızını özünə tərəf çəkdiyini sezə bilmişdilər. Qız dinc görünürdü, kədərli gözlərini döşəməyə zilləmişdi. Qızı sadəcə göstəriş üçün otağından buraxmışdılar, bu həm ailənin bir yerdə olduğunu hər kəsə başa salacaqdı, həm də Nəzrinin gözəlliyi onların girişinə fərqli bir parlaqlıq qatacaqdı. Və Nəzrin bir bəzək aləti kimi istifadə edildikdən bir neçə dəqiqə sonra yenidən öz otağına aparılacaqdı. Nəzrinin yanında isə Həsən Kərimli dayanmışdı, özünü ziyafətə çatdıra bilmişdi. O da ailənin bir üzvü sayılırdı. Çoxları bilirdi ki, gələcəkdə ailə Nəzrini Həsən ilə evləndirmək istəyir, yenə də bu söhbət doğrulanmamış bir şaiyədən ibarət idi. Ailənin özü isə bu evliliyə müsbət baxsa da heç vaxt bu barədə söhbət açmamışdılar, yenə də Niziyevlərdə bir çox məsələdə olduğu kimi sözsüz-söhbətsiz əvvəl-axır belə olacağını hər kəs bilirdi. Həsənin solunda parlaq gülümsəməsi ilə Niziyevlər əkizlərindən Nizam dayanmışdı, o əllərini önündə birləşdirmişdi, ətrafa təbəssüm saçaraq qonaqlara salam verirdi. Qıraqda dayanan üç yeniyətmə qız həyəcanla Nizamı seyr edir, bir-birlərinə nəsə pıçıldayırdılar. Zalın ən küncündəki qadınlar belə onu görmək üçün yuxarı boylanırdılar, hətta ordakı qadınlardan birinin ürəyinin getməsinin səbəbi də deyəsən Nizam olmuşdu. Bəzi kişilər onu qısqanaraq başlarını çevirsələr də bəziləriysə ən az qadınlar qədər həyəcanla Nizamı izləyirdilər. Dəstənin ən sağında isə haqqında dəhşətli şaiyələr yayılan Nazim Niziyev dayanmışdı. Dedi-qodularda deyildiyi kimi əllərində qandal yox idi, nə də bir qatilə bənzəmirdi. Nizam qədər heyranedici görünürdü amma bir qədər də insanın içinə ürpərti salırdı. Qaşqabaqlı dayanmışdı, ailənin digər üzvlərindən fərqli olaraq libası parlaq deyildi, hətta daha çox yasa uyğun qara geyimlər geymişdi. Başını vecsizcə digər tərəfə tutmuşdu, əlləri ciblərində idi, belini önə doğru əyərək gəzirdi, bu duruşu da onun görünüşünə vecsizlik qatırdı. 

Ailə zala daxil olduqdan dərhal sonra xəfiyyə də əlindəki sini ilə birlikdə xidmətçi geyimində onların ardınca gəldi. Guya o, servisi yalnızca Niziyevlərə edəcək xidmətçilərdən biri idi. Heç kim ona diqqət etmirdi, bu kübar şəxslər üçün xidmətçilər onların üstünə nəsə dağıtmadıqca tamamilə görünməz idilər. Beləliklə xəfiyyə ailəni izləyərək zaldakı səhnənin yanındakı nisbətən böyük dairəvi masanın yanına gəldi. Ailə oraya çatan kimi bir dəstə qonaq Nizami müəllimlə salamlaşmaq üçün yaxına gəlmişdilər. Nizami qonaqlarla ötəri salamlaşır, şikayətçi bir ifadə ilə onların suallarına cavab verirdi. 

- Qardaşım sizə öz salamlarını göndərdi. bəy. - demişdi ölkədəki ən böyük bank şəbəkəsindən birinin sahibinin bacısı.

- Heh... Özü niyə gəlməyib? Axı dəvəti biz ona göndərmişdik, sizə yox.

- Özü bu günlərdə ölkə xaricində olduğu üçün gələ bilmədi və bu barədə dərin təəssüf hissi keçirdiyini sizə bildirməyimi istədi. Özünüz də bilirsiniz ki, heç vaxt sizin ziyafətləri qaçıran deyil. - qadın saxta şəkildə güldü. Nizami isə arabasını digər tərəfə çevirib başqa bir qonaqla söhbət etməyə başladı, bu adam bir o qədər kübar sayılmazdı.

Nizami bəyin əksinə Nazilə xanım özünü həddindən artıq nəzakətlə aparır, hər kəslə məmnuniyyətlə söhbət edir, hamının üzünə gülürdü. Xüsusilə də övladları barədə sual veriləndə bütün xırdalıqlarıyla uzun cavablar verirdi ki, əslində bu bir qədər şübhə oyandırıcı hal idi. 

Polkovnik bu gün mühafizəçi görünüşündə ziyafətdə iştirak edəcəkdi. O, Niziyevlər ailəsinin şəxsi mühafizə dəstəsinə qoşulmuşdu, bu dəstənin arasında ondan başqa bir neçə polis əməkdaşı da vardı. Polislərin qalan hissəsi isə 4-cü mərtəbədə gözlədilirdi, onlar üçün ayrıca, gözdən uzaq bir otaq ayrılmışdı. Əkbər xəfiyyənin tövsiyəsi ilə leytenant Səfərovu yuxarıdakı otaqda digər polislərin yanında saxlamışdı. Niziyevlər ailəsinin mühafizə dəstəsi hələ ilk gündən tərkisilah edilmiş, onların vəzifələri müvəqqəti olaraq, istintaq bitənə qədər polislərə verilmişdi. Bu gün də həmin dəstənin burda olmasının tək mahiyyəti dəstənin içindəki polis əməkdaşlarının gözə batmaması idi.

Cabbarov ilk dəfə idi belə böyük bir ziyafətə qatılırdı. Bu ziyafət ona olduqca maraqlı gəlirdi və təbii olaraq hər şeyi qıraqdan müşahidə edirdi. Onun fikrincə burdakı qonaqların hər biri milyonluq adamlar idi, demək olar, ölkənin iqtisadiyyatının təməlini yaradan hər sahədən bir şəxs vardı. Bundan əlavə, siyasi şəxslər də az deyildi. General-mayor Cahangir Qənbərov da qonaqlar sırasında idi, o, iki dövlət adamı dostuyla masa başında söhbət edirdi. Polkovniki gördükdə tanımış, gizlicə başını əyərək salam vermişdi. Polkovnik bir an ona yaxınlaşıb söhbət etmək istəsə də hazırda məxfi tapşırıq yerinə yetirdiyini xatırlamışdı.

Bu milyonluq adamların arasında belə Nizam hər kəsdən fərqlənirdi. Bəzən onlar göz-gözə gəlirdilər, Nizam səmimi şəkildə Əkbərə göz vurur, başını yelləyirdi. Bir dəfəsində Nizam əlini dodaqlarının üstünə aparıb polkovnikin bığlarını qırxmasına sataşmışdı. Bu göz-gözə gəlmə anları xaric Nizam hər dəqiqə başqaları ilə məşğul idi. Ziyafət boyunca yanında hər an azı 3 nəfər olurdu. O, ətrafındakı hər kəslə maraqlanır, hər kəsə səmimi davranırdı. Hələ onunla tək cümlə kəsməmiş şəxslər belə bir dəqiqə ərzində özünü Nizama dost bilməyə başlayırdılar. Xüsusilə də qadınlar Nizamla dostlaşmaq üçün can atırdılar və nə qədər həvəsli olsalar davranışları bir o qədər bacarıqsız hal alırdı. 

Nazimə gəldikdə isə o hər kəsdən uzaq gəzməyə çalışırdı. Polkovnikdən başqa qardaşları xəfiyyə də bir an gözdən qoymurdu. Nazimə də olan diqqət ən az Nizama olan qədər idi. Bəzi qızlar ona yaxınlaşıb rəqsə dəvət edirdilər, Nazim isə üzünü digər tərəfə çevirib "nç" səsi çıxarırdı. Xalidə görə, əkiz B heç də dediyi qədər bacarıqsız deyildi öz rolunda, hətta qüsursuz şəkildə oynayırdı Nazim rolunu. Belə ki, sadəcə bu roluna görə belə onun Nazim olduğunu irəli sürmək olardı. Amma göz səyirməsi məsələsi qatilin əkiz A olduğunu açıqca göstərirdi, yenə də Həsənin əkiz B-ni göstərməsi və hazırda sərgilənən bu qüsursuz rol bir ehtimal xəfiyyənin yanılması demək olardı.

Polkovnik Nizamla göz-gözə gəlməyə çalışdığı anlarda bəzən səhvən Nazimlə göz-gözə gəlirdi. O, Nazimi ola bildiyincə görməzdən gəlirdi. Necə bilə bilərdi, bəlkə də baxışdığı şəxs əslində Nazim, gözlərini qaçırdığı şəxs isə həqiqi Nizam idi, bu fikir onun tüklərini biz-biz edirdi. Yenə də Əkbər elə adamlardan idi ki, bəzən yalan olduğunu bilə-bilə özünə illuziyalarla aldanmağa icazə verirdi. Həm də hiss edirdi, baxışdığı qardaş Nizamın özü idi, bunu hiss edirdi ya da təxmin edirdi ya da ən azından belə ümid edirdi.

Əkbər ziyafət zamanı gördüyü bir hadisəyə də çox təəccüblənmişdi. Nizami bəy bir anda öz əlil arabasından ayağa qalxaraq xəfiyyənin yanına getmiş, qədəhini doldurması üçün ona doğru uzatmışdı. Polkovnik həmin anlarda onların yaxınında olduğu üçün aralarındakı söhbəti də eşidə bilmişdi.

- Sənin haqda yanılmışam, xəfiyyə. Sənin insanları dəyərləndirmə standartın digərlərindən fərqlidir. - Nizami bəy Xalid onun qədəhinə içki süzərkən demişdi.

- Bunu anlaya bildiyinizə sevindim.

- Bir bunlara bax! Ziyafət deyil, maskaraddır elə bil. Bütün bu özünü zərif, kübar aparmağa çalışan yaramazların hamısının üzündə bir nəzakət maskası var. O maskanın ardında isə iyrənmə hissi gizlənib, onlar öz həqiqi hisslərinin üstünü örtüb gəliblər bura. Əgər hərhansı bir çıxarları olmasa elə həmin an öz gerçək üzlərini göstərər, bizi nifrətləri ilə boğmağa çalışarlar.

- Ola bilər, bəlkə də haqlısınız. Amma indi bir qarsonla uzun müddət danışmağınız diqqət çəkə bilər, ona görə də yerinizə keçməyinizi rica edirəm.

Nizami bəy qədəhindən bir qurtum içki içdikdən sonra öz yerinə keçdi. Gəzərkən axsamırdı, hətta ayaq üstə durarkən daha şux və cavan görünürdü. Bir müddət sonra polkovnik imkan tapıb xəfiyyədən bu barədə soruşanda belə cavab almışdı:

"Fikrimcə tənbəllikdəndir, ya da daha dərin fəlsəfəsi var. Bir yerə səni aparacaq xidmətçilərin olandan sonra niyə ayaqlarından istifadə edəsən ki?"

Xəfiyyə ayrıca bu mövzuda cəmiyyətdə yayılmış bir şaiyəni də polkovnikə nəql etdi:

"Çoxları deyirlər ki, Nizi bəy -Nizaminin atası - onun öz bacısına aşiq olduğu xəbərini eşidəndə oğlunu möhkəm döyübdür, hətta ayaqlarını qırıb, bədəninə ağır zərərlər veribdir. Buna görə də Nizami gənclik illərindən bəridir ayaq üstə uzun müddət dayana bilmir. Amma bayaq özün də gördün ki, gəzişində heç bir problem yox idi."

Niziyevlər ailəsi həqiqətən çox qəribə və ekssentrik ailə idi. Hər zaman Əkbər üçün maraqlı olan başqa bir mövzu da vardı ki, həmin mövzu barədə də bu gün cavab tapa bilmişdi. Əgər bir soyad mövcud idisə həmin soyada sahib başqa şəxslər də var olmalıydı əlbət. Amma Əkbər indiyədək bir tək Niziyev soyadında bu ailə haqqında eşitmişdi. Ailənin digər fərdlərinin harda olduğu, necə yaşadıqları barədə məlumatlar bütün cəmiyyət üçün bir müəmma idi. Bu gün isə həmin mövzu ən azından Əkbər üçün artıq bir sirr deyildi. Ziyafətə Niziyevlər ailəsinin qohumlarından Nizami bəyin yaşlı qardaşı qatılmışdı. Polkovnikin öyrəndiyinə görə Nəzmi adlı bu qardaş Nizamidən daha yaşlı olsa da ona qalacaq bütün mirasdan imtina eləmişdi. O da Nizami və Nazilə evdən qaçdıqdan sonra Niziyev soyadını dəyişənlərdən idi, indi Nəzminin soyadı Nağıyev idi. Ailənin digər fərdləri də eynilə belə etmiş, cəmiyyətin qəzəbinə tuş gəlməmək üçün ölkədən köçmüş, soyadlarını dəyişdirmiş, hər yolla Niziyevlərlə əlaqələrini kəsməyə çalışmışdılar. Niziyevlərin həmin hadisələrdən sonra öz sərvətlərinə sərvət qatdığını görən qohumların bəziləri yenidən Niziyev soyadına qayıtmaq istəsə də Nizami bəy buna mane olmuşdu. Onun həmin qohumlardan bir tək Nəzmi ilə əlaqəsi qalmışdı, bu əlaqə də son on ildə yaranmışdı. Niziyev əkizləri öz əmilərini çox sevir, onunla çoxlu vaxt keçirirdilər. Bu adam cılız görünüşlü, eynəkli, ağ saçları pırpız və dağınıq, görünüşündəki əfəlliyinə baxmayaraq bir xeyli dərrakəli adam idi. Niziyevlərin heç bir maddi dəstəyi olmadan yaşayırdı, özü bir ixtiraçı idi, xüsusilə hərbi silahlar mövzusunda peşəkar idi. Ölkə ordusu onun ixtiralarından tez-tez yararlanardı, xalq onun adını tez-tez eşitsə də bir çoxu onun Niziyevlər ailəsinin üzvlərindən biri olduğunu bilmirdi belə. Ziyafət boyunca qardaşlar əmilərinin yanına gedir, onunla mehribanca söhbət edirdilər. Kişi hər daim kədərli və peşman görünürdü, sadəcə yanına kimsə gələndə gülür, xoşbəxt görünməyə çalışırdı. Bu kişidə də Niziyevlərin digər fərdlərində olduğu kimi xüsusi bir orijinallıq gözə çarpırdı.

Ziyafətin başlamasının ikinci saatında orkestr istirahət üçün bir neçə dəqiqə ara vermiş, zala insanın qulaqlarını dincəldən bir səssizlik çökmüşdü. Söhbətlər davam edirdi, yarım qəhqəhələr eşidilirdi bəzən, bir də qədəhlərin toqquşması. Həmin qədəhlərdən biri yuxarı qalxdıqda zalın arxalarından bir nəfər yüksək tonda dedi:

- Bu gün Nizam bizim üçün nəsə ifa edəcəkmi?

Zaldan razılıq səsləri yüksəldi, hamının eyni anda əhval-ruhiyyəsi yüksəlmişdi sanki.

- Nizamın o məlahətli musiqisini eşitməyəcəyiksə bəs bura nə üçün gəlmişik? - bir qadın bunu dedikdən sonra güldü.

- Hə, Nizam, bizim qulaqlarımıza bir musiqi lütf et! 

- Xahiş edirik, Nizam!

- Səhnəyə çıx, Nizam...

Səslər yüksəlməyə davam edirdi. Nizam utana-utana səhnəyə doğru gedərkən bütün zal alqışlamağa başladı. Hər kəs bu gün onun hansı musiqi alətində ifa edəcəyini maraqla gözləyirdi. Nizam səhnədəki pianonun önündəki oturacaqda oturanda zala mütləq səssizlik çökdü. Nizamın zərif, uzun barmaqları pianonun dilləri üzərində gəzinib onları yoxladı. Başını yuxarı qaldırdı, iki əli pianonun üzərində idi, dərindən nəfəs aldı. Və ilk həzin notlar eşidildi, əllər sağa-sola hərəkət edərkən barmaqlar heç dayanmırdı, heyrətamiz bir musiqiydi çalınan. Dinləyicilər hər biri sehirlənmiş kimiydilər, səhnəyə baxmaqdan başqa heç nə etmirdilər. Bu musiqi həqiqətən bir sehir kimiydi.

Nazilə xanım əllərini önündə birləşdirmişdi, gözləri parıldayırdı.

- Bu bəstənin adı "Qırmızı ləçəklər"di. Oğlum özü bəstələyib. - yanındakı qonaqlara qürurla dedi.

Sehirli musiqinin səsi bütün malikanəyə yayılırdı, eləcə də xidmətçilərin mərtəbəsi 3-cü mərtəbədə də eşidilirdi. Bu mərtəbə indi tənha sayılardı, Nəzrin adlı qız otağına qaytarılmışdı, xidmətçilərin çoxu servis üçün aşağı mərtəbələrə enmişdilər, onların uşaqları da gözə dəymirdi. Serjant Sərxan Qocayev Nəzrinin otağının qapısının yanındakı öz yerində idi yenə, öz nəzarət işinə davam edirdi. Aşağıdan gələn notları dinləyirdi, heç vaxt musiqidən anlayan biri olmamışdı. Amma bu musiqi... O, əlini çənəsinin altına qoyub irəlidəki boşluğa düşüncəli şəkildə baxır, sanki varlığından həzz alırdı. Həmin boşluqda bir qaraltı gördükdə şüuru özünə qayıtmışdı. Xidmətçilərin rəhbəri Rza onun önündə dayanmışdı keçən səfərki tərzdə. Oğlanın alnından aşağı tökülmüş qara saçlarının ardındakı gözlərində bir yanğın başlamış kimiydi. Üstəlik baltası da əlindəydi amma bu səfər önlüyündə qan yox idi.

- Nə lazımdı? - serjant ayağa qalxıb soruşdu.

- Səni yola salmağa gəlmişəm, serjant.

Serjant bu səfər əlini belindəki tapançasına doğru aparmaqla qalmadı, onu öz yerindən çıxarıb Rzaya doğru uzatdı:

- Bir addım daha at, o baltanı əlindən alıb arxana saplayacam.

Rza bir addım daha atdı tərəddüd etmədən:

- Belə gözəl bir musiqini silah səsiylə bölmək istəyirsən? Belə mühüm bir ziyafətdə tətiyə basmağa cəsarət edə bilərsənmi? Aşağıdakı qonaqlar və ev sahibləri şənliyi korlayanın kim olduğunu öyrənmək istəyəcək.

Rza bir addım da yaxınlaşdı. Sərxanın saçsız başında tər damlaları peyda olmuşdu, əgər tətiyə bassa həqiqətən də aşağıda panika yaranacaq və ziyafət sonlanacaqdı. Belə bir məsuliyyəti üzərinə götürə bilməzdi, ona verilən vəzifə bu deyildi, öz işindən olmaq istəmirdi. Rza daha bir addım atdıqda serjant silahını cəld aşağı endirib əlini ratsiyaya doğru apardı. Rza daha da cəld idi, Sərxan ratsiyanı götürməyə macal tapmadan Qəssab baltasını iki əliylə yuxarı doğru qaldırıb onun üstünə cumdu. Qəzəbli xidmətçi təhqir edilmənin bütün kiniylə baltanı aşağı endirdi, balta Sərxan Qocayevin keçəl başının düz ortasından içəriyə daxil olaraq kəllə sümüyünü ikiyə böldü. Aşağıda çalınan musiqi öz pik nöqtələrinə çatıb dinləyiciləri valeh edərkən serjantın kəlləsinin ortasından qırmızı ləçəklər kimi qan yuxarı fışqırırdı. Sərxan yerə yıxıldı, Rza baltanı dartıb onun başından çıxardı, üzündə hissiz bir ifadə vardı qatilin. İçəri bir neçə xidmətçi daxil oldu.

- Buranı təmizləyin. - cəsədi göstərib dedi. - Bunu isə buzluğa, ətlərin yanına aparın.

Xidmətçilərə göstəriş verdikdən sonra Rza təmizlənmək üçün ordakı otaqlardan birinə daxil oldu.

Aşağıda, zalda musiqinin son notları səsləndikdən sonra qonaqların ürəkdən çalınan alqışlarının səsləri eşidildi. Nizam səhnənin ortasına gələrək dizlərini bükdü, qollarını yana açdı və dinləyicilərə təşəkkür etdi. Alqış səsləri də sonlanmağa başlayarkən insanların arasından çıxan Sabuzadə birdən xəfiyyəyə yaxınlaşdı, onun qolundan tutub qulağına pıçıldadı:

- Heç kim olmayan bir yerə gəl, sözüm var.

Rəhmanın səs tonundan deyəcəyinin olduqca ciddi bir şey olduğunu anlamaq olurdu. Xalid gözə çarpmadan zaldan ayrıldı, birinci mərtəbədəki otaqlardan birinə daxil oldu, Rəhman da onu izləmişdi. Onlar ikisi də qaranlıq otağa keçdikdən sonra müstəntiq xəfiyyənin əlinə bir kağız parçası tutuşdurdu, işıq yandırılmazdan öncə Xalid bu kağızın bir qəzet olduğunu anlamış, hər şeyi başa düşmüşdü. Xəfiyyə sözə ehtiyac olmadan dərhal qəzetin 3-cü səhifəsini açdı. Rəhman narahat bir tərzdə otaqda dairə vururdu:

- Elə bil bu günü gözləyirdilər. Heç yeriydi?

Xəfiyyə soyuqqanlılıqla səhifəni nəzərdən keçirirdi.

"QATİL TAPILDI?"

"ALMA QATİLİ LƏNƏTLİ AİLƏ NİZİYEVLƏR AİLƏSİNİN OĞULLARINDAN BİRİ NAZİM NİZİYEVDİR?"

"BİZDƏN GİZLƏDİLƏNLƏR..."

- Bunun yaşanması qaçınılmaz idi. - xəfiyyə dedi. O, buna hazır idi.

- Malikanənin önünə etirazçılar yığışmağa başlayıb. - Rəhman faciəvi bir səs tonu ilə dedi. Müstəntiqin narahatçılığında bir sünilik vardı, hətta iri gülümsəməsini belə silə bilməmişdi tam olaraq üzündən.

Onun səssiz-sədasız, həmişəki tərzdə peyda olmasıyla otaqdakılar az qalsın diksinəcəkdi.

- Bəylər, tələsik şəkildə zaldan çıxdığınızı gördüm. Hərhansı bir hadisə baş verməyib ki? - qapı aralığında dayanan Həsən Kərimli danışdı.

Rəhman qəzeti xəfiyyədən alıb Həsənə uzatdı.

- Qəzet, Həsən qardaş, bütün istintaq ifşa olub, yalan-yanlış məlumatlar medyaya sızıb.

Həsən qəzeti müstəntiqdən almadı.

- Ah, onumu deyirsiniz? - vəkil əli ilə ağzını tutub güldü. - Elə ciddi bir şey deyil.

Xəfiyyə ona yaxınlaşdı:

- Necə yəni?

- Mən bunun olacağından hələ 2 gün əvvəldən, mətbuatda işləyən dostlarım sayəsində xəbər tutmuşdum. Dünən gecə burda deyilkən qəzetin bu çapının qonaq siyahısındakı şəxslərə göndərilməsinin qarşısını almaq üçün çalışırdım. Və görünür uğurlu olmuşam. Əsas odur, ziyafət heç bir problem olmadan keçsin və Nazilə xanım gecə sonunda məmnun qalsın.

- Malikanənin önünə etirazçılar yığışmağa başlayıb! - Sabuzadə təkrarladı.

- Sona Mahmudun dəstəkçiləri? - Həsən bayaqkı kimi istehzayla yenidən güldü: - Onları mən həll edərəm. Əsas odur, ziyafət problemsiz keçsin.

Xəfiyyə əlini çənəsinin altına qoydu:

- Əgər mən həll edəcəm deyirsinizsə... elə olsun. Amma bu sızma hadisəsinin nə qədər mühüm bir problem olduğunun fərqindəsiniz hərhalda?

- Bizim üçün deyil, xəfiyyə. Heç sizin üçün də deyil.

- Bəs kimlər üçündü? - Rəhman araya girdi.

- Dövlət üçün və xalq üçün. Onlar bu problemi öz aralarında həll edəcəklər. Sizin sözdə vəzifəniz nədir, Xalid bəy? Düşünürsünüz ki, Alma qatili Nazim Niziyevdir və bunu sübut etməyə çalışırsınız. Başqa şeylər sizi niyə maraqlandırmalıdır ki? Axı xalqın taleyi sizin səlahiyyətinizdə deyil, nə də dövlətin bütovlüyü. Niziyevlər ailəsinin nüfuzu barədə narahatsınızsa əgər, tarix göstərib ki, bu ailənin şöhrəti konfliktlərdən bəslənir. Ailə mənim məsuliyyətim altındadır. Sizin tək bir məsulliyyətiniz var, o da bu istintaqın daha tez sonlanmasına nail olmaq. Bunu bacaracaqsınız?

Xəfiyyə Həsən Kərimlinin dəhşətli təbəssümünü gördüyü həmin anda hiss etdiklərini xatırladı. İndi o an barədə söhbət açmaq yersiz olardı, həm yəqin ki, Kərimli elə bir şey yaşandığını inkar edəcəkdi. Vəkilin dediklərində haqlılıq payı da vardı, hazırda ziyafətə və qardaşların davranışlarına fokuslanmaq daha yaxşı olardı, artıq bir neçə dəqiqə idi Xalid onları gözdən qoymuşdu, düzdü, polkovnik və polis əməkdaşları onların ətrafında idi, yenə də o, özü zala qayıtmalıydı bir problem yaşanmadan. Buna görə söhbəti uzatmağın risk olacağını düşünərək dedi:

- Bacaracağımdan əmin ola bilərsiniz, Həsən bəy. Bütün üstüörtülü şeylər ortaya çıxacaq, çox az qalıb. Amma indi Nazilə xanım narahat olmadan ya da qonaqlar nədənsə şübhələnmədən zala qayıtmalıyıq. 

- Bəli, bəli. Yaxşısı zala qayıdıb ziyafətdən həzz alaq. - Həsən Kərimli bunu dedikdən sonra gözlərini azca aralayıb xidmətçi paltarındakı xəfiyyəni başdan-ayağa süzdü. Xəfiyyə bütün bu istehzalardan boğaza yığılıb otağı tərk etdi. Rəhman Sabuzadə və Həsən Kərimli də onun ardınca sırayla ziyafətə qayıdıb qonaqların arasına qarışdılar.

Zalda çalınan bir vals musiqisinin sədaları altında Nizam ziyafətdəki ən gözəl xanımlardan biri ilə, Həsən isə Nazilə xanımla rəqs edərkən malikanənin üçüncü mərtəbəsində yenə bir hərəkətlənmə baş verirdi. Leytanant Maqsud Səfərov polislər üçün ayrılmış 4-cü mərtəbədəki otaqdan səssiz-səmirsiz ayrılmış, gizli-gizli bir mərtəbə aşağı düşmüşdü. O, artıq bunu 3 dəfə etmişdi gün ərzində amma keçən səfərlərdə aşağıya endikdə Sərxan Qocayevin öz vəzifəsinin başında olduğunu görüb yerinə qayıtmalı olmuşdu. Amma bu səfər deyəsən bir imkan yaranmışdı, Sərxan öz yerində deyildi, mərtəbədə xidmətçilər də yox idi. Bu şans idi, Maqsud bu vəziyyəti əldən qaçırmamalı idi. O, hiyləgərcə Nəzrin Niziyevanın otağına doğru getməyə başladı, ətrafa nəzər salır, heç kimin onu izləmədiyindən əmin olurdu. Yuxarıdakı əməkdaşlar onun otaqdan ayrılmasına fikir verməmişdilər, onlar daha Maqsudu veclərinə almırdılar. Sərxan yəqin ki, tezliklə öz yerinə qayıdacaqdı, buna görə Səfərov cəld olmalıydı. Başqa bir diyara, cənnətə ya da daha müqəddəs bir yerə açılacaqmış kimi görünən o heybətli qapıya yaxınlaşdıqca Maqsudun nəfəsi kəsilirdi. Bir tək qapıya fokuslanmışdı, buna görə döşəmədəki qan izlərinin fərqinə varmadı, onları tapdalayıb keçdi. Axırda qapıya çatdıqda (bir əsr keçmişdi sanki) dəstəyi çəkmişdi, təxmin etdiyi kimi qapı açıq deyildi. Qapını döyməlimiydi? Bu axmaqlıq olardı. Hərhalda Nəzrin öz şəhzadəsinin gücünə ehtiyac duyurdu, təcili qərar vermək lazım idi, o, qapını qıracaq, içəri daxil olacaq və Nəzrini bu lənətli yerdən uzaqlara aparacaqdı. Maqsud bir neçə addım geriyə gedib sağ çiynini qapıya doğru tutdu, qaşlarını bükdü, gücünü topladı və bir təkanla qapıya doğru atıldı. Maqsud fiziki olaraq olduqca güclü biriydi, qapı nə qədər möhkəm olsa da onun bir zərbəsinə açılmışdı. Maqsud o sirli məkana, Nəzrinin otağına, bülbülün qəfəsinə daxil olmuşdu. Maqsud içəri daxil olan kimi geriyə çevrilib baxdı, arxada hələ də heç kim yox idi, rahatladı. Ətrafına nəzər saldı, olduqca geniş və lüks bir otaq idi burası. Hər şey parlaq idi və otaqdan gələn ətir qoxusu onun nəbzini sürətləndirirdi. O zərif xanım bu geniş, rahat yataqdamı yatırdı? Pəncərədən görünən bu sıxıcı mənzərə onun tək mənzərəsi idimi? Və güzgü... Bu iri, tər-təmiz, 3 gözlü güzgü onun öz qüsursuzluğunu hər gün seyr etdiyi həmin güzgü idimi? İndi Nəzrin  güzgünün önündə oturmuşdu, öz uzun, qara saçlarını darayırdı. Güzgünün əksindən baxırdı Maqsuda, onun otağa daxil olmasına təəccüblənməmişdi deyəsən.

- Məni həbs etməyə gəlmisiniz, "mister policeman"?

- Əksinə, sizi azad etməyə gəlmişəm, "princess".

Nəzrin utancaq şəkildə güldü:

- Hər zaman polis uniformalı kişilər mənə cazibədar görünüb. Yanınızda qandal da varmı, leytenant? - o, ayağa qalxdı.

- V-var. - Maqsud qızardı.

Nəzrin güzgüdən uzaqlaşıb çox kiçik addımlarla Maqsuda doğru gəlirdi, əlləri arxasında idi.

- Tələsməliyik, gözəlim, bizi heç kim görmədən burdan qaçmalıyıq.

Nəzrin yaxınlaşıb işarət barmağını Maqsudun dodaqlarının üzərinə qoydu, onun gözlərinin içinə baxırdı. Səfərov buludların üzərində idi, bu gözlərə baxmaq ulduzları seyr etmək kimiydi, baxdıqca daha dərininə enirdin. O, tamam ayrı dünyada idi həmin anlarda. O qədər fərqli bir aləmə keçmişdi ki, Nəzrinin gözləri sayəsində, qəlbinin altına batan bıçağı belə hiss etməmişdi.

Nəzrin bu bıçağı ziyafətdən qayıdarkən tapmış, macal tapıb öz plastik bıçağı ilə dəyişdirmişdi. Həmin otağına gətirdiyi kəskin, qara qınlı, iri bıçaq Maqsudun bədəninə çox zərifcə daxil olmuşdu. Leytenant bıçağı ancaq ən dibə qədər batdıqdan sonra hiss etmişdi, aşağıya baxmışdı, qan mavi köynəyinə yayılırdı. O, bir daha başını qaldırıb səssizcə Nəzrinin gözlərinə baxdı, yenidən bıçağı unutmuşdu, ölüm fikrindən ən uzaq şey idi bu gözlərə baxmaq onun üçün. Qısa bir an sonra yerə yıxıldı, bir o qədər qanı axmamışdı, daxili qanaxma keçirirdi. Qız əyilib bıçağı onun sinəsindən çıxardıqda ölmək üzrə olmasına baxmayaraq Maqsud hələ də nə yaşandığını başa düşməmişdi. Nəzrin Maqsudun cibindən ona pəncərədən atdığı dəsmalı tapıb həmin dəsmalla bıçağın üzərindəki qanı sildi və otağı tərk etdi. Nəzrinin hələ bu bıçaqla işi bitməmişdi.

Continue Reading

You'll Also Like

50.4K 816 10
Pamuk Prenses ve Yedi Cüceler Hansel ve Gretel Kibritçi Kız Ağustos Böceği ile Karınca Alaaddin'in Sihirli Lambası Rapunzel Karlar Kraliçesi Kırmız...
5.3K 242 20
Bu kitapta sizlerle etkilendiğim sözleri paylaşacağım.
795K 22.6K 24
Sevgiden nefrete dönüşen imkansız bir aşkın hikayesi. "Onlar cehennemi yaşayacak, Aşk cennetin dilinden onlara kalan tek an olarak kalacak, bu aşkın...
24.5K 1.9K 20
Buket Ayaz, Kraliçe takma adıyla popüler olmuş bir yazardır. Türkiye'nin en başarılı yazarları arasında parmakla gösterilir. İşinde başarılı olmayı k...