Sitarə və kağız durna

By poeticrizzler

167 45 1

Həqiqətlər, Sitarə. Bəzən onlar üçün mübarizə aparmalıyıq, bəzən isə onlara layiq olmalıyıq. Və bəzənsə həqiq... More

Naməlum yazıçının kitabından bir hissə.
...
Qırılmaz qədəh.
Sərxoşun gəzintisi.
Sitarə və kağız durna.
Bohem.
Kağız kəsiyi.
Parıltı.
Şəhərə vida.
Gecikmə.
Tanışlıq.
Naməlum yazıçının kitabı.
Gənc oğlanın ideyası.
Naməlum yazıçının şirkəti.
Naməlum yazıçının paranoyası.
Şəhərə qayıdış.
Etiraflar.
Dilək.

Naməlum yazıçının həyat hekayəsi.

2 1 0
By poeticrizzler

Yazıçı öz həyat hekayəsini danışmağa başlamazdan əvvəl cibindən bir şey çıxarıb dodaqlarının arasına qoydu:

- Siqaret çəksəm sizin üçün narahatçılıq olmaz ki?

- Xeyr, xeyr, rahat olun. - yalan demişdim. Yanımda və ya gözümün önündə kimsə siqaret çəkdikdə narahat hiss edirdim həqiqətən. Ona görə yox ki, siqaretin zərərləri barədə düşünürdüm ya da sadəcə olaraq tüstüsünün qoxusunu sevmirdim. Ona görə ki, dəyərli kağız içindəki tütünlə birlikdə qarşımdaca yanıb külə çevrilirdi, buna dözə bilmirdim.

- Əslində daimi çəkən biri deyiləm, sadəcə bu aralar bir az özümdə deyiləm deyə sakitləşməyə ehtiyacım var. - kişi dodaqlarının arasındakı siqareti yandırdı və tüstünü pəncərədən çölə üfürdü, titrəməsi yol davam etdikcə sanki daha da artırdı.

- Hə, nə deyirdim... Sizə kitab yazmağımın hekayəsini danışacaqdım. Bir az əvvəldən başlayacağam, ümidvaram sıxılmarsınız. Bilmirəm ağlıma hardan düşmüşdü amma hələ lap uşaqlıqdan yazıçı olduğumla bağlı xəyallar qururdum. Baxmayaraq ki, nə yazmağı, nə də kitab oxumağı bacaran biri deyildim. Yaşım irəlilədikcə bu xəyalın boş olduğunu anlamağa başlayırdım, elə düşünürdüm ki, yaza bilmək Allah vergisidir, hər adam bacara bilməzdi bunu. Üstəlik savadıma olan inamımı itirdikdən sonra nəinki yazıçılıq barədə düşünməyə başlamışdım, hətta ali təhsil almağa belə həvəsim qalmamışdı. Beləliklə gənclik illərimə çatdıqda artıq bu xəyalım həm həyatın sürətlə üzərimə gəlməsi nəticəsində, həm də həvəssizlik və inamsızlıq səbəbindən puç olub getmişdi. Yenə də içimdə bir qığılcım yanmağa davam edirdi, insanlara danışdıqda bunu şöhrətpərəstlik olaraq adlandırırdılar, mən isə bu qığılcıma başqa cür yanaşırdım. Anam, atam, bütün qohumlarım bu dünyada heç bir iz buraxmağa nail olmamışdılar. Onlar sadəcə yaşamışdılar, əlbəttə onların həyatını da dəyərsiz saymırdım, sadəcə mənim yaşama mənalı deməyim üçün lazım olan standartları qarşılamamışdılar. Mən açığını desəm, bir iz buraxmadan, dünyada bir dəyişikliyə yol açmadan yaşayıb ölməyi yaşamaq saymırdım. Yaşımın üstünə yaş gəldikcə əhatəmin, yaxınlarımın həyatdan köçməyinə şahid oldum, sonda bir atam, bir mən qalmışdıq. Atam da vəfat etdikdən sonra artıq dünyada tək-tənha idim. Yaşamalı idim, özümü dolandırmalı idim. Atamdan mənə taksi fəaliyyətinə yararlı bir avtomobil və bir də Badamdarda 4 otaqlı bir ev qalmışdı. Həmin maşınla taksi sürücülüyünə başlamağa qərar verdim, atam da əvvəllər sürücü işləyərdi. Günlərim yollarda keçirdi, sükan arxasında oturub şəhərdə burdan-ora gedərkən qara-qara düşünürdüm. Sürücülükdən qazandığım pulla həyatımın bir qismində özümü dolandıra bilərdim, sonra da pensiyaya çıxardım, axırda da ölüb gedərdim hərhalda. Özümə sual verirdim hər dəfə, istədiyim bu idimi? Bəs gəncliyimdə yaranan o qığılcım illər keçdikcə niyə içimdə bir yanğına səbəb olmamışdı? Niyə həyata qarşı olan o həvəs, o sonuncu parıltı da illər keçdikcə solub getmək üzərəydi? Həmin bu düşüncələr məni yenidən uşaqlıq xəyalıma qaytarmışdı. Bir kitab yazaraq həyatda iz qoya bilərəm deyə düşünmüşdüm, bir kitab yazacaqdım və ölüb getdikdən sonra belə həmin kitabla xatırlanacaqdım. Elə mən də sizin kimi əlimə bir dəftər, bir qələm alıb işə qoyulmuşdum dərhal. Tək kəlimə belə yazmağı bacarmamışdım, səbəbini bilmirdim. Ağlımı yoran bir şey var idi, yazmağın həddindən artıq çətin olduğunu düşünməyə başlamışdım. Həm də yaza bilməməyimin səbəbini çox uzun müddət sonra başa düşmüşdüm. Ağlımı yoran həmin şey... Mən kitab yazmağa qərar verdiyim günə qədər cəmi-cümü 1-cə kitab oxumuşdum. Paulo Koelyonun "Kimyagər" əsərini. Və həmin kitab isə bu cümlə ilə başlayırdı: "Gəncin adı Santiaqo idi." Buna görə də başqəhrəmanıma ad tapmağı yazmağa başlamazdan öncə ən mühüm şey imiş kimi görürdüm. Kitabın hekayəsi barədə düşünmürdüm, sadəcə ad axtarırdım, kitabımın qəhrəmanının bir ada sahib olması onun varlığının ilk pilləsi olacaqdı. Qəhrəmanıma ad axtararkən 1 ilə yaxın vaxtın necə keçdiyini anlamamışdım. Mən hələ də sükan arxasında oturub düşünərək vaxt keçirirdim. Daha yaxşı düşünə bilmək üçün gecələr də işləyirdim bəzən, şəhərin səssiz vaxtlarında. Ağlımdan adlar gəlib keçirdi, hər müştəridən adını soruşurdum bəlkə axtardığımı taparam ümidiylə. Boşunaydı, heç birini qəbul edə bilmirdim. Sən demə, qəhrəmanın adının bilinmədiyi, hətta heç bir ad çəkilməyən onlarla kitab var imiş dünyada, bunu çox sonralar öyrəndim. Əslində daha tez öyrənə bilərdim bu faktı, yazmaq barədə araşdırdıqdan, bəzi tanışlardan maraqlandıqdan sonra vardığım nəticə belə oldu ki, yaza bilmək üçün oxumaq mütləqdir. Nə qədər çox oxusan bir o qədər yaxşı yazacaqdın. Yəqin ki, siz də təsdiqləyərsiniz bunu. Bu məlumatı öyrəndikdən dərhal sonra kitabxanaya getmişdim. Kitabxanaçı qadının tövsiyəsilə bir neçə kitab götürdüm oxumaq üçün. Adlarını bilmədiyim yazıçılar, adlarını ilk dəfə eşitdiyim əsərlər. Onlara göz gəzdirəndə belə yorulurdum, hərflər üzərimə gəlirdilər sanki, həyatım boyunca bu qalınlıqda bir şey oxuyub bitirməmişdim. Hamısını yığmışdım maşının yan oturacağına, seyr edirdim amma əlimə götürdükdə üstümə bir ağırlıq çökürdü, dərhal ertələyirdim oxuma prosesini. Belə-belə zaman keçdikcə artıq yaza bilmək barədə ümidlərimi itirməyə başlamışdım, çünki yaza bilməyə gedən yolda dayanan oxumaq mərhələsini belə tamamlaya bilməmişdim. Hər əsərdən uzağı bir-iki səhifə oxuyaraq kitabı yerinə qoyurdum. Sonra bəlkə bir də cəhd etsəm alınar deyə ən başdan həmin iki səhifəni oxuyurdum amma irəliləyiş yenə də sıfır olurdu. Buna tənbəllikmi demək lazımdı ya kitablar sadəcə maraqlımı gəlmirdi mənə, bilmirəm amma bu gedişlə kitabları kitabxanaya qaytarmalı olacaqdım. Eyni keçmişdə öz savadıma olan inamımı itirərək ali təhsilə yönəlmədiyim kimi indi də öz oxumaq qabiliyyətimin var olduğuna şübhə etdiyim üçün ədəbiyyatdan üz döndərirdim. Bir gün yenə kitabları yanıma alıb işə çıxmışdım. Bu günki kimi xatırlayıram, tutqun hava var idi, qanım da qaraydı, elə birbaşa kitabları qaytarmağa kitabxanaya gedəcəkdim bir müddət də müştəri gəlməsə. Birdən bir qadın əyləşdi maşına, arxa oturacağa keçmişdi, buna görə kitabları yığışdırmalı olmamışdım ön oturacaqdan. Qadının geyimindən, üzündəki ciddiyyətdən, rəsmiyyət dolu səsindən işgüzar qadın olduğunu görmək olurdu. Ünvanı dedi, xeyli uzun yolumuz vardı. Mən səssiz-səmirsiz maşını hərəkətə keçirdim və ünvana doğru getməyə başladıq. Qadın pəncərədən çölə baxırdı, sıxılmış görünürdü. Ola bilsin sıxıntıdan maşının içini incələməyə başlamışdı, elə bu anda gözünə ön oturacaqdakı kitablar ilişmişdi.

- Kitablar özünüzündü? Deyəsən oxumağı sevən birisiniz.

- Əksinə, oxumağı bacarmayan biriyəm. Eləcə kitabları yığmışam oraya, oxumağı bacarmıram. Oxumaq istəyirəm amma hər dəfə kitabı açanda bir-iki səhifədən o tərəfə keçə bilmirəm.

- Əvvəllər məndə də vardı bu adət. İndi onsuz heç kim kitab oxumur, oxumaq istəyənlər də sizin kimi oxuya bilmədiyindən şikayət edir. Halbuki kitab oxumağın yararlarının fərqində deyil heç biri.

- Dediniz ki, əvvəllər məndə də vardı bu adət. Bəs siz necə oxumağı bacardınız? Bu adəti necə tərgidə bildiniz?

- Çox sadə, əgər əsər maraqlıdırsa onsuz da 30 səhifə oxuduqdan sonra ardını özünüz də necə oxuduğunuzu bilməyəcəksiniz. Sizin əsərlərinizə baxıram, Steven Kinq, Franz Kafka, hətta Dostoyevski də var, həmin kitabları yanınızda saxlayıb oxumamaqla nələr itirdiyinizi özünüz də bilmirsiniz heç.

- 30 səhifə? Elə 30 səhifə oxusam bəs edər?

Qadınla söhbətimiz əsnasında o, pəncərədən çölə baxırdı, elə bil sıxıntıdan qurtulmaq üçün mənimlə söhbət edirdi, əgər başını qatmağa başqa bir şey tapsa heç mənim varlığıma da məhəl qoymazdı. Yenə də əgər onun tövsiyələri işimə yarayacaqdısa bu bir o qədər də vecimə olmazdı. Mən onun "30 səhifə" ideyası haqqında daha ətraflı maraqlandım, tıxacda qalmışdıq, hələ yolumuz uzun idi. Bir tərəfdən də gözüm kitablarda idi, 30 səhifə belə mənim üçün imkansız görünürdü. Eyni baş qəhrəmanımın adına qərar verə bilməməyim kimi hansı kitabla oxumağa başlamağıma qərar verməyimin günlərcə çəkəcəyini bilirdim. Özümə bir vaxt məhdudiyyəti qoymuşdum və bu gün həmin məhdudiyyətin sonuncu günü idi. Ona görə bir çıxış yolu tapmalı idim.

- Mənim üçün oxuya bilərsiniz?

Qadın başını mənə tərəf çevirmişdi, axır ki, deyəsən diqqətini çəkə bilmişdim.

- Necə?

- Onsuz da tıxacdayıq, hələ bir müddət yolumuz var. Əgər bu kitablardan birini gedəcəyimiz yerə qədər mənə oxusanız sizdən gediş haqqının yarısını alacağam.

Qadın gülümsəmişdi, deyəsən təklifim xoşuna gəlmişdi.

- 30 səhifə oxusam bəs edər hərhalda?

- Minnətdar olaram, xanım. Buyurun!

Qadın kitablardan birini seçdi və oxumağa başladı. Kitab gəncin adını vurğulayaraq başlamamışdı, mən ona diqqətlə qulaq asırdım, çox yaxşı diksiyası vardı, sözləri səlist şəkildə deyirdi və vurğular da öz yerində. Ondan sonra bir çox səsdən bir çox kitab dinləmişəm amma o qadının səsi sanki hekayələr üçün yaradılmışdı. Yol boyunca 30 səhifədən çox, hardasa 32-33 səhifəni oxuya bilmişdi, səsi heç titrəməmişdi də, bundan onun tez-tez auditoriya qarşısına çıxan biri olduğunu bilmək olurdu. Mənim isə beynimdə tamamilə yeni bir hissə oyanmışdı sanki, yeni bir dünyaya daxil olmuşdum bir anlıq, bir hekayənin təsirini ilk dəfəydi belə dərindən hiss etmişdim. Həmin gün metamorfoz keçirmiş kimiydim. Ünvana çatdığımızda qadın kitabı mənə doğru uzatdı, mən ona təşəkkürümü bildirdim, həqiqətən də hələ də minnətdar hiss edirəm.

- Yaxşı... oxumağa davam edəcəksiniz yoxsa səsimi boş yerinə yordum?

- Mütləq, ilk işim evə gedib kitabın ardını oxumaq olacaq.

- Əgər bu barədə kömək edə bildimsə nə xoş mənə. Hə, bir də, mən vəkil olaraq işləyirəm. Buyurun, vizitkartım, birdən vəkilə ehtiyac duysanız müraciət edərsiniz.

Qadının vizitkartını aldıqdan sonra o, ödənişin yarısını ödəyərək maşından endi. Bu mənim yazmağa yox, oxumağa başlaya bilməyimin hekayəsiydi. Mən qadına dediyim kimi, evə getdikdən sonra kitabı elə həmin gecə bitirdim. Digər kitaba qarşı şübhəylə yanaşmışdım, onun da ilk oxuduğum kitab qədər maraqlı olacağını bilə bilməzdim nə də olsa. Qadının dediyi "30 səhifə" üsulundan istifadə etdim və həqiqətən də işə yaramışdı. Bir kitabı daha oxuyub bitirə bilmişdim. Sonra bir də baxdım ki, əlimdə oxumadığım kitab qalmayıb. Kitabxanaya getdim və yeni kitablar aldım. Bir neçə ay boyunca oxumağa o qədər aludə olmuşdum ki, kitab yazmaq fikrini belə unutmuşdum. Kitab yazmağa hazır olduğumu...

Naməlum yazıçı sözünü yarıda kəsdi, əyləcə bərk basaraq birdən maşını yol qırağına çəkib saxladı:

- Xırıltını eşitdiniz?

Bu səfər dik atılan mən olmuşdum.

- Söhbətə elə başım qarışıb ki, heç fikir vermirəm. Arxadakı maşın sizcə də biz saxlayan kimi saxlamadı?

Arxaya çevrilib baxdım, arxadakı maşın sadəcə yolu dönürdü.

Yazıçı maşından endi, ətrafa, maşının altına nəzər saldı tələsik şəkildə, onun artıq bir paranoya daxilində olduğuna əmin idim. Bəlkə danışdığı hekayənin sonrakı qismlərində bunun səbəbini öyrənmə şansı da əldə edə bilərdim deyə ümid edirdim.

Continue Reading

You'll Also Like

321 50 3
ULA adlı kitabımın devam çalışması. Yeterince demini aldıktan sonra basımını çizgili roman şeklinde yaptırma niyetindeyim. O zamana kadar yazdıklarım...
12.4K 1.2K 26
"Bir insan başka bir insana 'senin için yaşıyorum' kelimelerinin sorumluluğunu yüklememeli aslında." dedim, kar tanelerinin yavaşça süzüldüğü gökyüzü...
9.8K 1.1K 24
Doğa, Savaş'ın arkasına dönüp kendisini seyrettiğini bilmiyordu. Başını telefonundan kaldırıp onunla gözgöze geldiğinde bir anlığına korktu. Damağını...
5.8K 401 27
Lucifer odasından asla dışarı çıkmazken bir gün çıkmıştı. Ama hotel sessizdi, biraz yürüdü alastor'ı gördü ve onla konuştu. Charlie ve diğerleri dışa...