Qan rəngində alma

By poeticrizzler

2.7K 293 214

Detektiv əsər. 8 dəhşətli cinayətə səbəb olmuş qatil öz qurbanlarının cəsədinin yanına bir qırmızı alma burax... More

Tanıtım.
Cinayətlər.
Barmaq izi və şahid.
Əməliyyat.
Qaranlıqdakı siluet.
Xəfiyyənin debütü.
Testlər.
Qatilin qəzəbi.
Hallelujah!
"Libera me"
Masqaradue.
DİES İRAE.
Qatilin sorğusu.
Xəfiyyənin müsahibəsi.

Üsyan.

131 14 7
By poeticrizzler

Köhnə polis mayoru Sahil Qarayev işdən ayrılmasından 1 aya yaxın vaxt keçməsinə baxmayaraq hələ də özünə gəlməmişdi. Şahid olduğu son cinayət yük maşını hadisəsi idi və o gün gördüklərinin təsirindən nə vaxtsa çıxa biləcəyinə inanmırdı. Evsiz həyatı yaşayırdı, küçələrdə fırlanır, içir, çəkir, yuyunmur, insanlarla münasibət qurmur, yenidən hər şeyin normala dönəcəyi barədə ümid bəsləmirdi. Heç cibindəki son pulu xərclədikdən sonra da nə edəcəyi barədə düşünmürdü. Bir həftə əvvəl bir anda polkovnik Əkbər Cabbarovun avtomobili onun qarşısında saxlayanda az qalmışdı utancdan yerin dibinə girsin. Çarəsizcə əlindəki içki butulkasını arxasında gizlətmişdi, butulkanı ata bilməzdi, çünki həmin butulkada qurtuluş gizlənmişdi. Cabbarov isə Qarayevə ilk öncə iyrənərək, daha sonra isə yazığı gələrək baxmışdı:

"Özünə gəl bir az. Ailən var, uşaqların var. Küçədəki alkoqoliklərə dönmüsən. Üstəlik onlar kimi də qoxursan."

Sahil hər dəfə bu sözləri xatırlayanda köynəyinin yaxasını barmaqlarının ucu ilə tutub burnuna yaxınlaşdırır və özünü qoxlayırdı. Spirt, tər, qusuntu. Polkovnik haqlı idi, bu qoxuları yağışın altında dayanmaq aparmazdı. Polkovnik həmin gün bir çox məsələdə haqlı idi. Mayor işdən ayrılıb küçələrə düşməzdən əvvəl həyat yoldaşı, 3 övladı və qaynanası ilə yaşayırdı. Bəzən qohumları gəlib onun qolundan yapışıb məcburən evə aparmağa çalışırdılar. Hətta bir dəfə çəkingən həyat yoldaşı da onu bir küncdə yatanda tapmış, evə qayıtması üçün yalvarmışdı. Bacarmazdı, mümkün olan iş deyildi, artıq öz övladlarına baxanda həmin qətl edilən uşaqları xatırlamaya bilməzdi, həyat yoldaşına baxanda təcavüz edilərək öldürülən o qadını xatırlamaya bilməzdi. Hara baxırsa baxsın gördüyü tək şey cinayət idi. Spirtin bütün varlığını yuyub aparmasını arzu edirdi, o qədər içmək istəyirdi ki, harasa baxa bilməyəcək qədər kor olsun. 

"Hər şey bir yana, o nə müsahibə idi vermisən? Altıma batıraram zad! Kişisən ə sən! Utanmadın heç?"

Polkovnik bu sözləri qəzəblə demişdi. Sahil üçün bu bir anlıq qəzəbdən dilə gətirilən ifadələr bir iztirab qaynağına çevrilmişdi. Elədiyi kişiliyə yaraşmırdı, bütün əməkdaşları indi belə düşünürdü, artıq onun polis olaraq bir zərrə də hörməti qalmamışdı heç yerdə. Amma müsahibəni vermək barədə özünü heç də peşman hiss etmirdi. Həmin müsahibəni vermə məqsədi hər kəsi necə bir dəhşətlə qarşı-qarşıya olduqları barədə xəbərdar etmək istəməsi idi. Belə bir qəddarlığı sonsuza qədər gizlətmək olmazdı. Və insanlar Sahilin müsahibəsindən sonra həqiqətən də fərqinə varmışdılar. Qatilin tutulmasını, bu seriyalı cinayətlərin, bu kabusun bitməsini tələb edirdilər. Sahil bəzən onlara qoşulmaq istəyirdi, hətta bəzən mitinqlərin yanından keçəndə bəzi hərəkat üzvləri onu tanıyır, qəhrəman olaraq yaxınlaşır amma vəziyyətini gördükdən sonra dərhal uzaqlaşırdılar. Fısıltılar uzaqdan eşidiləndə daha qulaqbatırıcı olurdu. Sahilin taqəti yox idi, nə nəsə tələb etməyə, nə də hansısa tələbi ödəməyə. O sadəcə tək sığınacağı sərxoşluq halının unutqanlığı olan kimsəsiz küçələrin kimsəsiz yaşayan ölüsü idi.

Həmin gün günorta saatlarında əvvəlki sərxoşluğundan ayılıb yenisinə daxil olmağa hazırlaşarkən əlindəki butulka ilə küçədə fırlanırdı. Ətrafdakı insanların söhbəti yenə hər zamankı mövzu haqqında idi. Dayanacaqda oturmuş iki qadın bir-birilə danışırdı:

- Vallah daha adam küçəyə də çıxmağa qorxur. Çox pis zəmanədi.

- Hə, ay bacı. Bircə tapıb atsaydılar həbsə o qatili hamımızın canı qurtulardı.

- Əşşi, nə veclərinə e? Olan xalqa olur ancaq. Gör hansısa məmurun oğlunun başından bir tük əksik olur heç?

Qadınlar yolun digər tərəfindən gələn arası kəsilməyən siqnal səsləri səbəbilə başlarını çevirdikdə Sahil də onlarla birlikdə həmin yerə baxmaq üçün boylandı. Maşınların arasından keçərək onlar tərəfə gələn böyük bir izdiham vardı. Bu izdihamın ən irəlisində mavi, uzun saçları olan bir qadın dayanmışdı, qadın əlindəki səsucaldanla şüarlar səsləndirir, arxasınca gələnlər isə həmin şüarları təkrar edirdilər. Qarayev küçələrdə məqsədsizcə fırlandığı müddətdə bir çox mitinq görmüş olsa da ilk dəfə idi bu qədər adamın belə sistemli şəkildə yollara axışdığını görürdü. Əslində o bunu çoxdan gözləyirdi, əvvəl-axır xalq tamamilə bezəcək və əvvəlcədən xəbərdarlıq edildiyi kimi üsyana başlayacaqdı. Sadəcə Sahilə maraqlı olan niyə üsyanın məhz bu gün başlaması idi. İzdiham yaxınlaşdıqda o ən öndəki mavi saçlı qadının kim olduğunu da anlamışdı. Qadının boyu qısa idi, rahat paltarlar geyinmişdi, mavi saçları sağ çiynindən aşağıya uzanırdı, səsi kişi səsi kimi qalın idi qışqırdıqda. Simasına baxdıqda belə nə qədər inadkar və təhlükəli bir qadın olduğunu başa düşmək olurdu. Əks təqdirdə bu qədər kütləni ardına almağı bacarmazdı. Hazırda həmin qadını ölkədə hər kəs tanıyırdı. Siyasi aktivist Sona Mahmud atasının ölümündən sonra, hələ heç Sahil Qarayev müsahibə verməyən zamanlarda bütün müxalifəti başına toplayaraq cinayətlərin bitməsini tələb etmişdi. Müsahibədən sonra isə onun dəstəkçilərinin sayı qat-qat artmışdı. Və sonda Sona Mahmud elə bir güc sahibi olmuşdu ki, hökümətə əgər 10-cu cinayət baş verərsə yekun üsyanı başladacağı barədə ultimatum vermişdi.

Sonu görünməyən izdiham Qarayevin önündən keçərkən o, əlini ataraq yoldan keçənlərin birini saxladı. Saxladığı adam cavan, eynəkli bir oğlan idi. Oğlanın əlində iri bir plakat vardı. Plakatda belə yazılmışdı:

"Lənətinizi də götürüb rədd olun ölkədən!"

- Bu camaat hara gedir? Bu nə izdihamdır belə? - Sahil sözləri çətinliklə deyə bildi. O qədər uzun müddətdir dodaqlarından danışmaq üçün istifadə etmirdi ki, sözləri necə tələffüz edəcəyini unutmağa başlamışdı.

- Sən bu ölkədə yaşamırsan? Xəbərin yoxdur?

Sahil Qarayevin təxminincə 10-cu cinayət işlənmişdi və üsyanın başlanma səbəbi də bu idi. Amma bu oğlanın sözlərindən belə çıxırdı ki, hərhansısa fövqəladə sirrin üstü açılıb və həmin sirrin məzmunu 10-cu cinayətin baş verməsindən belə dəhşətlidir.

Oğlan Qarayevin üzünü diqqətlə incələməyə başladı:

- Bir dəqiqə... Sən... Sən Sahil Qarayev deyilsən? O müsahibəni verən polis!

Sahil üzünü digər tərəfə çevirdi. Oğlan bu hərəkəti sualının cavabı olaraq başa düşmüşdü.

- Sənin cəsarətinə heyranam, mayor. Sən olmasan hələ bir çox məsələnin üstü örtülü qalacaqdı. Sən xalqı cəhalətdən qurtardın. Gəl, qoşul bizə!

Qarayev hələ də digər tərəfə baxmağa davam edirdi:

- Sadəcə mənə nə olduğunu de!

Sahil bu sözləri qəzəblə demişdi, həm də oğlan getdikcə uzaqlaşan Sona Mahmudun səsindən çox geridə qalmaq istəmirdi. Bu səbəbdən ceketinin iç cibindən bir qəzet çıxarıb Sahilə uzatdı və özü qaça-qaça yoluna davam edərkən geri çevrilib qışqırdı:

- 3-cü səhifəni oxu...

Sahil həyəcanla həmin səhifəni açıb nəzər saldı. Həqiqətən də başqa bir cinayət yaşanmasından çox daha təhlükəli və qarışıq bir məsələ idi bu. Amma Sahili maraqlandıran şey hadisənin böyük mənzərəsi olmamışdı, əlləri titrədikcə əlindəki qəzet də titrəyirdi. Qəzet onun ayaqlarının yanına düşdü və əsən külək qəzeti uçurub uzaqlaşdırdı. O artıq nə edəcəyinə qərar vermişdi. Bunu ondan başqa heç kim edə bilməzdi. Hətta indiyə qədər başına gəlmiş bütün faciələrin səbəbi də bunu etməsi üçün idi. Sahil köynəyinin yaxasından tutub burnuna yaxınlaşdırdı. Spirt, tər, qusuntu.

Bir saat sonra zəngə basırdı. Öz evinin qapısının zəngi idi bu zəng. Qapını açan həyat yoldaşı oldu. Onu gördükdə Qarayevin başına bir sancı girdisə də bunu üz ifadəsində əks etdirmədi. Həyat yoldaşı pis qoxusuna, kir içində olmasına baxmayaraq onu qucaqladı. Sahil içəri keçdikdə iki qızı da onunla mehriban şəkildə görüşdülər, atalarının qayıtmasına çox sevinmişdilər. Böyük oğlu isə atasını görməzdən gələrək qonaq otağından ayrıldı və öz otağına keçdi. Qaynanası şikayət eləməyə başlamışdı, Sahil isə cavab vermədən masa başında oturub bir stəkan çay içdi. Radioda şəhərin hər yanında başlayan mitinqlər haqqında danışılırdı. Həyat yoldaşı isə onun üçün yeni paltarlar hazırlayırdı. Sahil çayını içdikdən sonra duş aldı, üzünü qırxdı və güzgüdə özünə baxma şansı əldə etdi. Üzünün hər yerini əhatələyən gur saqqal qırxıldıqda nə qədər arıqladığını da anlamışdı. Keçən aylar onda həm mənəvi, həm də fiziki olaraq silinməyəcək izlər buraxmışdı. Belə yaşaya bilməzdi, bununla yaşaya bilməzdi, bu cür alınmazdı. Güzgüyə yumruq atıb qırdı. Həyat yoldaşının qoyduğu yeni, səliqəli və ətir qoxan paltarları geyindi. Oğlunun otağının önündən keçəndə içəri daxil olmaq istəsə də ona nə deyəcəyini bilmədiyi üçün yoluna davam etdi. Qızlarını bir daha qucaqladı və qapıya tərəf getdi. Qapıya çatdıqda həyat yoldaşı onun arxasında peyda olmuşdu. Sahil geriyə baxmadan danışdı:

- Mən gedirəm. 

- Yenə? Hara? - qadının səsi titrəyirdi.

- Həll edilməli son bir işim qalıb. Sonra yaxşı olacam. Söz verirəm.

Həyat yoldaşı ağlamağa başladı. Sahil isə qapını açıb evini tərk etdi.

Bu məhəllədə onu yaxşı tanıyırdılar. Cinayətkarların yaddaşı adətən normal insanlardan daha yaxşı olurdu. Qarayev də bu görkəminə baxmayaraq ətrafdakı baxışların onu tanıdığını bilirdi. Təkcə əməkdaşları arasında yox, kriminallar arasında da hörməti qalmamışdı. Satqınlıq satqınlıq idi və istər qanunun bu tərəfində ol, istər digər tərəfində, əgər bir dəfə satqın damğası almışdınsa hər kəs səni elə tanıyacaqdı. Mayor olduğu vaxtlarda Qarayev bu məhəllədə öz dəstəsi ilə patrul olaraq xidmət göstərmiş, bir çox cinayətkarı iş üstündə yaxalamışdı. Amma həm də burada keçirdiyi zaman cinayətkarlar arasında əlaqələr yaratmasına da səbəb olmuşdu. Adətən polislər və cinayətkarlar arasında belə əlaqələr yaranırdı. Hətta həmin əlaqələrə xüsusi bir bağ da belə demək olardı. Nəticədə hər iki tərəf də olduqca təbii bir işlə məşğul olurdurlar. Cinayət işləmək və cinayətin qarşısını almaq cəmiyyətin balansını qoruyan şeylərdən idi və hər ikisi eyni dərəcədə təbii proses sayılırdı. Hər iki tərəf bunun ötəri şəkildə fərqində olduğu üçün bir-birlərinə qarşı nifrət qarışıq hörmət bəsləyirdilər. Elə bu hörmətdən Sahilə yaxınlaşıb onu dayandıran olmadı yol boyunca. Həm də bir polis işdən ayrılsa belə hələ də ona nəsə etmək özünə bəla axtarmaq kimi bir şey idi. Cinayətkarlar əmin idi ki, işdən belə şərəfsizcə bir səbəbdən ayrılan Sahil Qarayevə nəsə etməyə cəhd etsələr onun köhnə əməkdaşları bundan xəbər tutacaq və onların ardınca düşəcəkdilər.

Sahil axtardığı adamın qapısını döydükdən bir dəqiqə sonra qapı azca açıldı. Qəddar baxışlı bir göz qapı aralığından Sahilə baxdı:

- Nə lazımdı?

Sahil bu xırıltılı səsi xatırlayırdı.

- Burda mənə borcu olan bir adam yaşayır. Onu axtarıram.

- Elə birini tanımıram. - qapı örtüldükdə zəncir səsləri eşidildi.

Sahil yenidən qapını döydü. O, özünə gəlmişdi və axır ki, sözləri əvvəlki kimi səlistcə ifadə edə bilməyə başlamışdı:

- Bura bir polis olaraq gəlməmişəm. Alış-veriş üçün gəlmişəm. Amma istəsən bura bir polis olaraq da gələ bilərəm.

Qısa bir səssizliyin ardından yenidən zəncir cınqıltıları eşidildi və sonrasında qapı açıldı. Qapını açan şəxs dərhal Qarayevin qolundan tutub onu içəri saldı:

- Sənin başın qaçıb? Məni səninlə görsələr bilirsən nə olar? Üstəlik eşitmişəm dövlət də səni izlədir. Nə ağılla durub bura gəlmisən?

- Dövlətin bu dəqiqə məni izləməkdən daha böyük problemləri var. Artıq polis deyiləm. Polis olmayan adam səncə bura niyə gələr?

İşıqsız, tozlu evdə Qarayevin qarşısında dayanan şəxs bədənində döymələr olan, saqqallı, üzü çapıqlı, güclü və qəddar görünüşlü bir adam idi. Adamın adı Bob idi və ölkədəki ən böyük kriminal təşkilat olan "Toxum" təşkilatının aşağı səviyyəli silah satıcılarından idi. Əvvəllər mayorun ona böyük köməyi dəymişdi, əgər Sahil olmasa Bobun oğlu indi həbsxanada 3-cü ilini keçirirdi. Əlbəttə belə adamlardan xətir-hörmət gözləmək olduqca riskli hərəkət idi. Hazırda isə risklər və ehtimallar heç biri Sahilin vecinə deyildi.

- Pulum yoxdu. - dedi yavaşca Qarayev.

Bob onun üzünə bir müddət baxdı. Sonra öz-özünə mırıldayırmış kimi dedi:

- O cür adam... Hala bax! Sadəcə heyrət edirəm.

Daha sonra adam qarşısındakının da onu eşitdiyinin fərqinə varmış kimi əvvəl dediyi sözləri unutdurmaq istərcəsinə səsini yüksəltdi:

- Nə pul, cənab mayor. Bizim aramızda pul söhbəti ola bilməz. Sadəcə qəflətən səni gördükdə dəliyə döndüm, dedim bu adam burada neynir. Açığı hələ də bunun nəsə oyun olduğundan şübhələnirəm. Amma hərhalda bir-birimizi azdan-çoxdan tanıyırıq. Sən elə şey etməzsən, düzü, heç edə də bilməzsən. Hansından istəyirsən?

- Nə bilim, "glock"dan zaddan. Elə də fərqi yoxdu.

Adam Sahilin yanından ayrıldı və başqa otağa keçdi. Həmin otaqdan səslər gəlməyə başladı, adam nəyisə axtarır, açıb çıxarırdı. Bob Sahilin yanına qayıtdıqda köhnə mayora tanış olduğu həmin aləti uzatdı:

- Hərhalda necə istifadə edəcəyini öyrətməyimə ehtiyac yoxdu.

Sahil gülümsədi. Çox uzun müddət idi gülümsəmədiyi üçün üz əzələləri ağrımağa başladı sanki.

- Bilirəm, əslində bir silah satıcısının bunu soruşması heç düzgün deyil. Yenə də belə bir vəziyyətdə... Bununla nə etməyi düşünürsən?

Sahil tapançanı əlinə alıb onu incələdi. Başını qaldıranda bayaqkı gülümsəməsi hələ də üzündən silinməmişdi, anidən bədənini bürüyən hiddət onu titrədirdi, simasına yayılan təbəssümü onu olduğundan qat-qat çirkin göstərirdi.

- Dəvət edilmədiyim bir ziyafət var. Ora gedəcəm. - dedi.

***

Siyasi aktivist Sona Mahmud gecələr yatmaqda çətinlik çəkirdi. Artıq bu hal həftələr idi davam edirdi. Son cinayətin, 7 yaşlı qızcığazın qətlinin üzərindən 1 həftə keçən gecə də eynilə bu cür yuxusuz qalmışdı. Gözlədiyi bir şey var idi və bu gün dünəndən tamamilə fərqli ola bilərdi. İnsanların arasına çıxanda bir maska taxmaq məcburiyyətində qalmaq onun üçün ağır məsuliyyət idi. Bütün bu cinayətlər, xalq, hökümət, müxalifət, üsyan, qurbanlar, qorxu içində yaşayanlar və haqqını tələb etmək istəyənlər heç biri əslində onun elə də vecinə deyildi. Onun vecinə olan tək bir şey var idi və həmin şey haqqında düşünmədən dayana bilmirdi.

Səhər pəncərədən gün işığı onun üzərinə düşəndə qızarmış gözləri ilə tavana baxıb düşünürdü. Dünən hərəkatın iştirakçısı olan bir neçə yoldaşı ilə görüşdükdə onlar ölkədəki vəziyyəti yenidən təhlil etmişdilər. Demək olar, hər şey hazır idi. Artıq tək bir kibritlə bütün tarlanı alova vermək olardı. Yoldaşları keçən günlər ərzində onu tələsdirirdilər, xalqı küçələrə çağırmağa dəvət edirdilərsə də bu məsələdə hər şey Sonaya bağlı idi və o, hələ gözləməyi üstün tuturdu. Onun yoldaşları arasında hətta 10-cu cinayətin yaşanmasını səbrsizliklə gözləyən şəxslər də vardı. Amma Sonanın gözlədiyi bu deyildi. Həmin başına çəkilən sığalı sanki yenidən hiss etdi.

"Məndən xəbər gözlə."

Qulağında hiss etdiyi həmin nəfəs və pıçıltılı səs.

Xəyallara dalmağın vaxtı deyildi. Onu gözləyən, onun sözlərini icra etməyə hazır olan yüzminlərlə şəxs vardı. O isə yerində uzanıb əlini bədənində gəzdirməklə məşğul idi. Dərhal yerindən qalxdı, duş aldı, geyindi və həmişəki makyajını üzünə çəkdi. Yalnız yaşayırdı, bu səbəbdən bəzən yalnız hiss etdiyi də olurdu. Qohum deyilə biləcək bir atası vardı. Atası isə ölmüşdü, öldürülmüşdü, qəddarca qətl edilmişdi alma qatili tərəfindən. Əgər hər şey yolunda gedərsə sonda bu yalnızlığından qurtulacaqdı və hətta bəlkə bir gün yalnız yaşamalı da olmayacaqdı.

Sona hər gün etdiyi kimi bu gün də qəzeti götürmək üçün qapıya çıxdı. Həyət evində, sakit bir məhəllədə qalırdı. Hüzurlu bir gün idi. Cəld qapının önünə atılan qəzeti götürüb vərəqləməyə başladı. 3-cü səhifəyə çatanda gözləri bərəldi, həyəcandan ürəyi tez-tez çırpınırdı. Gözlədiyi xəbər bu olmalı idi. Hər şeyi başladacaq o qığılcım, o kibrit dənəsi. Bir neçə saat sonra bu hüzurlu gün o qədər də hüzurlu olmayacaqdı.

İçəri daxil olduqdan sonra özünə qəhvə dəmlədi. Bir yandan da bu gün səsləndirəcəyi nitqlər barədə düşünürdü. Əslində çox əvvəldən hazır idi yaşanacaqlar. Böyük bir kütləni öz arxasınca aparacaq, ilk öncə onları ola bildiyincə qəzəbləndirəcək, daha sonra isə xaos başladacaqdı. Çünki o belə istəmişdi və Sona onun istəkləri uğrunda özünü fəda etməyə də hazırdı. Çünki onun səbəbləri vardı, çünki cəmiyyət buna layiq idi.

Sona əlindəki fincan ilə pəncərəsiz, qaranlıq bir otağa keçdi. Otaqdakı tək işıq mənbəyi divarın qırağındakı masanın üstündə yanan şam idi. O şam həmin divardakı şəkilləri işıqlandırırdı. Onlarla şəkil asılmışdı divardan, onun şəkilləri. Bura bir ibadətgaha bənzəyirdi, hətta şəkillərin qarşısında şam yandırılmasında da nəsə müqəddəs bir duyğu gizliydi. Sona masanın önündəki oturacaqda oturub şəkillərə baxarkən qəhvəsindən bir qurtum içdi.

"Əgər sənin üçün birini öldürsəm məni daha çox sevərsən?"

Onu onsuz da sevirdi Sona. Amma bu təklifə yox demək çətin idi. Uşaqlıqdan bəri atasına nifrət etmişdi. O qoca kaftarı Sona özü dəfərlərcə öldürməyi xəyal etmişdi. Həmin qoca layiq olduğundan belə mərhəmətli şəkildə öldürülmüşdü, onu otaqda ölü tapanda Sona cəsədinin başında qəhqəhə çəkmiş, qocanın başını ayağıyla əzməyə çalışmışdı. Bu məsələdə nifrət etdiyi ən böyük şey çıxıb minlərlə insanın qarşısında atasının necə yaxşı biri olduğu haqqında danışması olmuşdu. Hər şeyi atasının ölümünə görə etməsi fikrinə nifrət etmişdi, atasını sevən qız kimi görünməyə nifrət etmişdi. Axır ki, ölmüşdü həmin qoca məxluq və bu barədə hədsiz dərəcədə minnətdar idi. 

İndi də minnətdar olduğu və Tanrı səviyyəsinə ucaltdığı həmin şəxsin şəkillərinin qarşısında oturmuşdu. Gözlərində kədər və sevgi vardı, şəkillərə baxanda qızarır, həyəcanlanır, haldan-hala düşürdü. Ağrılı bir həsrətlə köks ötürüb dedi:

- Sənin üçün hər şey etməyə hazıram, Nazim.

***

Jurnalist Sənan Aliqieri alma qatilinin işlədiyi cinayətlərin hər birinin hadisə yerini görə bilmiş nadir şəxslərdən idi. Onun işi bu idi, cinayətlər haqqında məlumat toplamaq, cinayət yerlərinin şəklini çəkmək və qəzetin 3-cü səhifəsini öz qanlı əsərləri ilə bəzəmək. Alma qatilinin işlədiyi ilk cinayət yerinə də təsadüfən gedib çıxmışdı, hələ onda heç kim bu cinayətin seriyalı cinayətkar tərəfindən işlənilən ilk qətl olduğunu təxmin belə edə bilməzdi. Sənan çox cinayət yeri gördüyü üçün bu qətldə xüsusi bir şey sezmişdi hər kəsdən fərqli olaraq. Qurban bir kilo alma alıb evinə aparan tanınmış bir şairi axşamüstü vaxtlarında evinə qədər izləmişdi, bu barədə həmin şair öz dostuna zəng edib xəbər etmişdi. Dostu bunu eşidib şairin paranoyak davrandığını düşünmüşdü, yenə də onun yanına getməyə qərar vermişdi. Dost həmin şairin evinə çatdıqda isə iş-işdən keçmişdi. Evin qonaq otağının ortasında böyük bir alma qalağı var idi. Şair isə həmin alma qalağının altında qalaraq boğulub ölmüşdü. Belə bir cinayəti törətmək həddindən artıq zəhmətli bir iş olardı, buna görə də polislər bunun tək bir nəfər tərəfindən yox, bir qrup tərəfindən edildiyini düşündü. Sənan isə ətrafa nəzər saldı, şəkillərini çəkdi və bu barədə qəzet üçün yazacağı yazı barədə düşünməyə başladı. Ona görə bu cinayətdə nəsə xüsusi bir qərəz ya da heç kimin başa düşmədiyi romantik ideya var idi. İkinci cinayət yerini gördükdə isə fikirləri tamamilə dəyişdi, bu cinayətlər sadəcə qəddarlıq naminə işlənirdi. Birinci cinayətlə ikinci cinayət arasındakı tək oxşar cəhət hər iki hadisə yerindən alma tapılması olmuşdu. Qurbana təcavüz edildiyi bəlli idi amma təcavüz edən şəxs barədə bir iz belə tapmaq olmamışdı. Qadının ilk öncə dırnaqları barmağından qoparılmış, daha sonra təcavüz edilmiş və sonra da təxmin edilməyəcək əzablara məruz qalmışdı. Qatil onun başını bir balta ilə ortadan ikiyə paralamışdı və öz xüsusi imzası olan qan rəngində almanı qadının vaginasına yerləşdirmişdi. Bir çox şəxs birinci cinayət ilə ikinci cinayət arasındakı tək bağ olan almanın bir təsadüf olduğunu və cinayətlərin fərqli şəxslər tərəfindən törədildiyini düşünürdü. Sənan isə şəkillərini belə çəkməkdə çətinlik çəkdiyi bu dəhşətin ardından dərhal bu barədə xəfiyyə Xalid İmanıya xəbər vermişdi. Xalid İmanı ilə onun uzun müddət idi əlaqəsi var idi. Həmin xəfiyyə bütün maraqlı cinayətlər barədə hamıdan qabaq xəbər almağa can atırdı, Aliqieri isə bəzən ona bu məsələdə kömək edirdi. Bu həm də qarşılıqlı çıxar münasibəti idi, Xalid də öz araşdırdığı hadisələrin şəkillərini çəkməsi və qəzetə yayınlanması üçün Sənanı çağırırdı, bu jurnalistin işinə çox yarayırdı. Çünki xalq xəfiyyənin cinayətlərinə çox maraq göstərirdi. Xalid İmanı bu iki cinayət barədə xəbər tutduqda da çox maraq göstərmişdi, hətta əminliklə demişdi ki, bu iki cinayət arasında mütləq əlaqə var. Və Sənandan xahiş etmişdi ki, əgər 3-cü oxşar cinayət işlənərsə ona xəbər etsin. 3-cü cinayət gecikməmişdi, qatil ortayaşlı bir kişini sanki divardan-divara vura-vura öldürmüşdü. Qurbanın gözləri yerindən çıxarılmış və ağzına bir alma tıxanmışdı. Sənan şəkillər çəkmək üçün otağa daxil olduqda bir polis əməkdaşı onu fotoaparatını əlindən alaraq burdakıların məxfi olduğunu demişdi. Sənan şəkil çəkə bilməsə də 3-cü cinayət barədə qəzetdə yazı yazmışdı və ölkədə bu hadisələr haqqında ilk dəfə "seriyalı cinayətlər" sözlərini işlətmişdi. Artıq qəzet oxuyan şəxslər ölkədə bir qatilin fırlandığından xəbər tutmuşdular. Sənan 4-cü cinayəti gözləməyə başlamışdı və demək olar ən xırda hadisə yerlərinə belə özünü çatdırmağa çalışırdı ki, yeni cinayəti qaçırmasın. Bu cəhdləri sayəsində qaçırmamışdı, 4-cü qurban kafedə işləyən cavan bir oğlan idi. Kafenin müdiri işdən tez ayrılmışdı və oğlan müştərilər gedənə qədər gözləmiş, gec saatlara qədər kafedə qalmışdı. Müştərilər ayrıldıqdan sonra isə kafeni bağlayıb evinə getmək istəsə də qatil buna icazə verməmişdi. Qatil oğlanın əllərini və ayaqlarını bağlayıb divara söykəmişdi, özü isə 3 metr qıraqda dayanıb əlindəki almaları oğlana atmağa başlamışdı, onu bir hədəf taxtası olaraq istifadə etmişdi. Bütün gecə davam edən bu oyundan sonra oğlanın bədəninə yüzlərlə alma dəymişdi. Oğlan sanki onlarla şəxs tərəfindən döyülmüş kimiydi, hər tərəfi göyərib şişmişdi və əzablar içində can vermişdi. Qatil isə hər zaman olduğu kimi heç bir iz buraxmadan oranı tərk etmişdi. Sənan 4-cü cinayət yerindən şəkillər çəksə də qəzet tərəfindən ona bu barədə xəbər yazmasına icazə verilmədi. Bir çox şey ört-basdır edilir, gündəm başqa mövzulara çəkilməyə çalışılırdı. Aliqieri "alma qatili" ləqəbinin hardan çıxdığını bilmədi belə, bu ləqəb 4-cü cinayət ilə 5-ci cinayət arasında ortaya çıxmışdı. Siyasi aktivist Sona Mahmudun atası öldürüldükdən sonra artıq müxalifət üzvləri alma qatili cinayətlərinin araşdırılmasını tələb edirdilər. Yenə də onlar belə ümumi mənzərə haqqında bir o qədər məlumatlı deyildilər. 6-cı cinayətdə tələbə qız parçalara bölünərək bir çantaya yığılmış və bu çanta bir alma ağacının altına qoyulmuşdu. Çantanın içində, bədən üzvlərinin arasında da bir neçə alma vardı. Sənan Aliqieri ilk dəfə polkovnik Əkbər Cabbarov ilə bu cinayət yerində qarşılaşmışdı. Cabbarov alma qatili hadisələri barədə aparılan istintaqın başına gətirilmişdi. Sənan əvvəllər bu polkovnik barədə eşitmişdi, Cabbarovu hər kəs yaxşı, dürüst və ədalətli biri olaraq tanıyırdı. Böyük ehtimal, bu istintaqa təhkim edilənin Cabbarov olmasının səbəbi də elə xalqın ona olan rəğbəti olmuşdu. Əgər rüşvətxor ya da ədalətsiz biri istintaqın başına gətirilsə bu xalqda əlavə qəzəb yarada bilərdi. Polkovnik jurnalisti ilk dəfə gördükdə ona qəzəblə baxmışdı, görünür o  da Sənan haqqında məlumatlı idi, ən azından Sənanın xəfiyyə ilə arasındakı əlaqədən xəbərdar idi. Aliqierinin öyrəndiyinə görə, həmin polkovnik ilə xəfiyyə arasında əvvəldən tanışlıq vardı. Sonrakı cinayət yerlərində də hər dəfə polkovnik jurnalisti gördükdə ona qəzəblə baxmağa davam edirdi.

7-ci cinayət yerinə yaxınlaşmaq Sənan üçün çətin olmuşdu, çünki cinayət yerinin ətrafına yüzlərlə insan yığışmışdı və həmin kütlənin arasından keçmək lazım olmuşdu. Küçənin ortasında bir yük maşını vardı, həmin yük maşınından onlarca kilo alma yerə boşaldılmışdı. Almaların çoxu çürümüşdü, ətrafa çox pis qoxu yayılmışdı. Amma bu qoxunun səbəbi tək almalar deyildi. Almaların arasında günlər əvvəl itkin düşmüş 3 uşağın çürüməyə başlayan cəsədləri var idi. Ətrafdakı hər kəsin ürəyi bulanırdı, ən çox isə mayor Sahil Qarayev qaytarırdı. Sənan onun bir neçə şəklini çəkdi. Amma təxmin eləməzdi ki, şəklin çəkdiyi bu səfil görünüşlü şəxs bütün hadisənin gedişatını dəyişəcəkdi. Sahil bütün qaranlıq qalan məsələləri aydınlığa qovuşdurmuşdu, üstəlik müsahibəni Sənanın işlədiyi qəzet kimi az reytinqsiz bir qəzetə yox, ölkənin ən çox oxunan qəzetinə vermişdi. Bütün cinayətlər barədə bildiyi məlumatları, hadisələrin dövlət tərəfindən necə gizlədildiyini və ölkədəki hər kəsin təhlükə altında olduğunu təsirli bir dillə açıqlamışdı. Bu müsahibədən sonra hər kəs sanki dəliyə dönmüş və xaos yaranmağa başlamışdı. Sənanın fikrincə, xalqın bir müddət daha hadisələrdən xəbərsiz qalması daha yaxşı olardı, özü öz fikrinin tam əksini edərək cinayətlər barədə qəzetdə yazılar yazsa belə.

8-ci cinayətdə ofisindəki bir mühasibin üzünün dərisi soyulmuşdu. Mühasib kresloda oturmuşdu, kostyumunun hər tərəfinə qan bulaşmışdı, ovuclarını önündə birləşdirmişdi və həmin ovucların arasında qabığı soyulmuş bir alma var idi. Hətta həmin hadisə yerindən bir alma tapılmasa belə bu cinayətin alma qatili tərəfindən işləndiyini asanlıqla anlamaq olardı. Belə qəddarlıqları normal bir insan, hətta normal bir cinayətkar belə törədə bilməzdi. 8-ci cinayətdən sonra Sənan xəfiyyə ilə telefonda danışarkən xəfiyyə ona belə demişdi:

"Uşaqlar, yaşlılar, qadınlar, şairlər, mühasiblər, qarsonlar... Qurbanlar arasında heç bir əlaqə yox imiş kimi görünür. Ya da bəlkə qatil belə görünməsini istəyir. Demək istəyir ki, sabahkı qurban sən və ya sənin yaxının da ola bilər."

Qurbanların təsadüfi seçilməsinin məqsədli olması həqiqətən məntiqli idi. Jurnalist bu barədə düşünməyi xəfiyyənin öhdəsinə buraxmışdı. Özü isə yığa bildiyi qədər məlumat yığmağa çalışırdı. Xalid İmanı qədər adlı-sanlı biri olmadığına görə bəzi yerlərə daxil olmaq onun üçün nisbətən daha asan olurdu və beləcə məlumatları da xəfiyyədən daha sürətli əldə edirdi.

9-cu cinayətdən sonra da vəziyyət pisləşməyə doğru getmişdi. Həmin cinayət digərlərindən fərqli sayılardı, çünki daxili bir məkanda yox, bir küçə aralığında törədilmişdi. Xalq bir uşağın daha öldürülməsi ilə bağlı xəbəri eşidəndə çox qəzəbləndi, hər kəs Sona Mahmuddan bir çağırış gözləyirdi amma çağırış filan olmadı. Sona xanım bu barədə səssizliyini qorumuş, etirazlar isə öz axarında davam etmişdi. Yalnızca Sona cinayətin sabahı günü keçirilən etirazlarda 10-cu cinayət yaşanarsa bunun yekün üsyanın başlanğıcı olacağını dilə gətirərək dövlətə xəbərdarlıq etmişdi. Sənan 9-cu cinayətdən bu yana 1 həftəyə yaxın vaxt keçsə də 10-cu cinayətin yaşanması ilə bağlı bir xəbər eşitməmişdi. Bu son həftədə xəfiyyə ilə əlaqəsi də azalmışdı, yalnızca xəfiyyə bir neçə gün əvvəl ona zəng eləmiş və bir şey araşdırması ilə bağlı xahiş eləmişdi. Sənan araşdırmanı etmiş və ipucular tapmışdı. Sahil Qarayevin də müsahibə verdiyi həmin qəzet çox mühüm bir məlumat əldə etmiş kimi idi, bunu Sənan öz digər jurnalist dostlarından öyrənmişdi. Amma həmin xəbərin məzmunu barədə hələ heç kim tam bir şey bilmirdi. Yenə də ən azından hər kəs onu bilirdi ki, bu o qədər mühüm xəbərdir ki, qəzet tərəddüddə qalıb. Daha sonra isə qəzetin tərəddüdlərinə son verən bir hadisə yaşanıb və bir şəxs çıxaraq yaşananları daha aydın şəkildə qəzetə danışıb. Və beləliklə 9-cu cinayətdən 1 həftə keçən günün səhərində Sənan Aliqieri əlindəki qəzetdən həmin 3-cü səhifədəki xəbərə baxırdı.

"QATİL TAPILDI?" - başlıq belə idi.

"ALMA QATİLİ LƏNƏTLİ AİLƏ NİZİYEVLƏR AİLƏSİNİN OĞULLARINDAN BİRİ NAZİM NİZİYEVDİR?"

"BİZDƏN GİZLƏDİLƏNLƏR..."

Bu başlıqların altına böyük bir şəkil yerləşdirilmişdi. Həmin şəkildə polkovnik Əkbər Cabbarov və xəfiyyə Xalid İmanı qarşı-qarşıya dayanmışdılar. Böyük ehtimal ki, xəfiyyənin Sənandan araşdırma aparmasını istəməyinin səbəbi də bu şəkil idi. Xəfiyyə telefon zəngində hansısa parlama gördüyündən də bəhs etmişdi. Niziyevlər ailəsinin malikanəsinin ətrafında hər zaman paparatsi jurnalistlər olurdu, yəqin ki, bu şəkli də nəyi çəkdiyinin fərqində olmayan həmin paparatsilərdən biri çəkmişdi. Şəklin altında isə belə yazılmışdı:

"Alma qatili cinayətlərinin istintaqının başına gətirilmiş polkovnik Əkbər Cabbarov və məşhur xəfiyyə Xalid İmanı Niziyevlər ailəsinin malikanəsinin bağçasında görüntüləndi!"

Anonim bir şəxs qəzetə demək olar hər şeyi açıqlamışdı. Həmin anonim şəxsin sözlərinə görə qatil Nazim Niziyev idi amma onu həbsə atmaq yerinə ev həbsində saxlayırdılar. Hətta ona qandal belə vurmamışdılar. Üstəlik hələ bu gün Niziyevlər ailəsinin malikanəsində çox görkəmli bir ziyafət təşkil ediləcəkmiş və ölkənin bir çox nüfuzlu şəxsləri həmin ziyafətdə iştirak edəcəkmiş. Bir sözlə, sadəcə bu xəbər üçün ayrılmış 3-cü səhifə elə bir üslubda idi ki, Sənan belə əsəbləşmiş, nələrinsə təhrif olunduğundan əmin olsa da sanki ona qarşı bir ədalətsizlik edilirmiş kimi özündən çıxmışdı bir anlıq. Daha sonra məntiqlə düşünməyə başladıqda bu məsələdə də çox dərin nüanslar olduğunu anlamışdı. İlk öncə, bu xəbər başdan-ayağa yalan da ola bilərdi, qəzet belə böyük bir məlumatı qıcıqlandırıcı üslubda təqdim edərək böyük risk almışdı. İkincisi, söhbət Niziyevlər ailəsindən gedirdisə bütün qəzetlər bir anda yığılıb yandırıla və sabah heç belə bir xəbər çıxmayıbmış kimi davrana bilərdi dövlət. Sənan bu ehtimallar barəsində xəfiyyə ilə bağlı danışmaq, hər şeyi aydın şəkildə öyrənmək istəsə də onunla əlaqə saxlaya bilmirdi. Və bir anda jurnalist elə bir hissə qapıldı ki, bu gün dünyanın sonunun gələcəyini zənn etdi.

Continue Reading

You'll Also Like

Yangın +18 By Elif ♤

Mystery / Thriller

3.1K 1.4K 14
"Sadece sen Deniz.." diyerek elini yanağıma koydu. "Sana ihtiyacım var, yanımda olmana ihtiyacım var" Ilk defa kahve gözlerinden yaş aktığını gördüm...
570 342 18
12 yıl geçmişti. Bazı kurallar değişmiş, diyarlar arasında yeni ve güzel gelişmeler artmıştı. Artık tarafları ayıran duvarlar veya çizgiler yoktu, he...
40.5K 573 10
Çocukların duygu dünyalarına hitap eden,seviyeli,çocuk psikolojisi dikkate alınarak hazırlanmış çocuk hikayeleri..
1.8K 180 20
Ben Aylizdim Ay ışığıydım parlayacaktım parlıyordum'da herşey yolundaydı onunla karşılaştıktan sonra hiç birşey yolunda gitmedi hayatım umutlarım ,ha...