Qan rəngində alma

Par poeticrizzler

2.7K 293 214

Detektiv əsər. 8 dəhşətli cinayətə səbəb olmuş qatil öz qurbanlarının cəsədinin yanına bir qırmızı alma burax... Plus

Tanıtım.
Cinayətlər.
Barmaq izi və şahid.
Əməliyyat.
Qaranlıqdakı siluet.
Xəfiyyənin debütü.
Qatilin qəzəbi.
Hallelujah!
Üsyan.
"Libera me"
Masqaradue.
DİES İRAE.
Qatilin sorğusu.
Xəfiyyənin müsahibəsi.

Testlər.

159 19 20
Par poeticrizzler

- Bu ki, fantastikadır,  həkim! - polkovnik Əkbər Cabbarov xəfiyyənin Niziyevlər malikanəsinə gəldiyi günün sabahı ekspertlərlə birlikdə ordan çıxaraq şöbəyə qayıtmış, bir sıra protokolları yerinə yetirmişdi. Bütün işlərini tamamladıqdan sonra ofisindəki kresloya yerləşib həyəcanla nəticəni gözləməyə başlamışdı. Dünən gecə xəfiyyə oraya çatdıqdan sonra ağıllıca bir qərar verərək qardaşların paltarlarını dəyişməsini istəmişdi və onları etiketləmişdi. Sarı köynək geyənə "əkiz A", boz köynək geyənə isə "əkiz B" adını vermişdi. Beləliklə artıq gözlər hər daim onların üzərində olacağı üçün bir daha bənzərliklərindən istifadə edə bilməyəcəkdilər. Və budur, zəng gəlmişdi. Polkovnik telefonu dərhal qulağına aparıb həkimin dediklərini dinləmişdi. Qan qrupları eynidir, barmaq izləri ayırd edilə bilməyəcək qədər eynidir, hətta DNT-ləri, DNT-ləri belə...

- Bu dediklərinizin fantastika olduğunun fərqindəsiniz, həkim? - polkovnikin səsindəki qəzəb cümləni təkrar etdikdə daha açıq-aşkar şəkildə idi.

Həkimin səsi utanırmış kimi nazik bir tonda çıxırdı:

- Dediklərimin mənasız olduqlarının əlbəttə fərqindəyəm, polkovnik. Amma... amma onlar da Niziyevlər ailəsidir. Bəzilərinə görə, onlar vampirdirlər, ya da başqa dünyadan gəlmədirlər. Yəni əslində...

- Bir də özünüzə elm adamı, doktor deyirsiniz. Ayıbdır, a kişi. Bu nə uşaq-uşaq sözlərdir?

- Polkovnik, hazırda elm bu iki qardaşın bənzərliyi qarşısında aciz qalıb. Bütün bu əməliyyat bitdikdən sonra onları mənim yanıma göndərin. Onların üzərində tədqiqat aparmaq istəyərəm. Bu nadir bir tapıntıdır, tarixdə bir bənzəri daha yoxdur.

- Həkim, mənə nağıl danışma. Aralarındakı fərqi tap və bizə bildir. - qəzəbli polkovnik dəstəyi yerə qoydu. Ona bu məsələnin elmi tərəfləri heç də maraqlı deyildi. O sadəcə qardaşlardan hansının qatil olduğunu öyrənmək istəyirdi. Buna polis perspektivindən baxmaq da deyilə bilərdi. Əslindəysə polkovnikin səbəbləri daha dərin və daha şəxsi idi. O, bu əzabdan qurtulmaq istəyirdi, içindəki heyranlıq və iyrənmə hissləri bir-biri ilə mübarizə aparırdı. Hissləri onu parçalayırdı. Artıq o malikanəyə geri dönmək istəyi tamamilə yox olmuşdu.

Polkovnik həkim ilə danışdığı anlarda xəfiyyə Xalid İmanı qardaşlar ilə söhbət üçün hər kəsi qonaq otaqlarından birinə toplamışdı. Hüquqşunas Həsən Kərimli yan-yana oturan qardaşlara dadanmış bir cin kimi onların arxasında ayaq üstə dayanmışdı. Nazilə xanımın bütün gecə yatmadığı gözlərindən bəlli idi. Ailə başçısı Nizami Niziyev və psixoloji problemləri olan cavan qız Nəzrin Niziyeva ortalıqda görünmürdü. Xəfiyyənin qızı Xəyalə otağın bir küncündə oturaraq gözlərini bir an belə qırpmadan qardaşları müşahidə etməyə davam edirdi. Müstəntiq Konan Hill isə masanın başında oturmuşdu, o ortalama hər 3 dəqiqədə 1 dəfə asqırır, 17 dəfə burnunu çəkir, 6 dəfə burnunu dəsmalına silirdi. 

Xəfiyyə masanın üstünə qoyulmuş vərəqlərə doğru getdi. Masanın yanına çatdıqda masanın ortasına qoyulmuş vaza onun diqqətini çəkdi. Bu vazada banan, portağal, ananas kimi müxtəlif meyvələr vardı. Bu meyvələrin ən üzərinə isə qırmızı bir alma qoyulmuşdu. Xəfiyyə yaxınlaşaraq həmin almanı əlinə götürdü, yuxarı doğru atıb tutdu:

- Normal bir almadan daha ağırdır.

Nazilə xanım dərhal dilləndi:

- O alma kauçukdandır, cənab. O meyvələr hamısı. Sadəcə bəzək üçündülər.

Xəfiyyə nəyəsə marağını itirmiş pişiklər kimi bir anda üz ifadəsini dəyişdi, almanı öz yerinə qoydu və vərəqlərə doğru gedib onları götürərək nəzər salmağa başladı:

- Maraqlıdır, olduqca maraqlıdır. Demək olar, ortaq nöqtələri yoxdur. Bu bizim üçün yaxşıdır. Nizam Niziyev incəsənət universitetində oxuyur, heykəltəraşlıq üzrə. Bizim canimiz isə kimya mühəndisliyi üzrə ali təhsil alıb. Qiymətlərinə baxılarsa, dərslərinə o qədər həvəsli bir tələbədir deyə bilmərik. Bu iki qardaşın ixtisaslarını yan-yana qoysaq... Bu ayrı məsələdir. Amma olduqca maraqlı nüanslar var. Sizləri bəzi testlərlə qarşı-qarşıya qoyacağıq, əziz Niziyev əkizləri. Nə də olsa ailə üzvlərinizlə danışdınız, sizə ancaq sizin bildiyiniz xatirələr haqqında suallar verdik, bir çox yolu sınadıq amma nəticəyə vara bilmədik. Ona görə fərqli üsullar sınamağın vaxtı gəlib. Burada Nizamın ingiliscə, yaponca, fransızca və ispanca dillərini bildiyi yazılıb. Əkiz A, sualıma cavab verin, anata va hontoni korera no qenqo o şitte imasu ka?

- Moçiron şitte imasu! - əkiz A özündən əmin şəkildə dedi.

- Anata mo? - bu səfər xəfiyyə sualını əkiz B-yə yönləndirdi.

- Vataşi va şitte iru, himitsu. Moçiron! - əkiz B eyni əminliklə cavab verdi.

Öz qəribə gülümsəməsi ilə qardaşların arxasında dayanan susqun Həsən Kərimlinin təbəssümündəki ani titrəmələri xəfiyyə çox yaxşı sezirdi, sanki bu ailə vəkili bütün bu olanlardan zövq alırdı. 

- Yaxşı... yazılanlara görə Nazim sadəcə ingiliscə və almanca dillərini bilirmiş. Əkiz B, özünüzün Nazim olmadığını almanca deyə bilərsinizmi?

- Axı... axı mən almanca bilmirəm.

- Sınamağa dəyərdi. - xəfiyyə gülümsədi: - Görünür belə də bir nəticə əldə edə bilməyəcəyik. Daha çətin yollara əl atmalıyıq. Nazilə xanım, yəqin ki, evinizdən iki skripka tapa bilərsiniz?

Nazilə xanımın yol çəkən gözləri bir anda dünyaya qayıtmışdı:

- İki... iki skripka? Əlbəttə. Bu dəqiqə. - o, tələsərək otaqdan çıxdı və xidmətçiləri səsləməyə başladı.

Xəfiyyə vərəqlərə göz atmağa davam edirdi:

- Burda olduqca maraqlı sahələr var. Nizamın maraq dairəsi əsasən incəsənətdir. Əla rəsm çəkməyi bacarırmış. Hərhalda ikiniz də Nizam olduğunuza görə gün sonunda iki gözəl portretimiz olacaq. Nizam piano, skripka kimi bir çox musiqi alətini ifa edə bilirmiş. Nazim isə ancaq gitara çala bilir. Ümumiyyətlə Nazimin vərəqinə baxsaq sadəcə şiddətlə bağlı şeylər görə bilərik. Bir çox döyüş sənətləri, maşınlar, at yarışları, amerikan futbolu və başqa idman növləri. Hətta, müstəntiq, buna bax. - xəfiyyənin çağırışı ilə müstəntiq ayağa qalxaraq vərəqlərə baxmaq üçün onun yanına gəldi: - gülməlidir, hə? Nindza təlimi. Bu varlılar pullarını xərcləmək üçün yer axtarırlar həqiqətən də. Amma hər ikisinin hobbilərinə baxsaq insanlardan daha çox bitkilərlə vaxt keçirməyi sevirlərmiş. Onların hər ikisi asosialdır, müstəntiq, asosial. Amma həmçinin ikisindən biri asosial olmaqla bərabər həm də psixopatdır. Və bax, tam orada dayanıb. Qarşımızda. Otaqdakı nifrət buludunu hiss edirsən sən də? Hardan gəldiyini bilmirəm amma insanı boğan nifrətə görə az qalıram yaxamı açam ya da çölə çıxıb hava alam. - bu sözləri deyərkən xəfiyyə ailə vəkilinə baxırdı. Vəkilin təbəssümü dalğalanırdı. Xəfiyyə və vəkil arasında sözlərlə və davranışlarla baş verməyən bir rəqabət yaranmışdı, bu rəqabət eyni xeyir və şərin, aydınlıq və qaranlığın mübarizəsi kimi təsirli olsa da hələ icraya keçməmişdi.

Qardaşlar utanaraq başlarını aşağı salmışdılar, sanki biri digərini təqlid edirdi amma bu təqlid o qədər qüsursuz idi ki, fərqi anlamaq mümkünsüz idi.

Xəfiyyə başını qaldırıb otağa göz gəzdirdi:

- Xaricdən baxanda yaşıl bağçalı, lüks bir malikanə kimi görünür amma daxildən olduqca qotik tərzdədir, səncə də elə deyil? 

Müstəntiq cavab vermək istədikdə əllərində ağ skripkalar olan iki xidmətçi içəriyə daxil olaraq onun sözünü kəsməyinə səbəb oldu. Xalid İmanının xahişi ilə xidmətçilər skripkaları qardaşlara verdilər. Ardından Nazilə xanım da otağa daxil oldu. 

- Bizə bir musiqi ifa edin. Vərəqlərdə yazılana görə Nizamın skripkada ifa etdiyi musiqilər hər zaman hər kəsi heyran edərmiş. Ona görə də ifanızdan sonra məni daha az heyran buraxacaq şəxs alma qatilidir deməkdir. - xəfiyyə dedi.

- Eyni anda yoxsa növbəylə? - əkiz B soruşdu.

- Sən ifa edə biləcəksən, qardaşım? - əkiz A öz qardaşına baxdı.

- Sən ifa edə bilməyəcəksən. Əgər edə bilməyəcəksənsə sadəcə Nazim olduğunu etiraf et, xahiş edirəm.

- Sizin hamınıza Nizam olduğumu göstərəcəm. - əkiz A skripkanı sol tərəfində boğazının altına yerləşdirdi, duruşunu dikləşdirdi, barmaqlarını simlərin üzərinə yerləşdirdi  və yayı simlərə toxundurub kədərli bir musiqi ifa etməyə başladı. Bir dəqiqəlik mükəmməl ifadan sonra gözlər əkiz B-nin üzərində idi, o da tamamilə qardaşının etdiklərini təkrarlayaraq musiqinin davamını ifa etməyə başladı. Musiqinin ritmi 3-cü dəqiqədə sürətlənərkən onlar eyni anda ifa etməyə başlamışdılar və hər not, hər toxunuş, hər ritm qüsursuz bir şəkildə planlanmışdı sanki. Onlar bir-birlərini gözləyir, bəzən eyni anda çalır və mükəmməl bir uyğunluq içində musiqini tamamlayırdılar. 4-cü dəqiqədə musiqi ritmi daha da sürətlənərkən Nazilə xanım əllərini qəlbinin üstündə birləşdirmişdi, onun gözləri dolurdu. 5-ci dəqiqədə gözlərini musiqidən zövq alan adamlar kimi yummuş Həsən Kərimli əllərini yuxarı qaldırıb bir dirijor kimi işarət barmaqları ilə ritm tutdu. Müstəntiq Konan Hill bu heyratamiz musiqini bölməmək üçün əli ilə üzünü tutub asqırığını saxlamağa çalışırdı. 8 dəqiqəlik ifadan sonra xəfiyyə əllərini bir-birinə vuraraq musiqini dayandırdı:

- Əla, əla! Möhtəşəmdir! Həqiqətən heyran qaldım. Həm musiqiyə, həm də qatilin özünü gizlətmə cəhdlərinə. Bu testdən də bir şey əldə edə bilmədik, müstəntiq. Artıq asqıra bilərsən, yoxsa boğulacaqsan.

Stul çəkib qardaşların qarşısında oturaraq musiqini dinləyən müstəntiq başını qaldırıb təəccüblə xəfiyyədən soruşdu:

- Bu hansı musiqi idi?

- Tartinidən "Şeytanın mahnısı" sonatası.

Qapı döyüldü və içəri arıq, yorğun görünüşlü, qəzəbli görünən cavan bir oğlan xidmətçi daxil oldu.

- Nizami müəllim sizi və müstəntiqi öz otağına çağırır, xəfiyyə. - xidmətçi oğlan dedi.

Müstəntiq və xəfiyyə susaraq bir-birlərinə baxdılar. Konan Hill ayağa qalxıb qapının digər tərəfindən içəriyə boylanan serjant Sərxan Qocayevə başı ilə işarət edən kimi o və əlavə 3 polis əməkdaşı içəri daxil oldular. Xəfiyyə ilə müstəntiq isə xidmətçini izləməyə başladılar. Ailə başçısı Nizami Niziyev həm də bütün mirasın ən böyük hissəsini əlində tutan şəxs idi. Son vaxtlar daha çox ailəsi ilə vaxt keçirməyə çalışan bu nüfuzlu biznesmen işlərini evdən həll etməyə çalışırdı. Xəfiyyənin öyrəndiyinə görə, ortaqları belə onu sevmirdi amma yenə də ondan çəkinirdilər. Ətrafına qorxu yayacaq qədər güc sahibi olan bu adam əməliyyat başlayandan və oğulları ev həbsində saxlanılandan bəri sadəcə Adəm və Həvvanın portretini izləmiş, daha sonra isə ortalıqdan qeyb olmuşdu. Əlbəttə bu vəziyyətin belə davam etməsi gülünc olardı, Nizami Niziyev kimi insanlar istənilən prosesə təsir etməkdən zövq alırdılar. Xəfiyyə qarşıda onları nə gözlədiyini təxmin edirdi.

Onlar 2-ci mərtəbəyə çıxdılar xidmətçi ilə birlikdə. 3-cü mərtəbənin səs-küyü burdan daha yaxşı eşidilirdi. Xəfiyyə oranın xidmətçilər üçün ayrıldığını təxmin edirdi. Uşaq ağlaması, uşaq qışqırığı, uşaq gülüşləri, uşaq addımlarının səsi, tavandakı addım səslərindən orada olduqca çox adam olduğunu bilmək olurdu. Amma bütün bu səslərin arasında başqa bir səs də vardı. Xidmətçilərlə eyni mərtəbədə qalan Nəzrin Niziyevanın səsi idi bu səs. O qışqırır, ayaqlarını yerə döyəcləyirdi:

- Onları öldürəcəm. Onları öldürəcəm. Onları öldürəcəm. Mənim qardaşlarıma qatil deyə bilməz heç kim. Qapını açın! Onları öldürəcəm.

Hazırda bu dəli qızın öz otağında qalması daha yaxşı idi. 

Onlar xidmətçi ilə birlikdə otağa çatanda qız bir xidmətçi Nizami bəyin otağından çıxdı. Həmin qız oğlan xidmətçiyə baxaraq gülümsədi, simalarında bir-birlərinə oxşayan nöqtələr vardı. Xidmətçi oğlan qapını döyüb içəri daxil oldu və müstəntiqlə xəfiyyənin də onun ardınca gəlməsi üçün qapını açıq qoydu. Onlar da otağa daxil oldular. Xidmətçi masanın digər tərəfində, Nizami bəyin nəhəng kreslosunun yanında dayanmışdı. Kreslonun üzü divar tərəfə idi və həmin divarda yenə həmin iri Adəm və Həvva rəsmi asılmışdı. Nizami bəyin xırıltılı gülüşü və qalın səsi eşidildi, o, rəsmə baxa-baxa telefonla danışırdı:

- Ahahaha. Cənab nazir... Xeyr, xeyr, çox sağolun. Özünüz də tanıyırsınız mənim oğullarımı... Yox əşi, bu tamamilə bir səhv anlaşılmadır... Yenə deyirəm, çox sağolun amma ehtiyac yoxdur. Bu məsələni özüm həll edəcəyəm... Hə, çox sağolun... Mütləq, mütləq... Xəbər edəcəyəm.

Nizami bəy dəstəyi yerə qoyub bir müddət susaraq rəsmə baxdı. Daha sonra danışmağa başladıqda səsindəki səmimilik tamamilə itmişdi, artıq sanki düşməninə fısıldayırdı:

- Adəm və Həvva cənnətdən qovulduqdan sonra övladları olmuşdu. Və bu övladlar insanlığın təməli idi. Amma necə? Axı hamısı bacı-qardaş idilər. Bəzən düşünürəm... Bütün insanlıq əslində insest münasibətdən yaranan qüsurlu canlılardanmı ibarətdir həqiqətən? 

Nizami bəy bu sözləri dedikdən sonra bir müddət daha susdu. Bu susqunluğunu ayağına çağırdığı şəxsləri bir söz belə demədən təhqir etmək üçün istifadə edirdi. Müstəntiq əllərini önündə birləşdirərək gözləyirdi, narahat görünmürdü, bir dövlət məmuru olduğu üçün belə gözləyişlərə öyrəşmişdi. Xəfiyyə isə gözlərini qısmışdı, heç nə deməsə belə bu hərəkət onu qəzəbləndirmişdi və qarşılığını verəcəkdi.

- Bizdən iyrənirsiniz. - dedi Nizami bəy: - Bunu hiss edə bilirəm. Bizə baxanda üzünüzü turşudursunuz. Digər hər kəs kimi. Amma məcbursunuz deyə içinizdəki mənfur hissləri gizlədib üzünüzə bir nəzakət maskası taxırsınız.

Nizami bəy əlini yuxarı qaldırıb işarət barmağı ilə havada kiçik bir dairə çəkdikdən sonra xidmətçi oğlan onun kreslosunu xəfiyyə və müstəntiq tərəfə çevirməyə başladı. Geniş masası iri əllərinin altına çatan kimi yumruğunu sıxan Nizami bəy masaya zərbə endirdi:

- Axı sizə nə etmişik?!

Nizami bəyin gözəçarpan ilk xüsusiyyəti qalın və uzun, yarısı ağ, yarısı isə qara olan bığları idi. Masaya vurduğu əlinin üzəri tüklərlə örtülmüşdü. Qaşları qalın idi və qəribə şəkildə daranmışa bənzəyirdi. Bığları kimi ağ-qara olan saçları yaşına görə gur sayılardı. Yaşlanmağa başlayan biznesmen həddindən artıq olmasa da kök sayılardı. İndi qəzəbdən iri yanaqları qızarmış, göz bəbəkləri isə olduğundan qara görünürdü.

- Siz? Siz bizə heç nə etməmisiniz. Amma oğullarınızdan biri 11 şəxsin qatili ola bilər, üstəlik bunlardan 4-ü uşaqdır. - xəfiyyə başını yuxarı qaldırmışdı. Niziyevlərdən iyrənmirdi, nə də onlara nifrət etmirdi. Sadəcə Nizami bəyə qarşısında alçalda biləcəyi biri olmadığını göstərmək istəyirdi.

 - Sübut et!

- Hadisə yerindən oğlunuzun barmaq izi tapılıb. Bundan artıq sübut istəyirsiniz?

- Xəfiyyə, açıq danış. Nə istəyirsən?

- Mən? Qatil olan oğlunuzun həbs edilməsini. Başqa heç bir şey.

Nizami bəy xəfiyyənin qətiyyətlə dilə gətirdiyi sözlərin qarşısında nə deyəcəyini bilmədi. Kreslosuna yayxanıb bir müddət dodaqlarını qəzəbli bükərək xəfiyyəni süzdü. Daha sonra əyilib masanın altından bir çanta çıxardı və masanın üstünə qoydu. Çanta açıldıqda içi gözlənildiyi kimi dollarla dolu idi:

- İstədiyin puldur? - Nizami bəy soruşdu.

Xəfiyyə sadəcə gülümsədikdə Nizami bəy davam etdi:

- Qızın Xəyalə, o necədir?

- Yaxşıdır, o aşağıdadır, istəyirsiniz çağırım bura. - xəfiyyə istehza ilə dedi.

- Bu pulla ona istədiyi həyatı verə bilərsən.

- Nizami müəllim, bu elədiyiniz qanuna ziddir. - müstəntiq söhbətə daxil olmağa çalışdı.

- Kəs səsini, müstəntiq! Bu malikanə daxilində qanun mənəm.

- Bütün bu klişelərə ehtiyac yoxdur, Nizami bəy. - xəfiyyə rahat şəkildə gülürdü: - Sadəcə icazə verin öz işimizə davam edək. Əgər oğlunuz bütün ailənizin iddia etdiyi qədər günahsızdırsa bu əvvəl-axır üzə çıxacaq, elə deyil? İstintaqı tam məxfi davam etdirdiyimiz üçün nüfuzunuz haqqında da narahat olmağınıza ehtiyac yoxdur. Amma əgər məqsədiniz oğlunuzun işlədiyi cinayətləri öz pulunuz, əlaqələriniz və ya qəzəbli baxışlarınızla ört-basdır eləməyə çalışmaqdırsa, bunlarla hər kəsin qarşısını ala bilərsiniz amma mənim yox. Mən, xəfiyyə Xalid İmanı bu işdən əl çəkən deyiləm. Bundan əmin ola bilərsiniz, cənab. Əgər başqa sözünüz yoxdursa, oğullarınıza bəzi testlər edirəm, artıq yarım qoyduğum işimi tamamlamalıyam.

Nizami bəy yenidən öz kreslosuna söykəndi. O iri bığları qəzəbdən titrəyən dodaqlarını gizlədə bilmirdi. Belə bir şəxsin uduzmaq haqqında təsəvvürü yox idi əlbəttə. Kiminsə qarşısında deyəcək söz tapa bilməməsi onun qürurunu incitmişdi. Susqunluğunu qorumağa davam etdi. Xidmətçi oğlan da eyni dərəcədə qəzəblə xəfiyyəyə dikmişdi gözlərini. Nizami bəy əli ilə işarət etdikdə xidmətçi kreslonu yenidən rəsmə tərəf çevirdi. Müstəntiq və xəfiyyə otağı tərk etdilər.

- Kişi yaman əsəbləşdi. Deyəsən hələ yaxşı qurtulduq. - müstəntiq 2-ci mərtəbəyə düşən pilləkənlərdəykən dedi.

- Hə, yaxşı qurtulduq. Amma niyə? Əgər o otaqdan belə asanlıqla çıxa bildiksə bu o qədər də yaxşı sayılmaz, əziz Konan Hill.

- Sayılmaz?

- Əgər ailə başçısı belə əli-qolu bağlı biri kimi klişe üsullarla bizim başımızı aldatmağa çalışırsa bəlkə də hər şey qatilin planına uyğun gedir, müstəntiq. Məni narahat edən budur.

Bu dialoqdan sonra müstəntiq susub düşünməyə başladı. Onlar həmin qonaq otağına geri qayıtdılar. Xəfiyyə gün ərzində qardaşları test etməyə davam etdi. Onlarla gah fransız, gah yapon, gah ispanca danışırdı. Nə əkiz A, nə əkiz B qurulan ən xırda tələyə belə düşməmişdi. Sanki həqiqətən də onların qarşısında iki Nizam dayanmışdı. Xəfiyyə isə tərəddüd etmir, ağlına gələn hər yolu sınayırdı. Digərləri bu illuziya qarşısında aldana bilərdi amma xəfiyyə yaxşı bilirdi ki, qarşısındakı nədir və kimdir. Belə nifrət saçan cinayətkarın özünü sonsuza qədər gizlədə bilməsi mümkünsüz idi, dərsinə çox yaxşı çalışsa belə.

Axşam saatlarında polkovnik malikanəyə geri qayıdırdı. O, barmaq izi məsələsini hələ heç kimə deməmişdi. Üzərindəki təzyiq artırdı, artıq yuxarılardan zənglər gəlməyə başlayırdı. Polkovnik onlara başa salmağa çalışırdı ki, alma qatilinin yaratdığı risk Niziyevlərin nüfuzunun yaradacağı riskdən çox daha böyükdür. Əlbəttə zəng sahiblərinin heç biri birbaşa olaraq Niziyevləri müdafiə eləmirdi, nə də olsa gələcək proseslərin kimin xeyrinə irəliləcəyini təxmin etmək çətin idi. Yenə də onlar polkovnikə diqqətli olmasını tövsiyə edir, sadəcə xəbərdarlıq üslubunda danışırdılar. Polkovnik bütün bu stress və təzyiqdən qurtula bilmək üçün şöbədən ayrıldıqdan sonra evini ziyarət etmiş, həyat yoldaşı ilə vaxt keçirmişdi. Övladları olmadığı üçün polkovnik həyat yoldaşının bu günlərdə özünü yalnız hiss etdiyini təxmin edirdi. İşi səbəbilə ailəsinə ayıra bilmədiyi vaxt onu narahat etsə də həyat yoldaşının bu məsələni hər dəfə anlayışla qarşılamasına sevinirdi. Bir saatlıq istirahətdən sonra o evdən ayrılmış və lənətli ailənin böyük malikanəsinə doğru yol almışdı.

Polkovnik ünvana çatdıqda leytenant Səfərov ilə mübahisə edən həmin Saşa adlı qarovul darvazanın önündə dayanmışdı. Cabbarov gülümsəyib başıyla salam versə də oğlan ona tərs-tərs baxmağa davam etdi. Bağçaya keçib bir neçə addım getdikdən sonra Cabbarov ağacların birinin altında kiminsə dayandığını gördü. Adam qaranlıqdan lampa işıqlarının düşdüyü yolun ortasına doğru gələrək polkovnikin qarşısında, bir neçə addım uzaqda dayandı.

- Gecikdiniz, polkovnik. Məndən sonsuza qədər qaça biləcəyinizi düşünürsünüz?

- Xəfiyyə? Məni lap qorxutdunuz. - polkovnikin qarşısında dayanan xəfiyyə idi, onun göz bəbəkləri yenə yerində dayanmırdı. Onlar bir birinə yaxınlaşıb görüşdülər.

- Başa düşürəm, əvvəl əməkdaşlıq etdiyimiz işlərdə bütün uğur mənim adıma qaldı. Buna görə mənə nifrət edə bilərsiniz. Amma sizin şöhrətpərəst biri olduğunuzu düşünmürəm.

- Yox, xəfiyyə. Məsələ bu deyil. Açığını desəm sizin yanınızda özümü qəribə hiss edirəm.

- Hər zaman sentimental biri olmusunuz, polkovnik. Bunu nə qədər gizlətməyə çalışsanız da. Nəysə, bu ayrı məsələdir. Ümidvaram yaxşı bir xəbərlə gəlmisiniz.

- Dediklərimə inanmayacaqsınız, xəfiyyə. Ona görə ilk öncə siz cavab verin. Bir nəticə əldə edə bilmisiniz?

- Kaş burda olub olanları görərdiniz, polkovnik. Onların davranışları qüsursuz dərəcədə eynidir. Yəni nəticə yoxdur.

- Bilirəm, fantastika sayılır amma ekspertlərin dediyinə görə, onların barmaq izləri belə eynidir.

- Təxmin etdiyim kimi.

- Təxmin etdiyiniz? Belə bir şeyi necə təxmin edə bilərsiniz axı?

Xəfiyyə gülümsədi. Polkovnik təəccüblə qarşısındakı soyuqqanlı dahinin gözlərinə baxdı bir neçə saniyə. Daha sonra davam etdi:

- Artıq onların barmaq izlərinin eyni olduğunu bildiyimizə görə ikisi də şübhəli sayılmır? Yəni onları burdan apara bilərik.

- Haqlısınız amma Həsən Kərimli buna icazə verməz. Rəsmi sənədlərdə onların barmaq izləri fərqli göstərilib. Bu sənədləri dəyişdirmək xeyli vaxt alacaq.

- Yəni yenə çıxılmaz bir vəziyyət daxilindəyik.

- Həm də əvvəlkindən belə...

Xalid İmanının sözü ağzında qaldı, arxadakı dəmir barmaqlıqların arasından yayılan bir işıq parlaması xəfiyyə və polkovnikin üzərinə düşdü. Bu işıq parlaması bir anlıq xəfiyyənin gözlərini qamaşdırmışdı. Parlama yox olandan sonra polkovnik də, xəfiyyə də həmin parlamanın səbəbinin nə olduğunu yaxşı bildikləri üçün bir-birlərinə təəccüblə baxırdılar, hər ikisinin gözləri bərəlmişdi. Polkovnik tərləmişdi, hətta soyuqqanlı xəfiyyənin göz bəbəkləri belə yaşadığı tədirginlik səbəbilə sabit dayanmışdı. Bu sürpriz heç yaxşı olmamışdı. Parlama hər şeyi dəyişdirə bilərdi. Belə bir vəziyyətin yaranması hazırda onlar üçün ən betər ehtimal sayılardı.


Continuer la Lecture

Vous Aimerez Aussi

1.8K 180 20
Ben Aylizdim Ay ışığıydım parlayacaktım parlıyordum'da herşey yolundaydı onunla karşılaştıktan sonra hiç birşey yolunda gitmedi hayatım umutlarım ,ha...
OYUN (TAMAMLANDI) Par ✪

Mystère / Thriller

102K 7.2K 43
- Oyun oynamak ister misin? -Evet. Oyun oynamayı bir kere kabul edersen, geri dönüşü yok. Seni her yerde bulur ve korkunç oyunlarına devam...
15.2M 614K 54
"Soyun!" "Ne?" Yaşlı adam oturduğu masada kaşlarını çatmıştı ki yanındaki kadın tebessüm ederek bana döndü. "Sadece hırkanı çıkar ve bize sol kolunu...
284K 9.7K 34
Bora'nın üzerime gelen adımlarıyla birkaç adım daha ondan uzaklaşmak istesem de yatağa çarpan bedenimle durmak zorunda kaldım. Gözlerimin derinine ba...