Surat Ghāfir (The Forgiver) - سورة غافر Azerbaijani

Start from the beginning
                                    

40:14

(Ey mö’minlər!) Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək (ixlasla) ibadət edin!

40:15

Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və mö’minlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!

40:16

Elə bir gün ki, onlar (bütün insanlar qəbirlərindən) çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq: ) “Bu gün hökm kimindir?” (Heç kəsin qımıldanmağa belə cür’əti çatmadığından Allah Özü cavab verəcəkdir: ) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!”

40:17

Bu gün hər kəs öz əməlinə görə cəzalandırılacaqdır. Bu gün heç bir zülm (haqsızlıq) ola bilməz. Allah tez haqq-hesab çəkəndir!

40:18

(Ya Peyğəmbər!) Onları (hövldən) ürəklərin ağıza gələcəyi (udquna belə biməyəcəkləri və ya ürəkləri qəm-qüssə ilə dolacağı) yaxın günlə (qiyamət günü ilə) qorxut. (O gün) zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar!

40:19

Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir!

40:20

Allah (qiyamət günü) ədalətlə hökm edər. Ondan (Allahdan) başqa ibadət etdikləri (bütlər) isə heç bir şey hökm edə bilməzlər. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!

40:21

Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan (Allahın əzabından) qoruyan bir kimsə tapılmadı.

40:22

Bu (əzab) ona görə idi ki, peyğəmbərləri onlara açıq-aydın mö’cüzələr gətirmiş, onlar isə (peyğəmbərləri) inkar etmişdilər. Buna görə də Allah onları məhv etdi. Həqiqətən, Allah qüvvətlidir, cəzası şiddətlidir!

40:23

Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik.

40:24

Fir’onun, (onun vəziri) Hamanın və Qarunun yanına. Onlar isə: “Bu sehrbazdır, yalançıdır!” – dedilər.

40:25

(Musa) onların yanına dərgahımızdan haqq ilə (həqiqi dinlə, mö’cüzələrlə) gəldikdə onlar: “Onunla birlikdə iman gətirənlərin (yəhudilərin) oğlanlarını öldürün, qadınlarını (qızlarını) isə diri saxlayın!” – dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar.

40:26

Fir’on dedi: “Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini (köməyə) çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”.

40:27

Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!”

Quran Translated Where stories live. Discover now