0. "Qartalların xanımı"

500 35 46
                                    

Alatoranlıq öz qısacıq ömrünü başa vurub yerini gecənin hüzünlü qaranlığına vermiş və daş qəsrin bozumtul görüntüsünü də özüylə çəkib aparmışdı . Qövs şəkilli iri pəncərələrinin bəzilərindən bayıra işıq seli yayılmasa və dörd ən iri qülləsinə yerləşdirmiş məşəllər yandırılmamış olsaydılar bu əsrarəngiz tikili səmanın qaranlığına qarışıb gözdən itərdi .
Qəsrin həndəvərində gəzişən , ikitaylı polad qapının önündə keşik çəkən mühafizəçilərin səsi ara-sıra gecənin yuxu gətirən səssizliyini pozur , bu məkanın kimsəsiz olmadığını isbat edirdi .

Elə qəsrin daxilində də bənzər monotonluq hökm sürməkdəydi . Yenicə taxta çıxmış kral daxil olmaqla bütün saray sakinləri və gecə növbəsinə qalmağa məcbur olmayan xidmətçilər artıq otaqlarına çəkilmiş , özlərini yuxuya təslim etmişdilər .

Bir nəfərdən başqa ... Sarayın başlıca , bütün krallığın isə ikinci ən güclü bilici kahini qoca Sofos günlərdir onu narahat edən bir səbəbə görə rahatlıq tapa bilmirdi . Elə həmin gecə də bu səbəbdən gözünə yuxu getməmişdi . Buxarının önündə bardaş quraraq yerə çökmüş , sehirli kristal kürəsini də ayaqlarının arasına , uzun mavi cübbəsinin ətəyi üzərinə yerləşdirmişdi .

- Hə , kristal , axı sən mənə nəyi izah etməyə çalışırsan ?- soruşdu ovuclarıyla kürəni qavrayaraq .
İstifadə olunmadıqda şəffaflığını qoruyan , hansısa öncəgörmə rituallarında isə müxtəlif rənglərə bürünən kürə son üç gündür qəribə hallar sərgiləyirdi . Belə ki , əşya gecə-gündüz dayanmadan yanıb sönür , aralarında çox cüzi zaman məsafəsi qoymaqla ağ və qara rəngi öz üzərində əks etdirirdi .

- Eksiqun * ! - şansını artıq yüzüncü dəfə sınayıb kürədən bu hallarının sirrini açıqlamasını tələb etsə də yenə bir faydası olmadı . Kristal kürə ağ , qara rənglərin harmoniyasıyla Sofosu qorxutmağa davam edirdi .

Davamlı olaraq kürəyə baxmaqdan və 91 illik ömründə ilk dəfədir ki , nəticə əldə edə bilməməkdən təngə gəlmiş qoca kahin baxışlarını əşyadan ayırıb döşəmədə ətrafına düzmüş olduğu şamlara göz gəzdirdi . Bunlar Sofosun kiçik baxımsız otağını işıqlandırmağa kifayət edir , içəriyə sehrli görünüş verirdilər .
Gözləri şamları izləməkdən də yorulub cürbəcür əşyaların , kəhanətdə yararlandığı vasitələrin , kiçik şüşə qablardakı sehrli içkilərin qoyulduğu dolaba sataşanda kürəyə yapışmış əlləri boşalıb döşəməyə dəydi .

- Ola bilməz . Tanrım , bu mümkün deyil .

Gördüyü mənzərənin yarıqaranlıq otaqdakı işığın aldadıcı illuziyası olmasına ümid etdi . Bəlkə də sadəcə gözləri zəifləmişdi ... Heç bir halda gördüyünün həqiqiliyini qəbul etmək istəmirdi .
Amma bu gerçək idi ... Şkafın ən üst rəfinə qoyulmuş şüşə qabın içindəki dəyişiklik kahini dəhşətə salmışdı . 35 il əvvəl öldürülmüş və bəzi məqsədlər üçün həmin qaba qoyulub Sofosa verilmiş qartalın gözlərində heç vaxt rastlamadığı bir parlaqlıq meydana çıxmışdı .
Sofos yerindən qalxıb şkafa yaxınlaşmağa cəsarət etmədən bədənsiz gözləri izlədi bir müddət .
Yanılmamışdı ... O ölü qartalın gözləri 35 ildən sonra nəmlənmiş və qabın dibinə kiçik damcılar tökməkdə idilər .

Bu mənzərə isə yalnızca bir şeyi sübut edirdi ...

Bütün saray əhlinin , xüsusilə də Kral İshisin gerçəkləşəcəyinə inanmırmış kimi görünsə də içdən-içə qorxduğu gün gəlib çatmışdı . O qadın ... 35 il əvvəl başqa bir kahinin öncəgörməsində dəhşətli bir qətlin sifarişçisi olaraq görünən , illərdir axtarılan , lakin izinə də rastlanılmayan o qadın - "Qartalların xanımı" qayıtmışdı ...

Sofos tirəyən barmaqlarını yenidən rəngdən-rəngə düşən kristala toxundurdu və elə əlləri kimi əsən həyəcanlı səs tonuyla :
- Drosiya Paleosu göstər ... - dedi həmişəki kimi bu qadın haqqında kürənin susmağını arzulayaraq . Əgər kristal kürə Drosiya haqqında heç bir məlumat verməsəydi , bu o demək idi ki , Sofos əbəs yerə qorxuya qapılmışdır və o qadın hələ də müəmmalar arasındadır .
Amma bu baş vermədi ... Kristal kürə son 35 ildən fərqli olaraq həmin gecə Drosiya Paleos haqqında verilən sualı cavablandırdı . Ağ qara işıq oyunları dayandı , kürə əvvəlcə şəffaflaşdı , şəffaflıq getdikcə çəhrayıya büründü ... Ən sonda isə qan rəngini alaraq bir neçə saniyə gözlədi .
Sofosun barmaqları kürədən aralandıqda üzərini örtən qırmızı rəngin müxtəlif çalarlarının oyununa şahid oldu .

Bərəlmiş gözlərini bir neçə dəfə yumub açmağa fürsət tapmadan kristaldan ona tanış olan tərs bir səs yüksəldi .

- Nə istəyirsən , Sofos ? Necə ? Drosiya Paleos ?- sanki kürə də təəccüblənmişdi , ani səssizlikdən sonra davam etdi -Drosiya Paleos sağdır . Bu vaxta kimi onu aşkarlamaq mümkün deyildi amma bu gün ruhu təsbit olundu . Gənc bir qız var ... bir qız var ... bir qız var ... bir qız var ...bir qız var ...bir qız var ...

Kristalın çərənləməsi qoca Sofosun səbrini o qədər tükətdi ki , əşyanı otağın bir küncünə atıb parça-parça etməməkçün özünü güclə saxladı . Kürənin bu cür oyunları tez-tez təkrarlanan hal olduğundan kahin səbrli görünməyə çalışaraq :

- Kristal , o qız kimdir ?- soruşdu .

- Gəncdir . Drosiyanı tanımayacaq qədər gənc . Haqqında da heç nə eşitməyib . Amma Drosiya onun yuxusuna girib . Yuxuda qarşılaşıblar ...qarşılaşıblar . Drosiyanı yalnız o qızın vasitəsilə tapa bilərsiniz çünki Drosiya ruhunu onun yuxusunda aşkara çıxartdı . Drosiyanın cismi görünmür ...cismini gizlədib amma ruhu açığa çıxdı ...ruhu açığa çıxdı ...Drosiya oyandı ... "Qartalların xanımı" oyandı ...

Sofos özündən dəfələrlə yaşlı olan kristal kürəylə söhbətini bitirdikdən dərhal sonra kral İshisi görməyə getməli olduğuna qərar verib :
- Onu yuxuda görən qız haradadır ?- soruşdu tələsərək .

- Uzaqda ...çox uzaqda ... dünyamızdan xeyli uzaqda ...Paralel dünyalardan birində . 10cu paralel dünya ... dünya ...dünya... Sehrdən qorxanların dünyası . Axmaqların dünyası .

-----------------------------------------------------------
İlk bölüm olduğundan anlamadığınız çox detal ola bilər . Hər biri sonrakı bölümlərdə aşkara çıxacaqdır .

Eksiqun - yunan dilindən "izah et" mənasına DEMƏK OLAR Kİ , gələn və bu hekayə üçün uydurduğum sehr .

Təşəkkürlər .☺

Evə QayıdıramΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα