Untitled Part 8

91 13 12
                                    

May ayı yaxınlaşırdı, Azad da artıq albomunu hazır etməyə tələsirdi. İki ay dolmaq üzrə idi, həyatı hələ sonlanmamış işlərini sonlandırmalı idi. Albom üçün daha bir mahnı yazdırmaq arzusu tezliklə öz cavabını tapdı: qrup Azada bir sürpriz edərək onun üçün “Yaxşı həyat” adlı bir mahnı yazmışdılar. Oynaq tempdə zərb ritmləri və gitarla bərabər, Azadı təəccübləndirərək nəfəsli alətləri də musiqiyə daxil etmişdilər. Azada sadəcə oxumaq qalırdı, hər şey hazırdı. Azad dostlarının bu hədiyyəsini çox dəyərləndirirdi, həmin gün dostlarına qarşı böyük bir sevgi hiss etdi, həmişə güvənəcəyi, onu darda qoymayacaq və hər zaman xoşbəxt hiss etdirəcək dostlara sahib olduğunu düşünərək, əslində həyatda lazım olan əsas şeyləri əldə etmiş olduğunu gördü. Onları heç vaxt unuda bilməzdi, dostlarının onun üçün nə demək olduğunu unuda və unutdura bilməzdi. Onları həmişəlik olaraq mahnılarına yazmalı olduğunu hiss etdi. Elə bu, onun üçün yeni bir mahnının ilham mənbəyi oldu. Onlara qarşı hiss etdiklərinin hamısını mahnıya əlavə etdi. Qrupla bərabər musiqisini də bitirdi. Bir qədər sərt gitar ritmləri olsa da, mahnı ümumilikdə çox yaxşı alınmışdı. Üstəlik təkrarən Baharın səsindən istifadə etdilər. Baharın ürəkləri əridən arxa vokalı mahnını kifayət qədər yumşaltdı.

   Albomun gəlişini, hətta bir həftəyə hazır olacağını bütün musiqisevərlərə xəbər verdilər. Azad albomda 13 mahnı olmasını istəmişdi, buna görə də son olaraq bir mahnı daha yazdı. Sadəcə özünün ifa edəcəyi piano ritmləri hazırladı, digərləri də əlavə olaraq musiqiyə gitar və başqa alətlər daxil etdilər. Azad bu günə qədər düşündüyü bir mövzunu mahnının sözlərinə qatdı. İçində həm dini, həm də həyati məsələlərdən ibarət olan düşüncələrini sözlərə tökdükdən sonra, “Saatlar”adlı sonuncu mahnısını da albomuna daxil etdi. Qurtardıqdan sonra albomu “Ümidlər və qorxular” adlandırdı. Beləliklə albom vaxtından bir neçə gün əvvəl hazır oldu və satışlara çıxarıldı. Mahnılar tək-tək halda internet şəbəkələrinə də yayıldı. Azad etdiyi işdən məmnun halda qrupla birgə bir həftəlik tətilə çıxmağı təklif etdi, buna hamı razı oldu.

   Bu bir həftəlik tətil Azad üçün əsl istirahət oldu. Qəribə olsa da səhhətində yaxşılığa doğru dəyişiklik hiss edirdi. Xəyal görmələri, ürək bulantıları, baş dönmələri azalmışdı. Gecələr yatmaqla bağlı problemi yoxdu, dərmanları vaxtlı-vaxtında qəbul etdiyi üçün də, demək olar ki, heç ağrı hiss etmirdi. İki ay çoxdan tamam olmuşdu, Azadın artıq qorxuları da keçmişdi, hətta bir ara xəstə olduğundan da şübhə duymuşdu. Tətildən qayıtdıqdan sonra, son bir həftə ərzində baş verən dəyişiklikləri görmək üçün albom satışlarına və internetdə çıxan dedi-qodulara göz atdılar. Daha doğrusu Bahar göz atdı və o gün Azadın yanına gəlib onu son xəbərlərdən agah etdi.

Ümidlər və qorxularWhere stories live. Discover now