Qan rəngində alma

By poeticrizzler

2.7K 293 214

Detektiv əsər. 8 dəhşətli cinayətə səbəb olmuş qatil öz qurbanlarının cəsədinin yanına bir qırmızı alma burax... More

Tanıtım.
Cinayətlər.
Barmaq izi və şahid.
Əməliyyat.
Qaranlıqdakı siluet.
Xəfiyyənin debütü.
Testlər.
Qatilin qəzəbi.
Üsyan.
"Libera me"
Masqaradue.
DİES İRAE.
Qatilin sorğusu.
Xəfiyyənin müsahibəsi.

Hallelujah!

126 14 4
By poeticrizzler

Xəfiyyənin müstəntiqin cəsədinin yanından ayrılıb otaqdan çölə qaçdığı anlarda serjant Sərxan Qocayevin ağlına qəflətən bir fikir gəlmişdi. Əgər qatil müstəntiqi öldürmək üçün 4-cü mərtəbədən ayrılıb birinci mərtəbəyə enmişdisə hazırda iki qardaşın qaldığı otaqlardan biri mütləq ki, boş olmalı idi. Qocayev ətrafa baxdıqda qardaşların otaqlarının qapısının önündə olması gərəkən polislərin də elə burada olduğunu, müstəntiqin çılpaq cəsədinin başına yığışmış izdihamın arasında olduğunu gördü. Qışqırıq səsi o qədər yüksək tonda idi ki, bütün malikanədə eşidilmişdi və o qədər tükürpərdən idi ki, ən dərin yuxudakı insanı belə oyada bilərdi. Əlbəttə belə bir səsi eşidən 4-cü mərtəbədəki polis əməkdaşları öz vəzifələrini unudaraq dərhal aşağıya qaçıb nə olduğunu öyrənməyə çalışmışdılar. Sonda isə qarşılaşdıqları mənzərə onlara ümumiyyətlə kim olduqlarını belə unutdurmuşdu. Sərxan Qocayev öz vəzifələrini bir an belə unudacaq polislərdən deyildi. 31 yaşlı bu iti zəkalı serjantın saçı onun əməkdaşlarının sözləri ilə desək çox işləməkdən tamamilə tökülmüşdü. İndi onun bir zamanlar gur, qara olan saçlarının yerində parıldayan dəri qalmışdı. Qocayev əlini həmin şəffaf keçəlinin üstündə gəzdirib ağlına gələn fikir sonrası bədəninə yayılan adrenalin hormonu ilə hərəkətə keçdi. Sadəcə bir dəqiqə sonra 4-cü mərtəbəyə çatanda tənginəfəs halda qalmış olsa da yenə də silahını çıxarmağı unutmamışdı.

Xəfiyyə Xalid İmanı var gücü ilə qızının yanına qaçmış, xarizmasına yaraşmayacaq bir acizlik içində qarşısına çıxan insanları itələyə-itələyə dodağının altında dualar etmişdi. Otağa çatdıqda isə içində yaranan minnət hissi onun həyatı boyunca Tanrıya olan inamının pik nöqtəsi idi. Qızı Xəyalə dizlərini qucaqlayaraq yatağında oturmuş, iri gözlərini qırpmadan boşluğa baxan pişiklər kimi eləcə dayanmışdı. Atası qızına doğru qaçıb onu möhkəm qucaqladı:

- Şükür Allaha! Şükürlər olsun! Şükürlər olsun! - xəfiyyənin gözləri dolmuşdu.

Qız atasının qucaqlamasına reaksiya vermirdi, qorxmuş uşaqlar adətən belə səssiz və sabit şəkildə dayanırdılar. Xəfiyyə bu halı anladıqda aciz ata halından qurtulmağa başlayır, rasionallığı bərpa olurdu. Bu normallaşma müddəti boyunca içində yaranan qəzəbdən qollarının arasındakı qızı həddindən artıq möhkəm qucaqlamağa başlamışdı.

- Ata, mən boğuluram. - dedikdə Xəyalə qəzəb də getmişdi. Xəfiyyə qızından ayrılıb üzünü digər tərəfə çevirdi və gözlərini sildi.

- Bağışla. Səni bura gətirməməliydim. - xəfiyyə gözlərini silərkən otağın pəncərəsinin açıq olduğunu gördü. Və yenidən qızı tərəfə baxanda isə Xəyalə ona doğru bir alma uzatmışdı.

- O, mənə bunu verdi. Pis adam...

Xəfiyyə almanı əlinə götürüb incələdi. Almanın üzərinə iri iki göz cızılmışdı və gözlərin üstünə "X" çəkilmişdi. Bu gözlərin kimin gözləri olduğunu açıqca bilmək olurdu:

- Sən onun hansı qardaş olduğunu deyə bilərsən? - Xəfiyyə soruşdu.

- Yox, onun gözü səyirmirdi və paltarları da tamam başqa idi. Mən bilmirəm, ata. - birdən Xəyalənin gözləri doldu, 7 yaşlı qız ağlamsınmağa başladı.

- O sənə başqa nəsə dedi?

- O dedi ki... O dedi ki... Əgər ona baxmağa davam eləsəm... Gözlərimin içinə qızdırılmış şiş soxub məni kor edəcək. - qız ağlayırdı, atası onu yenidən qucaqladı.

- Qorxma, Xəyalə. Atan burdadır, heç kim sənə heç nə edə bilməz. - xəfiyyə qızını sakitləşdirməyə çalışırdı.

Bu açıqca bir təhdid idi. Almanın üzərinə cızılmış gözlər də bu təhdidin bir parçası idi. Qatil Xəyalənin baxışlarından narahat olmuşdu, eynilə qətl etdiyi Konan Hillin asqırıqlarından narahat olduğu kimi. Və onu narahat edən şeylərdən ən yaxşı bildiyi yolla qurtulmağa qərar vermişdi. Artıq xəfiyyə qızını burda bir saat belə saxlaya bilməzdi. Amma Xalidin özünün getmək kimi bir fikri yox idi. Yaşananlardan bir çox polis əməkdaşı təsirlənmiş və panikaya düşmüşdü, artıq bir çoxu istefa planları da qurmağa başlamışdı. Xəfiyyə isə əksinə qatilin ən zəif yanını tapdığını düşünürdü. Həm də qızına edilən şeyi bağışlamayacaqdı, bu istintaq onun üçün bir prinsip məsələsinə çevrilmişdi.

4-cü mərtəbədəki Sərxan Qocayevin ardınca onunla eyni şey ağlına gəlmiş bir neçə polis də yuxarı çıxmışdı. Onlar yuxarıya çatdıqda Qocayev iki qardaşı qandallayıb yerə uzatmışdı. Qardaşların simasında həmin heç nədən xəbərsiz məsum ifadə vardı. Sərxanın dediyinə görə o bura çatdıqda qardaşlar hər ikisi qapının önündə dayanmışdılar, hər ikisi eyni cür narahatlıqla ondan qışqırıq səsi haqqında soruşmuşdular, Sərxan hər iki otağa daxil olub ətrafa nəzər salsa da anormal heç bir şey tapmamışdı. Qatil onlardan cəld davranmış və öz otağına qayıdıb yenidən həmin məsum roluna bürünmüşdü. Polislər qəzəbliydilər, müstəntiqi öldürən şəxs onların qarşısında dayanmışdı amma onlar bu barədə heç nə edə bilmirdilər. Sanki qandallanan əkizlər yox, həmin bu polislər idi. Onlar qardaşları heç nəzakət göstərmədən ayağa qaldırıb aşağıya düşürtdülər. Müstəntiqin otağının qarşısındakı adamların sayı daha da artmışdı. Polislər, xidmətçilər, Nazilə xanım, Həsən Kərimli və xəfiyyə Xalid İmanı, hər kəs narahat bir şəkildə otağın önünə toplaşmışdı. İçəridən çıxan ağ xalatlı adam əlindəki əlcəyi çıxarıb başını məyus şəkildə yellədi. Həkim müstəntiqin ölümünü təsdiqlədi. 

- Mən başa düşmürəm... - dedi əkiz B.

- Biri burada nə olub bizə danışacaq? - əkiz A səsini yüksəltdi.

Bu sözlərin qarşısında daha da qəzəblənən polislər onları itələyərək otağa doğru apardı. Otağın qapısına çatdıqda əkizlər yataqdakı boğazı kəsilmiş cəsədə baxdılar.

- Bunu sən etmisən. Ya da sən! - dedi serjant Sərxan Qocayev.

Əkiz A başını sağa çevirdi, əkiz B isə sola. Onlar qarşılarındakı şeyi görmək istəmirmiş kimi davranırdılar.

- Mənim qardaşım belə şey etməz. Bunu sən etmisən, Nazim? Sən etmisən??? - A-nın səsi titrəyirdi.

- Özün də yaxşı bilirsən, Nazim, bunu mənim etmədiyimi. Özün də... - B-nin gözündən bir damla yaş axdı.

Bu sözlərdən sonra qardaşların arxasında biri peyda olmuşdu. Həmin adam iri əllərini qardaşların çiyinlərinə qoyub onları yana çəkdi və otağa daxil oldu. Polkovnik Əkbər Cabbarov yataqdakı çılpaq cəsədin müstəntiq Konan Hillə aid olmadığına inanmaq istəyirdi, neçə illik əməkdaşı deyildi ordakı ölü, mavi gözlərlə tavana baxan, divara sıçramış o qan ləkəsi onun dostuna aid olmamalıydı. 

- Konan... - deyə səsləndi Əkbər yuxudakı birini oyatmaq istərcəsinə. Reallığı dərk etdikdə rəngi soldu, qaməti büküldü, gözlərindən yaşlar axmağa başladı. Polkovnik həmin an yataqdakı cəsəddən belə daha ölü görünürdü.

***

Səhər açıldıqda xəfiyyənin ilk işi qızı Xəyaləni güvəndiyi bir polislə birlikdə xalasının yanına göndərmək olmuşdu. Xəta etdiyini anlamışdı, müstəntiq haqlıydı, kiçik bir uşağı belə bir yerə gətirmək heç də məntiqli bir qərar deyildi. Yenə də şükürlər olsun, Xəyalə sağ-salamat idi, başqa bir qız olsa yaşadıqlarından psixoloji travma alardı. Amma o, xəfiyyənin qızı idi. Darvazanın önündə atası ilə sağollaşarkən eynilə bir yetişkin kimi atasının qulağına pıçıldamışdı:

- Bu evdəkilərin hamısı pis adamdırlar. Bunu onların üzündə görmüşəm.

Qız bunları deyib atasından uzaqlaşmış və avtomobilə keçmişdi. Xəfiyyə avtomobilin uzaqlaşmasını izləyərkən Xəyalənin nə demək istədiyini düşünmüşdü amma hələ qızının fərqinə vardığı şeyin fərqinə varması üçün bu axşama qədər gözləməli olacaqdı. Bu axşam yaşanacaq bir hadisə Xəyalənin sözlərinə aydınlıq gətirəcəkdi.

Qızını yola saldıqdan dərhal sonra xəfiyyə izlərin ardınca düşdü. Nazim öz otağından ayrılmış, pilləkənlərdən istifadə etmədən müstəntiqin otağına daxil olmuş, onu öldürmüşdü. Bununla da yetinməyərək bu səfər heç bir dəhlizdən istifadə etmədən xəfiyyənin otağına keçmiş və qızını təhdid etmişdi. Bu iki hadisə arasında o qədər az vaxt fərq vardı ki, sanki Nazim eyni anda iki yerdə birdən peyda olmuşdu. Bəlkə də bu malikanə deyildiyi qədər sirli bir məkan idi. Xəfiyyə otaqlara daxil oldu və hər yeri gözdən keçirdi. Qardaşlara verilən hər iki otaq bənzər otaqlar idi. Qapıda polislər dayanmışkən Nazimin bu otaqdan çıxmasının tək yolu pəncərə idi. Pəncərə sayəsində birinci mərtəbəyə enə bilər, hətta müstəntiqin otağına da daxil ola bilərdi. Əlbəttə bunu edə bilmək üçün xüsusi bir bacarığa malik olmalı idin, peşəkar alpinistlər kimi həssas davranmalı, hətta bəlkə nindzalar kimi cəld hərəkət etməli idin. Görünür, xəfiyyə belə birini tanıyırdı, ən azından kağız üstündə. Nazim Niziyev haqqındakı məlumatların arasında həm alpinistliyi, həm də nindzalığı tapmaq olardı. Yəni belə qənaətə gəlmək olardı ki, qatil həqiqətən də pəncərələrdən, eyvanlardan, divarlardan və borulardan istifadə edərək birinci mərtəbəyə enmişdir. Bu halda digər bir məsələ qalmışdı. Bu məsələnin həlli üçün xəfiyyə qardaşların otağından ayrılıb müstəntiqin otağına getdi. Həmin otaqdakı ölüm aurası hələ dağılmamışdı. Yatağın üzərinə ağ təbaşirlə Konanın bədəninin silueti çəkilmişdi. Yatağın arxasındakı divarın sol tərəfinə sıçrayan qan uzun, qırmızı bir iz yaratmışdı. Axan damlalar həmin izdən döşəməyə qədər daha bir neçə kiçik iz yaratmışdılar.  Qatil sağ tərəfdəki açıq pəncərədən daxil olmuşdu heç şübhəsiz, qızdırmalı və xəstə müstəntiq ona müqavimət göstərə bilməmişdi. Cinayət aləti olan bıçağı çıxarıb sadəcə bir həssas və dəqiqliklə hesablanmış zərbə ilə qurbanının boğazını elə dərindən kəsmişdi ki, səs telləri belə zərər görmüşdü. Yəni müstəntiq qışqırarkən qatil mütləq bu otaqda olmalı idi. O dəhşətli bağırtıdan sonra xəfiyyənin öz otağından çıxıb müstəntiqin otağına gəlməsi 45 saniyə çəkmişdi və ondan bir neçə saniyə tez gələnlər belə vardı. Bu da o demək idi, qatilin otaqdan heç kimə görünmədən ayrılması üçün cəmi 30 saniyəsi vardı. O, bu 30 saniyədən havalandırma sisteminə qalxmaq üçün istifadə eləmiş olmalı idi. Pəncərədən çıxması məntiqli olmazdı, çünki pəncərə vasitəsilə malikanənin digər başında yerləşən xəfiyyənin otağına bu qədər cəld çata bilməzdi. Həmçinin Xəyalə onun qapıdan daxil olduğunu demişdi. Yəni qatil havalandırma vasitəsilə həmin otağın yerləşdiyi dəhlizə enmiş, xəfiyyənin otağına daxil olub qızını təhdid etmişdi. Gözlərinə qızdırılmış şiş soxulmaqla bağlı sözləri eşitdikdən sonra Xəyalə qorxudan gözlərini yummuş və qatilin otağı haradan tərk etdiyini görməmişdi. Xəfiyyə çıxış yerinin pəncərə olduğuna əmin idi, qatil fövqəladə cəld hərəkətlərlə 1 dəqiqədən qısa bir müddətdə yuxarı dırmanıb öz otağındakı yerini almışdı. Elə ki, artıq serjant Sərxan Qocayev 4-cü mərtəbəyə çatanda o digər qardaşı ilə birlikdə otaqdan çölə belə çıxmışdı. Bütün bu hadisələr 3 dəqiqə ərzində baş vermişdi və yenə qüsursuz şəkildə işlənmişdi. Əlbəttə xəfiyyənin qatilin həmin andakı hərəkətləri ilə bağlı fərziyyələrində qüsurlar da vardı. Məsələn havalandırma sistemi bir insanın sığa bilməyəcəyi qədər dar idi. Amma bütün bu qüsurların fərqində olan da bir tək xəfiyyənin özü idi. Ağlında alternativ bir fərziyyə olsa da həmin fərziyyə haqqında hələki heç kimə deməyəcəkdi.

Xəfiyyə öz tədqiqatını apararkən yalnız qalmışdı. Polkovnik Cabbarov bütün gecə oyaq şəkildə bağçada dayanıb dalğın-dalğın boşluğa baxmışdı. Səhər isə 1-ci mərtəbədəki qardaşların test edildiyi qonaq otağının bir küncündə oturub başını aşağı salmışdı. Artıq hadisələrə müdaxilə etmək niyyəti yox idi, tamamilə çökmüşdü. Durmadan gələn zənglərin heç birinə cavab verməmişdi. Hətta istefa barədə belə düşünürdü. 10 yaşlı qızın bədəndən qopmuş əli, müstəntiqin kəsilmiş boğazı, Qənbərovun göstərdiyi oğrunun şəkli, Nizamın təbəssümü, bu görüntülər hər biri bir kadr kimi onun gözlərinin önündən gəlib keçirdi. Başı ağrıyırdı, ürəyi bulanırdı, kədərli və yorğun idi. Dünən general-mayorun yanından ayrılarkən daxilində yaranmış qətiyyəti alma qatili elə həmin gecə sındırmışdı. Evə qayıdıb həyat yoldaşının yanında istirahət etmək istəyirdi amma özündə ayağa qalxıb bu malikanədən ayrılacaq taqəti də tapa bilmirdi.

Nəinki polkovnik, digər polis əməkdaşları da öz vəzifələrindən qaçmağa çalışırdılar sanki. Onlar xəfiyyədən uzaq gəzir, bəzən gözdən itir, otaqlarına çəkilirdilər. Leytenant Maqsud Səfərov yaşananlara vecsiz yanaşaraq həmin ağacın altında daha çox vaxt keçirməyə başlamışdı. Bir tək Sərxan Qocayev xəfiyyəyə yardım edir, qardaşların qaldığı otağı tez-tez yoxlayır və hər işə yetişməyə çalışırdı. Digər polislərin bir çoxu isə gözdən itdikdən sonra bir daha peyda olmurdular. Onların yerinə şöbə tərəfindən yeni polislər göndərilirdi. Bu yeni polislər polkovnikin özünün seçdiyi dəstədəki polislərin əvəzinə xəfiyyənin gözünə heç yaxşı dəymirdi. Həmin yenilərin gizlətdikləri başqa bir vəzifələri olduğunu açıqca sezmək olurdu. İdarə belə bir hadisəni çoxdan gözləyirmiş kimi alma qatili cinayətləri barədə ən az məlumata sahib şəxsləri sanki qəsdən seçib malikanəyə göndərmişdi. Əgər polkovnik gün ərzində özünü bu qədər passiv aparmasa bu yenilənmə prosesinin qarşısını almaq mümkün olardı.

Əlbəttə idarənin gözdən qaçırmayacağı yeni bir boşluq daha yaranmışdı. Həmin boşluq sorğu əməliyyatındakı müstəntiq vəzifəsində yaranan boşluq idi. Əməliyyatın köhnə müstəntiqi Konan Hill sabahkı dəfn mərasiminə qədər morqda gözləməli olacaqdı. Prokurorluq tərəfindən göndərilən yeni müstəntiq isə malikanəyə günorta saatlarında çatmışdı. Onu qarşılamaq üçün xəfiyyə birbaşa özü getdi. Yeni müstəntiq darvazanın önündə qara, bahalı bir maşından endi, gözündə qara eynək vardı. Əllərini belinə atdı və özündən razı formada gülümsədi. Daha sonra eynəyini çıxarıb köynəyinin cibinə qoydu və xəfiyyəyə yaxınlaşdı:

- Deməli, o məşhur xəfiyyə sizsiniz. - adamın səsi çox qalın idi. Qamətli və uzun biri idi, belə ki, bir qədər qamətli sayılan xəfiyyənin bütün bədəni onun kölgəsinə sığışardı. Yaşı 40-dan çox olardı, üz cizgiləri kəskin, başının forması isə daha kəskin idi. Adamın başı normaldan çox böyük idi.

- Xoş gəldiniz, müstəntiq Rəhman Sabuzadə. Sizinlə tanışdığıma şad oldum.

- Deməli adımı bilirsiniz. - adam xırıldayaraq güldü. O, dodaqlarını bir an belə yummur, dişlərini gizlətmirdi. Həmin bu gülüş Sabuzadənin simasına yapışıb qalmışdı.

- Bəli, sizin bacarıqlı bir müstəntiq olduğunuzu bilirəm. Hərhalda elə olmasa sizi bura göndərməzdilər. - müstəntiq bu sözləri nəzakət xətrinə demişdi. Sabuzadə heç də fövqəladə bacarıqlı biri deyildi, heç o qədər tanınmış bir müstəntiq də sayılmazdı. Sadəcə bir neçə il əvvəl aldığı rüşvətlərlə bağlı müxalif bir qəzetdə haqqında yazı yazılmışdı. Hələ bir neçə gün əvvəl Konan Hill xəfiyyəni elə burdaca qarşılamışdı. İndi isə vəziyyət ayrı idi, artıq kimisə qarşılayan xəfiyyə özü idi. Konan Hill yaxşı müstəntiq idi, ən azından problem yaradacaq biri deyildi. Edə biləcəyi şeylərlə edə bilməyəcəkləri arasındakı həddi, öz yerini yaxşı bilirdi. Məsələlərə rasional yanaşmaq bacarığına malik idi. Əgər bu istintaq üçün yeni bir müstəntiq təyin ediləcəkdisə ən azından Konan Hill kimi biri olmalıydı. Xəfiyyənin qarşısındakı adamın isə həmin kriteriyalarla yaxından-uzaqdan əlaqəsi yox idi.

- Bunu eşitdiyimə sevindim, xəfiyyə. Mən də sizin bacarıqlarınız haqqında çox eşitmişəm. Amma deyəsən həmin bacarıqlar Niziyevlər ailəsinin qarşısında heç bir işə yaramır. Bəlkə də qardaşınız bu iş üçün daha uyğun biri olardı.

Sabuzadə xəfiyyənin sevmədiyi bir mövzudan söhbət açmışdı.

- Xəlildən bəhs edirsiniz?

- Bəli, bəli. Mənə bir şey maraqlıdır. Siz ki, əkiz qardaş olmağı yaxşı bilirsiniz. Necə olur bu qardaşlar arasındakı fərqi anlaya bilmirsiniz?

- Qardaşımla mən əkiz olsaq da həddindən artıq fərqli şəxslərik, müstəntiq. Hətta insanlar bizim əkiz olduğumuza inana bilmirlər. Qardaşımın bu işə uyğun olması barədə sözlərinizə gəldikdə isə, özünüz də bilirsiniz ki, o çox uzun müddətdir ortalıqda yoxdur. Və belə "xırda" işlərlə maraqlanmadığını da yaxşı bilirsiniz.  Həm bu tamam ayrı məsələdir.

Sabuzadə nəsə demək istədikdə malikanə tərəfdən gələn kimisə görüb başını qaldırdı:

- Ooo, polkovnik. Bu nə haldır? Elə bil alma qatili dünən sizi də öldürüb.

Sabuzadənin zarafatına özündən qeyri heç kim gülmədi. Cabbarov yavaş addımlarla yaxınlaşıb yeni müstəntiqlə görüşdü. Onlar üçü hazırki vəziyyət haqqında danışmağa başladılar. Polkovnik söhbətə bəzən qoşulurdu, çox vaxt isə səssizcə dinləyirdi. Xalid İmanı qatilin cinayəti necə işlədiyi barədə fərziyyələrini onlara nəql etdi. Söhbətin sonunda Rəhman Sabuzadə gülüşünün bir az daha böyüdərək polkovnikə baxdı:

- Cabbarov, rəisin sizə salamı var. Qənbərovun.

Polkovnik heç nə demədən başını yellədi.

- Rəis dedi ki, sizə xatırladım...

- Nəyi xatırladasınız? - polkovnik soruşdu.

- 6 gün polkovnik, 6 gün... - bu sözləri dedikdən sonra başqa bir söz demədən Sabuzadə onların yanından ayrıldı və malikanəyə doğru getdi. Xəfiyyə və polkovnik yan-yana dayanaraq uzaqlaşan müstəntiqin arxasınca baxırdı.

- Deyəsən bu da köhnə tanışlarınızdandır.

- Yekəbaşın biridir. 

- Deməli bizə 6 gün veriblər.

Polkovnik susdu.

- Əgər vaxtımız bu qədər azdırsa sizin bir küncdə oturub düşüncəyə getməyiniz işimizə gəlməz. Üstəlik qarşımızdakı əngəllər günü-gündən çoxalır. Özünüzə gəlin, polkovnik. Bunu sizsiz bacarmaq çox çətin olar. - xəfiyyə bu sözləri dedikdən sonra əlini polkovnikin çiyninə iki dəfə vurdu və o da malikanəyə doğru getdi. Polkovnik isə bir müddət tək başına orada dayanaraq xəfiyyənin sözləri barədə düşündü.

Xəfiyyə malikanəyə geri döndükdə Niziyevlər ailəsi üzsüzcə öz ziyafət hazırlıqlarına davam etməyə başlamışdılar yenidən. Nazilə xanım səhər tezdən xəfiyyəni gördükdə ona belə demişdi:

- Sizin yasda olduğunuzun fərqindəyəm. Bu səbəbdən üstünüzə çox gəlmək istəmirəm. Amma bu cinayəti də oğlumun üstünə atmağınıza icazə vermərəm. Mənim oğullarım cinayət işlənən zaman öz otaqlarında idilər, bunu hər kəs gördü. Bu evdə sizdən də, bizdən də xeyli adam var. Əgər bir qatil axtarmaq niyyətindəsinizsə bəlkə də həmin qatili öz adamlarınızın arasında axtarmalısınız.

Nazilə xanım sözlərinə ara vermişdi. Xəfiyyənin cavab vermədiyini gördükdə isə davam etdi.

- Sizə günortaya qədər vaxt verirəm, protokolları yerinə yetirin. Sizin ucbatınızdan mənim evimdə bir cinayət işləndi. Heç bilirsiniz bu xəbər yayılsa nə olar? Aman Allah! Şükürlər olsun ki, mən öz xidmətçilərimə güvənirəm, onların ağzından söz çıxmaz. Bəs siz adamlarınıza güvənirsiniz? Dediyim kimi, sizə günortaya qədər vaxt verirəm. Günortadan sonra isə hər şey öz axarında davam edəcək. Sizə görə heç nəyi yubatmaq fikrim yoxdur.

Bayaqdan bəri aşağı baxaraq dinləyən xəfiyyə başını yuxarı qaldırıb sakit tərzdə cavab vermişdi:

- Sizin oğlunuz dünən bir adamın, yaxşı bir adamın boğazını kəsərək öldürdü. Əgər bu həqiqət qarşısında belə bir ziyafət keçirmək istəyirsinizsə buyurun, davam edin.

Nazilə xanım əsəbdən qızarmışdı. Nə deyəcəyini bilmirdi. Onun davranışlarından anlamaq olurdu ki, o bu həqiqəti bütün varlığı ilə danır. Üzünü çevirib oranı tərk etmişdi və söz verdiyi kimi günortaya qədər nə özü, nə Həsən Kərimli, nə də başqa biri heç nəyə müdaxilə etməmişdi.

Qardaşlara gəldikdə isə onlar vicdan əzabıyla çırpınan adamlar qədər dalğın idilər bu gün. Yerlərində vurnuxur, özlərinin qatil olmadıqlarını sübut etməyə çalışırdılar. Xəfiyyə onlara cinayət saatında nə etdikləri barədə, qışqırığı eşitdikdə nə reaksiya verdikləri barədə və bir çox mövzuda suallar vermişdi. Cavablar isə hər zaman olduğu kimi tamamilə bənzər idi. Xəfiyyə müstəntiqi qarşılamaqdan qayıtdıqda artıq Sabuzadə qardaşlarla söhbətə başlamışdı belə. Onu burada çox xoş qarşılamışdılar, Nazilə xanım onu qucaqlamış, Həsən Kərimli mehribanlıqla əlini sıxmışdı. Sən demə Sabuzadə Niziyevlər ailəsinin köhnə dostlarından imiş, hələ uzaqdan-uzağa qohum da sayılırlarmış. Xəfiyyə elə bu şəxsin bura göndərilmə səbəbinin də bu olduğunu anladı.

Sabuzadənin malikanədə qarşılandığı bu vaxtlarda bağçada başqa bir mühüm hadisə daha yaşanmışdı. Leytenant Maqsud Səfərov özünə məskən elədiyi həmin ağacın altında dayanaraq 3-cü mərtəbədəki pəncərəyə baxırdı yenə hər zaman olduğu kimi, ayağının altı siqaret filterləri ilə dolu idi. Keçən günlər ərzində o Nəzrin adlı qızı bir neçə dəfə pəncərədə görmüşdü. Nəzrin də həmçinin leytenantı görmüş və orada niyə dayandığını anlamışdı. Amma reaksiyası heç də yaxşı olmamışdı, qız əlindəki plastik bıçağı öz boğazına aparıb sağa-sola yelləmişdi. Bu o demək idi ki, əgər pəncərəyə baxmağa davam etsən sənin başını kəsərəm. Aşiq leytenant Səfərov isə bunu sadə bir naz olaraq başa düşmüşdü. Dünən gecəki qışqırıq səsini Nəzrin Niziyeva da eşitmişdi əlbəttə. Amma ona bu barədə heç bir məlumat verilmirdi. Otağından çıxa bilmir və səs-küy salmaqdan başqa əlindən heç nə gəlmirdi. Bu gün leytenant Səfərov gözləsə də günortaya qədər Nəzrin pəncərədə görünməmişdi. Leytenant artıq bu işin alınmayacağını qavramağa başlamışdı, ona görə də bir saat daha gözləyəcəkdi və əgər aşiq olduğu qız pəncərədə görünməsə bu ağacın altını bir dəfəlik tərk edəcəkdi. Hətta görünsə belə yenə o baş kəsmə hərəkətini edəcəkdisə bu da leytenantın bura qayıtmamağına səbəb olacaqdı. Maqsud qəti qərar vermişdi, uşaqlıq edəcək yaşı deyildi, ağlını başına yığıb vəzifəsinə qayıtmalıydı. Amma həmin günorta onun qərarını yararsızlaşdıracaq bir möcüzə baş verdi. Nəzrin Niziyeva onu bir müddət gözlətdikdən sonra pəncərəyə çıxmışdı, üstəlik səmimi bir şəkildə gülümsəyərək Səfərovun qəlbini titrətmişdi. Səfərov ona əl eləmişdi, qız isə onun bu hərəkətinə qarşılıq vermişdi. Nəzrinin gözəlliyinin qarşısında bütün məntiqli düşüncələr yoxa çıxmış, yerini heyranlıq və sevgi düşüncələri almışdı. Qız bir neçə saniyə geri çəkilib pəncərədən itdi. Geri döndükdə isə əlində bir dəsmal vardı. Bu köhnə nağıllardakı kimi bir səhnə idi. Qız ağ dəsmalı aşağı atdı və Səfərov həmin dəsmalı yerə düşmədən tutmaq üçün o yan bu yana qaçmağa başladı. Bacarmadı, dəsmal siqaret filterlərinin üzərinə düşmüşdü. Maqsud əyilib dəsmalı götürdü, yenidən yuxarı baxdıqda isə artıq Nəzrin pəncərədə deyildi. Oğlan ağ, qırağı bəzəkli dəsmala baxdı, dəsmalın üzərinə qara qələmlə bu sözlər yazılmışdı:

"Libera me."

- Bu nə deməkdir ki? - dedi Səfərov öz-özünə yazılanı başa düşmədən.

Bir neçə saat sonra o bu sözlərin mənasını öyrənmək üçün malikanəyə getmişdi. Polkovnik onu görəndə elə beləcə də demişdi:

- Axır ki, bizim tərəflərə də təşrif buyurdun.

Polkovnik səhərki halından daha yaxşı görünürdü. Yeni gələnlərə vəzifələr verir, polis əməkdaşları arasındakı disiplinə nəzarət etməyə çalışırdı. Leytenantın axtardığı isə o deyildi. Leytenant dəsmalın üzərinə yazılan sözlərin mənasını bir tək şəxsin anlayacağından əmin idi. Xalid İmanı qardaşların sorğusunun keçirildiyi həmin qonaq otağında idi. Amma bu otaqda xəfiyyədən başqa xeyli adam vardı deyə Səfərov ona dərhal yaxınlaşa bilmədi. Demək olar hamı burda idi. Əkizlər və əkizlərin arxasında həmin tərzdə gözlərini yumaraq dayanan Həsən Kərimli, yeni gələn müstəntiq və müstəntiqlə söhbət edən Nazilə xanım, polkovnik, serjant Qocayev və hətta Nizami Niziyev belə. Nizami müəllim digərlərindən uzaqda, Adəm və Həvva rəsminin qarşısında idi yenə də. Səfərov yavaş addımlarla, diqqət çəkmədən xəfiyyəyə doğru yaxınlaşdı. Xəfiyyə masanın önündə oturmuşdu, qarşısında boş bir boşqab, əlində isə bir çəngəl vardı. Bəzən həmin çəngəli boşqaba sürtərək narahatedici bir səs çıxarırdı. Digər əli iləsə dəftərçəsinə nələrisə qeyd etməklə məşğul idi. Səfərov guya təsadüfən onun yanına gəlmiş kimi tavana baxır, başının arxasını qaşıyırdı.

- Nəsə soruşacaqdın, Səfərov? - xəfiyyə ona baxmadan belə məqsədini anlamışdı.

- Iıı... - Maqsud saçlarını əliylə sağ tərəfə darayıb gözlərinin üstündən çəkdi: - Siz yəqin ki, dünyagörüşü çox geniş bir şəxssiniz. Mənə bir sözün, daha doğrusu bir cümlənin mənasını deyə bilərsiniz?

- Əlbəttə. - xəfiyyə öz işiylə məşğul ola-ola cavab verdi.

- Libera me. Bu nə deməkdir? Libera... me.

Xəfiyyə qələmini dəftərdən çəkib Səfərovun gözlərinin içinə şübhəylə baxdı:

- "Məni azad et" deməkdir. Niyə soruşdun?

- Heç. Heç. Bir kitabda görmüşdüm. Dedim mənasını siz bilərsiniz.

- Kitab həvəskarı olduğunu bilmirdim.

Səfərov gülümsədi və cavab vermədən tələsərək oradan uzaqlaşdı. O, otaqdan çıxarkən axşam yeməyinə masanı hazırlamaq üçün 6 xidmətçi içəri daxil oldu. Xidmətçilər əllərindəkiləri yerləşdirmək üçün masaya yaxınlaşdılar. Xəfiyyə isə hələ də Səfərovun çıxdığı qapıya baxmağa davam edirdi. Onun içini şübhə bürümüşdü. Artıq bu barədə nəsə etməyin vaxtı gəlmişdi. Xəfiyyə serjant Sərxan Qocayevi yanına çağırdı. Serjanta deyəcəkdi ki, Nəzrin adlı qızın otağına nəzarəti öz üzərinə götürsün və gözü həmin otaqda olsun. Qocayev bu gün səhərdən bəri həddindən artıq gərgin görünürdü. Baxmayaraq ki, indi əvvəlkindən daha çox əlindən gələni etməyə çalışırdısa da bunu xüsusi bir nifrət duyğusu ilə yerinə yetirirdi. Konan Hillin ölümü ona həddindən artıq təsir etmişdi və bu barədə heç nə edə bilməməsinə əsəbləşmişdi. Xəfiyyəyə doğru gələrkən də həmin gərgin ifadə var idi üzündə. Xalidin yanına çatmamış xidmətçi bir oğlanla toqquşdu və ikisi də yerə yıxıldılar. Xidmətçi oğlan dərhal ayağa qalxdı:

- Diqqətli ol da bir az!

- Səsini yüksəltmə ə! Qabağıma çıxan sən idin. - serjant isə hələ yerdə oturmuşdu. Xidmətçinin əlindəki sinidən düşən bir neçə qədəh onun yanında yerə düşüb qırılmışdı. Serjant ayağa qalxmağa çalışanda həmin qədəh qırıntılarından biri onun əlinə batdı və bu onu daha da əsəbləşdirdi. Ayaq üstə dayananda əllərindən qan axırdı, qəzəbdən üzündəki qırışların sayı artmışdı.

- Daha bezmişəm sizdən. İyrənc məxluqlar. Hamınız lənətlisiniz! Sizin aranızda olduğuma görə belə Allah bəlamı verəcək. Öz bacısı ilə, öz qardaşı ilə yatan adamlarla eyni otaqda nəfəs almaq belə ürəyimi bulandırır!

...

Otağa səssizlik çökdü. Heç kim nəfəs belə almırdı. Serjant Sərxan Qocayev hamının bildiyi amma heç kimin dilə gətirmədiyi həmin o gerçəyi hər kəsin eşidə biləcəyi səs tonu ilə dilə gətirmişdi. Bu gerçək Niziyevlər ailəsinin "lənətli ailə" adını almasına səbəb olan həmin gerçək idi. Keçmişdə ölkənin ən varlı adamlarından Nizi Niziyevin oğlu Nizami Niziyev və qızı Nazilə Niziyeva birlikdə evdən qaçmışdılar. Bir müddət sonra yayılan xəbərlərə görə onlar doğma bacı-qardaş olmaqlarına baxmayaraq bir-birlərini sevərək evlənmişdilər. Bütün xalq onları və eləcə də onların valideynlərini lənətləmiş, onlara lənətli adını vermişdilər. Amma onların sərvətləri qarşısında bu nifrət heç bir işə yaramamışdı. Əlbəttə valideynlər üçün bu utancla yaşamaq ağır olmuşdu və onlar hər ikisi müəmmalı xəstəliklərə yoluxaraq tezliklə ölmüşdülər. Nizi Niziyevin başqa mirasçıları yox idi və övladlarını rəsmi olaraq övladlıqdan çıxarmaq niyyətində olsa da bu qədər uzun yaşaya bilməmişdi. Beləliklə bütün sərvət Nizami və Naziləyə qalmışdı, onların qaçaqlıqla keçən həyatı bu sərvət sayəsində sona yetmişdi. Onlar bu sərvətin başına keçdikdən qısa bir müddət sonra əkiz uşaqları oldu, deyilənə görə, uşaqların sağlamlığında heç bir problem yaranmamışdı, hətta olduqca sağlam idilər. Bir neçə il sonra isə bir qız övladları daha dünyaya gəldi və o da qardaşları kimi olduqca gözəl və sağlam idi. İnsest münasibətdən əmələ gələn Nazim, Nizam və Nəzrin də doğulduqları andan etibarən xalq tərəfindən lənətlənmişdilər.

Hələ də bəzilərinə görə Nizami və Nazilənin etdiyi cəsur bir hərəkət idi. Onların bu cəsurluğundan sonrakı illərdə bir çox şəxs ilhamlanmış və ölkədəki insest münasibətlərin sayında artım yaşanmışdı. Amma ümumilikdə cəmiyyətin fikrini dəyişdirmək asan deyildi, belə münasibətə cəhd edən cütlüklər cəmiyyətdən təcrid edilir, hər cür təhqirlərə məruz qalır və hətta bəzən qətl edilirdilər. Niziyevlər ailəsi özlərinin səbəb olduqları bu qəddarlığa göz yummamışdılar. Onlar gizli şəkildə həmin təcrid olunmuş cütlükləri öz yanlarına çağırır, onlara bir yuva verir, öz xidmətçiləri edərək yardım edirdilər. Bu malikanədəki kişi xidmətçi ilə qadın xidmətçi sayının bu qədər yaxın olmasının da səbəbi bu idi. Onlar hər biri qadağan olunmuş meyvəni yeməyə cəhd etmiş cütlüklər idi və Niziyevlər onlar üçün yeni bir dünya yaratmışdı.

Serjantın sözlərindən sonra səssizlik davam edirdi. Yerdəki qırıqları toplayan oğlan əlindəki şüşə parçasını o qədər bərk sıxmışdı ki, onun da əli qanamışdı. Orta yaşlı bir qadın masaya qoymaq istədiyi çəngəli sıxırdı, onun əli titrəyirdi. Otaqdakı xidmətçilərin baxışlarından elə zənn etmək olardı ki, bir neçə saniyə sonra onlar Qocayevin üstünə düşüb onu parça-parça edəcəklər.

Səssizliyi pozan otağın digər tərəfindəki Nizami müəllimin öskürəyi oldu. Qardaşların və Nazilə xanımın üzündən də həmin bu sözlərin onları nə qədər narahat etdiyini görmək olurdu. Amma onlar heç bir reaksiya vermədən serjantın sözlərini görməzdən gəlməyə çalışırdılar. Polkovnik Qocayevə yaxınlaşıb onu sakitləşdirdi və otaqdan çıxartdı. Xidmətçilər heç nə olmamış kimi masanı hazırlamağa davam etdi, sanki heç bir söz deyilmədən otaqdakıların hamısı öz aralarında saziş bağlamışdı ki, bu söhbəti uzatmağa ehtiyac yoxdur. 

Xəfiyyə isə yaşanan hadisədən bir nəticə çıxarmışdı. O, qızının sözlərini başa düşmüşdü axır ki.

Niziyevlər ailəsi bu xidmətçilər üçün bir xilaskar idi, onları cəmiyyətin caynağından alaraq hamısına yeni bir həyat bəxş etmişdilər. Bu xidmətçilər sadəcə sadiq qulluqçulardan ibarət deyildilər. Onlar yeri gəldikdə bir fədaiyə dönüşəcəkdilər.

Continue Reading

You'll Also Like

OYUN (TAMAMLANDI) By ✪

Mystery / Thriller

102K 7.2K 43
- Oyun oynamak ister misin? -Evet. Oyun oynamayı bir kere kabul edersen, geri dönüşü yok. Seni her yerde bulur ve korkunç oyunlarına devam...
Zaaf | By nehriiiii

Teen Fiction

19.8K 1.4K 22
Her güç kendiyle birlikte bir zaafı barındırır..
4.7M 395K 94
1 KIZ, 6 ERKEK, ÖLÜMCÜL BİR EV. Afra'nın diğer tutsaklardan dört farkı vardı: Birincisi, bir kız olmasıydı. İkincisi, tutsak alınan son kişi olmasıyd...
584 88 11
Hayatının en güzel yıllarında hayallerinden kovulan, emek emek kurduğu düşlerinden kaldırılan ve bir başına bırakılan bir kadın. Bir yol kenarında sa...