Qırılmaz qədəh.

Start from the beginning
                                    

- Dərviş ağa, şahın adamları arxamca düşüb, məni tutsalar öldürəcəklər. Sən Allah, hansı yönə getdiyimi onlara demə.

Yolçu bu sözləri deyib yoluna davam edir. Yolçu getdikdən sonra dərviş yerini dəyişib başqa bir daşın üstündə oturur. Bir azdan şahın adamları həmin yerə gəlib çıxırlar. Onlar dərvişi görüb soruşurlar:

– Ey dərviş, buradan filan adam keçməyib?

Dərviş cavab verir:

- Mən bu daşın üstündə oturandan burdan heç kim keçməyib.

Ümidvaram demək istədiklərimi anlayırsan. Mən sadəcə bir daşın üstündən qalxıb başqa bir daşın üzərinə keçirəm. Əgər hər kəsin işinə yarayacaqsa həqiqətlərlə oynamaqdan bir zərər gəlməz. Onsuz da sən icazə vermədikcə heç kim səni aldada bilməz. Üstəlik insanlara eşitmək istədiklərini verdikdə artıq onlar üçün yeni bir həqiqət yaratmağa başlayırsan. Həqiqətlər adətən gözləniləndən sıxıcı olurlar, bu səbəbdən onlara bir az maraq qatdıqda hər kəs artıq yeni formalaşmış bu həqiqətə inanmağa başlayacaq. Bizlər ətrafımızda yaşanan hər hadisədə özümüz üçün bir pay axtarırıq və əgər hadisələrdə özümüzdən bir parça tapa bilmiriksə sadəcə laqeyd yanaşırıq. İllərdir bütün bunların fərqində olduğum üçün yaxşı bir yazıçı olacağımı düşünürdüm. İnsanların nə istədiklərini bilirdim və hekayələr vasitəsiylə onlara istədiklərini verə biləcəkdim. Dəfələrlə cəhdlər etmişdim, insanların nə istədiklərini bilsəm belə özümün nə istədiyimi bilmirdim. Həmin o yazılmağa dəyər hekayəni tapmaq olduqca çətin idi. Hər dəfə sənə şikayətlər edirdim, mənim yaza biləcəyim hekayələrə ehtiyacım var. Cavab olaraq sıxıcı həyatlarımızın bizə heç vaxt həmin hekayələri verməyəcəyini dedikdən sonra bir az pərt olmuşdum. Hər şeyə belə bivec şəkildə pessimist yanaşmağını sevmirdim. Amma bəlkə də dediklərində haqlıydın, bəlkə də reallıqdan əlimi üzüb özümü xəyal gücümün axışına buraxmalıydım. Xəyal gücünün bir çuxurdan, bir bataqlıqdan ibarət olduğunu biləcək qədər çox xəyal qurmuşam. Xəyal qurmaq, fantaziyalar arasında yaşamaq insanı tənbəlləşdirir, içinə qapanıq birinə çevirir. Və reallıqdan əlimi üzüb daxildə daha çox zaman keçirdikçə bir yoxa çevrilirdim. Bəlkə də həmin gün barda 4-cü qədəh viskini başıma çəkdikdə mən bir yox idim. Barmenlə söhbət edirdim, bütün sosial davranışlarım tamamilə qeyri-iradi şəkildə baş verirdi. Barmen işinin ağırlığı, maaşın azlığı, iş saatının çox olması barədə şikayətlər edirdi mənə. Canlı musiqi başladıqda ətrafda səs-küy çoxalmışdı, mən barmenə həmin lisenziyalı qədəhlərin əslində Sədərək bazarından alındığını, hərəsinin də qiymətinin 1-2 manat olduğunu deməyə çalışdım amma barmen məni eşitmədi. Daha sonra əlimi çənəmin altına qoyub sənin barədə düşünməyə başladım. Necə lənətli bir döngünün içində idik? Bu neçənci ayrılığımız idi? Üstəlik sevgili belə deyildik. Bu səfər içimdə bir hiss var idi, bu sonuncu idi, bu hiss hər ayrılığımızdan sonra yaranırdı daxilimdə amma heç vaxt inanmamışdım ona. Bu səfərsə inanırdım həmin hissə, qəlbimin skeptik pıçıltılarına qulaq verirdim. Sən bir də olmayacaqdın, dünən vardın, ondan öncəki günlərdə vardın amma bu gün yoxsan, sabah da olmayacaqsan, birisigün də və ondan sonra gələcək bütün günlər də. Dəhşətli bir düşüncə idi. Hər ayrılığımızdan, hər mübahisəmizdən sonra gəlib bu barda içərdim, indi etdiyim kimi. Nə də olsa səninlə də elə bu barda tanış olmuşdum. Əlindəki kitabı gördükdə ədəbiyyatla maraqlanan biri olduğunu anlamışdım. Osamu Dazaidən "İnsanlığımı itirərkən". Dərhal diqqətini çəkə bilmək üçün yazıçı olduğumu demişdim. O gün ilk dəfə özümü yazıçı olaraq adlandırmışdım. Yazmağa həvəsim olsa da səninlə tanış olan günə qədər tək bir kəlimə belə ədəbi bir şey yazmağı bacarmamışdım. Yenə də yazıçı olduğumu o ilk anda dilə gətirməsəm bir-birimizi tanıma şansımızı itirəcəkdik. Birini ilk dəfə gördükdə həmin o ilk saniyələr olduqca mühümdür. Əgər ilk saniyələrdə qarşı tərəfin marağını cəlb edə bilmirsənsə artıq şansını itirmiş olursan, ən azından mənim təcrübələrim belə deyir. Bu səbəbdən səninlə ilk söhbətimdə belə bir şey uydurmalı olmuşdum, ədəbiyyatla maraqlanan biri olduğunu olduqca dəqiq şəkildə təxmin etmişdim. Bu təxmin bacarığımı uşaqlıqdan bəri oxuduğum detektiv janrdakı əsərlərə borclu idim. Bu təxmindən sonra ədəbiyyat və incəsənət barədə təfərrüatlı bir söhbətə başlamışdıq. Səndə məni cəlb edən nihilistliyinin sonralar mənə dəfələrcə əzab verəcəyini təxmin edə bilməmişdim, sənin barədə nə Erkül Püaronun, nə Şerlok Holmzın təxmin edə bilməyəcəyi şeylər yaşamışdım. Beləliklə başlamışdı bizim macəramız həmin barda, sevgi macərası yox, dostluq macərası da deyil, bilmirəm, nələrəsə ad verməyi sevməmisən heç vaxt... Elə mənə də sənin adından başqa digər bütün adlar mənasız gəlir.

- Cənab, cənab... - xaricdən gələn bir səs məni düşüncələrimdən ayırmışdı. Ətraf qəribə şəkildə səssizlik idi və bar normalda olduğundan daha qaranlıq idi. Barmen üzümə boş ifadəylə baxırdı:

- Cənab, sizə taksi çağırım?

- Taksi?

- Bəli, biz sonuncu müştəriyə kimi işləyirik, cənab, saat 12-də mətbəx bağlanır, odur ki personaldan da heç kəs qalmayıb.

- Çağır. - vaxtın necə keçdiyini anlamamışdım belə.

Barmen qısa nömrəni yığıb restoranın adını səsləndirdikdən sonra mənə baxaraq soruşdu:

 - Hara gedirsiniz?

- Ağadadaş Qurbanov 9.

Ayağa qalxdım, hər tərəfim keyimişdi, əlimi pencəyimin iç cibinə salıb onlarla əzilmiş, buruşmuş kağız arasından pulu tapıb barmenə uzatdım. Sərxoş deyildim, hər zamankı qədər ayıq və hər zamankı qədər dalğın idim sadəcə.

Sitarə və kağız durnaWhere stories live. Discover now