Kədər tonqalı

17 1 0
                                        

Düz deyiblər; yaşamaq yanmaqdır, yanasan gərək. Nəfəs aldığım hər an sanki içində od tutub alışdığım edam tonqalına bir odun da atılır. Getdikcə közə çevrilən bədənimin iztirabları ruhumun ah-naləsiylə musiqili ahəng yaradır. Çıtırdadıqca vicdanım odunların arasında, ağrılarım tüstütək sovrulduqca göylərə, fəryadım ərşi-fələyi sirkələyir, mən bir fəlakətdən daha böyüyünə doğru addımladığımı dərk edirəm. Sanki fövqəladi heç nə yoxmuş kimi kənardan üzərimə odun atanların üzlərindəki heykəl soyuqluğunu sezirəm. Boğazıma düyümlənmiş azadlıq hayqırışlarım, tanrıya saysız-hesabsız yalvarışlarım xilas eləmir məni, hətta kipriklərimin arasından yanağıma süzülən kədər damcıları belə söndürə bilmir bu alovu. Get-gedə arzularım, ümidlərim kül olub havaya qarışır. Külək vicdanımı ruhumdakı boşluqların arasından sovurduqca, daha çox şahələndirir alovu, daha çox qığılcım qatır iztirablara. Son nəfəslərimi alıb-verərkən belə ətrafdakı qafillər tərəfindən başa düşülmək üçün çırpınıram. Daxilimdəki kədər vulkanı püskürüb barmaqlarımın arasından yerə axdıqca qatılaşmış lava kimi qaxac olub daşlaşdığımı hiss edirəm. Məndən əvvəlkilərin aqibəti məni də gözləyir. Biz Siratdan bu dünyada yıxılıb zəhər qədəhlərini burada içən, alovdan köynəkləri elə bu dünyada geyinənlərik. Sonda isə sönməzdən əvvəl üzərinə torpaq atılmış tonqal tüstüsü kimi havaya qarışıb göylərə çəkilirik.

Əbədi kədərStories to obsess over. Discover now