Şəhərə vida.

4 1 0
                                    

Bəzən həyatımız barədə də evlərimiz, yaşadığımız məkanlar qədər səliqəli olmalıyıq. Səliqəsiz bir həyat depressiyaya, bəzən isə mənim yaşadığıma bənzər bir çöküşə səbəb olur. Həyatımı səliqəli saxlama barəsində o qədər də bacarıqsız biri sayılmazdım, bu səliqəsizliyi yaradan zehnimin daxilində yaşananlar idi. Bu səliqə mövzusunda həddindən artıq həssas olduğum üçün günlük, həftəlik, aylıq kimi rutinlərim vardı. Depressiv günlərimdə həmin rutinləri pozsam belə yenə bir rutin daxilində idim. Bu rutinə depressiya rutini adını vermişdim. Gözləmədiyim bir anda bir aydınlanma yaşayaraq yenidən öz normal rutinimə qayıda bilmişdim. Həmin andan sonra duş almış, üzümdəki bir ağırlıq kimi gələn saqqalımı qırxmış, çıxıb hava almış və hətta bir az sosiallaşmağa çalışmışdım. Həmin günün səhəri daha gümrah şəkildə yerimdən qalxmışdım, işə getmək üçün hazırlaşmaq istədikdə isə işdən çıxdığımın fərqinə varmışdım. Nə qədər böyük qərar verdiyimi anladığım an bir miqdar pis hiss etsəm belə yenidən bir ağırlığın altında əzilməyəcək ya da bir boşluğun içində qeyb olmayacaqdım. Beynimdə səyahət planımı qurmağa başlamışdım artıq. Telefonuma baxdıqda onlarla zəng və mesaj gəldiyini gördüm. Bir çoxu iş yerimdən idi, hərhalda bir anda hara qeyb olduğum onlara maraqlı gəlmişdi. Gözüm əlbəttə zənglərin arasında sənin nömrəni də axtarırdı amma bunu özümdən də xəbərsiz edirdim. Heç bir mesaja cavab yazmadan, heç bir zəngə geri dönmədən telefonu yatağın üzərinə atdım. Səyahət üçün lazımi şeyləri toplamağa başladım, çox şey götürmək fikrim yox idi özümlə, bu bohem həyat tərzinə uyğun olmazdı. Hər şeyi bir bel çantasına yığdım, ən rahat hiss etdiyim paltarlarımı geyindim. Özümlə bir kitabça, bir də qələm götürmüşdüm yaşadığım hadisələri qeyd edə bilmək üçün. Bu səyahətdə dalğınlığımı bir kənara buraxmalıydım, yoxsa hekayələr gözümün önündən keçib gedəcəkdilər, mənsə onları görə bilməyəcəkdim. İlk olaraq Bakı-Baləkən marşrutuyla hərəkət etməyi planlayırdım, sadəcə irəliləmək deyildi fikrim, bəzən yolun fərqli qismlərində dayanıb müşahidə edəcəkdim. Sonra olacaqları isə axışa buraxacaqdım, bəlkə plansızlıq məni yaxşı hekayələrin daxilinə götürərdi. Nə qədər müddət evdən uzaqda qalacağımı bilmirdim, mühüm işlər üçün qırağa pul ataraq yığdığım büdcəmin səyahət üçün yetərli olacağına ümid edirdim. Kağız durnalarımla vidalaşdım, evin qapısını kilidlədim və beləliklə ilk addımı atmış oldum. Bu ilk addım mənim üçün çox mühüm sayılardı, çünki özümü biləndən bəri hər işə başlamaqda çətinlik çəkmişdim, işi bitirmək isə başlamaqdan daha asan görünürdü mənə. Səyahətə başlamazdan öncə isə şəhərdə dəyməli olduğum bir neçə yer vardı. Bu şəhəri eləcə tərk edə bilməzdim. Geri qayıtdıqda həyatımın yenidən yoluna düşməsini arzu edirdim, üzərimdəki istəmədiyim məsuliyyətləri yerinə yetirmək, mənə qarışıq gələn insan münasibətlərini qorumaq həmin arzunu reallaşdırmağıma yararlı olardı bəlkə. 

Şəhərlə vidalaşdıqdan sonra nə telefon istifadə etməyi, nə də səyahət müddətində kiminləsə əlaqə saxlamamağı planlaşdırırdım. İtkin düşmüş kimi bir görüntü yaratmaq deyildi məqsədim, insanlar harda olduğumu bilsələr mənim üçün daha asan olardı əlbəttə. Heç kimi narahat etmək istəmirdim, varlığımla etmədiyim kimi yoxluğumla da etməyəcəkdim bunu. Bəzi zamanlar əlçatmaz birinə çevrilirdim, heç kimlə ünsiyyətdə olmaq istəmədiyim zamanlar. Həmin vaxtlarda bəzi şəxslər vardı ki, məni axtaran insanlar həmin şəxslərə müraciət edirdilər. O şəxslərdən ən əsası, həm də ən yaxım dostum deyə biləcəyim şəxs bir rəssam idi. Rəssam dostumla Nizami küçəsi tərəflərdə bir rəsm qalareyasında görüşəcəkdim, evdən ayrıldıqdan sonra ilk gedəcəyim yer oraydı. Qalareyaya çatdıqda dostuma bir üzr borclu olduğumu xatırladım. Hər dostuma bir üzr borclu idim, onları çox uzun müddət arayıb axtarmamışdım, ən yaxın dostum dediyimi belə. Bir az çəkinərək qalareyaya daxil oldum, qalareyanın hər tərəfindəki məftunedici rəsm əsərlərinə göz gəzdirdim. Dostum qalareyada deyildi, orda fərqli bir şəxs dayanmışdı. Mən özümü tanıtdıqdan sonra rəssamın emalatxanasına keçdim. Rəssam iş başında idi, önündəki kağıza surreal tərzdə olduğu rənglərindən bəlli bir rəsm çəkirdi. Otaqdan boya qoxusu gəlirdi, rəssamın da paltarları fərqli rənglərdə boyalarla çirklənmişdi. Bu səbəbdən uzunboylu, yaraşıqlı rəssam özü də bir sənət əsəri kimi görünürdü. Emalatxananın fərqli yerlərində tamamlanmamış rəsmlər vardı. Arxasında dayanmağıma baxmayaraq rəssam mənim gəldiyimin fərqinə varmamışdı öz sənətinə fokuslandığı üçün. Bir müddət onu və rənglərlə yaratdığı sehri izlədim. Hər fırça zərbəsindən sonra rəsmdəki görüntü daha da aydınlaşırdı. Rəssam fırçasını yuxarı qaldırdı və bir zərif toxunuşla öz rəsmini sonlandırdı. Bir addım geri çəkilib seyr etməyə başladı əsərini.

Sitarə və kağız durnaHikayelerin yaşadığı yer. Şimdi keşfedin