Təhlükəsizlik blokuna getmək qərarı verilsə də, otaqlar bölüşdürülsə də, hamı bilirdi ki, yorğun bədənlərlə ora getmək çox çətin olardı. Buna görə də qrup hələki yeməkxanada qalmışdı. Kimsə konserv açırdı, kimsə çay hazırlayırdı. İlk dəfə idi ki, söhbət zombilərdən və viruslardan uzaqlaşmışdı.
"Heç fikir vermisiniz ki, bütün bu hadisələrin mərkəzində 13 rəqəmi var?"-Aysel əlindəki fincanı masanın üstünə qoydu
"Yenə başladıq"-Kamran güldü, "İndi deyəcəksən ki, qədim lənətdir."
"Yox, ciddi danışıram. N-13, laboratoriya sektorları, layihənin nömrəsi... hər yerdə 13 var."
"Aha yəni? Yəni nə demək istəyirsən? 13 rəqəmi lənətlidi?"-Aysel başını təsdiq əlaməti olaraq salladı, "HAYDA!"-Kamran əlini masaya vurdu"Məncə 13-ün heç günahı yoxdur."
"Necə yəni?"-Zeynəb dilləndi
"Təsəvvür elə, min illərdir rəqəmsən. Heç nə etməmisən. Birdən bütün dünya qərara gəlir ki, sən uğursuzsan. Sonra birdən Azərbaycandan bir antropoloq çıxıb deyir ki, Apardığımız geniş araşdırmalar nəticəsində müəyyən etmişik ki, qlobal virus hadisələrinin arxasında 13 rəqəmi dayanır, çünkü o 13-dür. 10 və 3!"
Hamı gülməyə başladı. Kamran bilərək Ayseli cırnatmağa çalışırdı. O zarafat etsə də inanırdı ki, Ayselin bununla bağlı çox maraqlı arqumentləri var
"Yaxşı, o zaman deyin görək hörmətli antropoloq Aysel Rzayeva, nədir məsələnin məğzi?"
"Baxın, müxtəlif mədəniyyətlərdə bu rəqəm həmişə qəribə hesab olunub. Bəzi ölkələrdə otellərdə 13-cü mərtəbə belə olmur."
"Mən həmişə bunun axmaqlıq olduğunu düşünmüşəm."-Orxan dedi.
"Ola bilər, amma maraqlıdır. Məsələn, bəzi miflərdə 13 dəyişimin rəqəmi sayılır. Köhnə həyatın bitməsi, yenisinin başlaması.."-Qrup düşünməyə başladı. Aysel danışmağa davam etdi, "İnsanlar çox vaxt 13-ün "uğursuz" olduğunu deyirlər, amma əslində bunun tarixi kökləri var. Məsələn, ən məşhur nümunə xristian ənənəsindən gəlir. Son Şam Yeməyi təxminən eramızın 30-cu illərində baş vermiş hesab olunur. Həmin masada İsa və 12 həvari var idi, yəni ümumilikdə 13 nəfər. Sonradan Yəhudanın xəyanəti bu hadisə ilə əlaqələndiriləndə, orta əsrlərdə 13 rəqəmi mənfi simvolizm qazanmağa başlamışdı"
"Amma bu inanc daha qədimdir, elə deyil?"-Nərmin dedi
"Bəli. Məsələn, Skandinaviya mifologiyasında da oxşar motiv var. Bu mənbələrin yazıya alınması əsasən XIII əsrdə baş verib, amma hekayələrin özü daha qədimdir. Əfsanəyə görə tanrılar ziyafətdə 12 nəfər idilər. Sonra Loki 13-cü qonaq kimi gəlir və hadisələr Balderin ölümü ilə nəticələnir. Burada da 13 rəqəmi sistemə daxil olan gözlənilməz element kimi təqdim olunur."
"Maraqlıdır ki, hər iki hekayədə ölüm var."-Zeynəb dedi.
"Çünki məsələ rəqəmdən çox strukturla bağlıdır."-Aysel cavab verdi, "Antropologiyada belə bir anlayış var, insanlar nizamı simvollar vasitəsilə qururlar. Avropa mədəniyyətlərində 12 rəqəmi çox güclü simvol idi. İldə 12 ay, zodiac sistemində 12 bürc, günün iki hissəyə bölünməsi nəticəsində yaranan 12 saatlıq dövrlər, hətta bir çox dini və siyasi strukturlarda da 12 rəqəmi görünür."-Aysel davam etdi, "Yəni 12 tamlıq simvoluna çevrilmişdi. Buna görə də 13 sadəcə növbəti rəqəm deyildi. O, "tamlığın sonrakı mərhələsi" idi. Simvolik olaraq sistemdən kənara çıxmağı, nizamın pozulmasını ifadə edirdi."
YOU ARE READING
Nekroz
ActionBakıda başlayan naməlum yoluxma əvvəlcə adi virus kimi görünür. Qısa müddət sonra isə insanların davranışlarında izaholunmaz dəyişikliklər baş verir. Heç kim bunun necə başladığını bilmir. Heç kim bunun virus olub-olmadığına belə əmin deyil. Bəs nə...
