Ətrafdakı səssizliyin içinə qərq olmuşdum. Deyəsən həmin a'na qədər səssizliyə bu qədər ehtiyacım olduğunu bilmirdim. Düşünürdüm ki,insanlar hər nə vəziyyətdə olursa olsun cəmiyyətdən kənarlaşmamalı,içinə qapanmamalıdır. Amma sadəcə 5 gündür tanıdığım bir insan məni içimdəki özümü tapmağa sövq edirdi. Əslində biz insanlar çox qəribə varlıqlarıq,bəlkə də yaradılışımız belədir. Olduğumuz insanla ola biləcəyimiz insan çox fərqlənir,eyni ilə heç vaxt ola bilməyəcəyimiz insanla olmaq istədiyimiz insan kimi.
Əhməd ilə mənim münasibətimiz də məhz belə bir əhvalata dayanırdı əslində. Fevraldan qalan son buzların əridiyi vaxtlar idi,saat 17:00"da iş yerimin yerləşdiyi küçənin lap qurtaracağında əlində qarmonla musiqi ifa edən bir gənc gördüm. Üst başı elə də pis deyildi,amma üzünü saqqal örtmüşdü,saçları da lap çiyinlərinə qədər düşürdü. Bunlardan əlavə,əlindəki qarmonla yaratdığı simfoniya mənim diqqətimi çəkmişdi. Aşağısı bir saat olduğum yerdə dayanıb musiqinin səsini dinlədim. Ətrafda məndən başqa üç-dörd nəfər də olardı,onlar da 10 dəqiqə dinlədikdən sonra öz həyatlarının axarı ilə,zamana meydan oxuyurmuşcasına çıxıb getdilər. Oğlan musiqini dayandırıb fasilə üçün kənara çəkiləndə özümü saxlamayıb yanına yaxınlaşdım:
-Çox gözəl ifa edirsiniz,lakin mənə olduqca qəribə gələn bir şey var ki,nə üçün belə boş bir küçədə,az dinləyici qarşısında ifa edirsiniz?
Deyəsən bu sualım onun xoşuna gəlmişdi,bəlkə də musiqisini təriflədim deyə gülümsəmişdi,bilmirəm. Bir neçə dəqiqə susduqdan sonra- "Zənnimcə bu küçədən keçən iki-üç nəfərin mənim musiqimə daha çox ehtiyacı var,sizcə də elə deyil?"-dedi.
Düzü mənə elə də məntiqli gəlmirdi,çünki hər bir insan bacarıqlarını daha çox insanın eşitməsini,bilməsini istərdi. Amma oğlanın nəyi nəzərdə tutduğunu anlamışdım. Demək istəyirdi ki,burdan keçən insanlar o qədər tələsir ki,sırf vaxt qazanmaq üçün bu dar,kimsəsiz küçəni seçirdilər. O isə musiqisini zamanın nəbzini tutaraq ifa etmək istəyirdi.
Adınızı öyrənə bilərəm?-dedim.
"Əgər sabah da musiqini dinləməyə gəlsəniz,əlbəttə ki olar" dedi və gülümsədi.
-Vaxt elədikcə gələcəm,onsuz da iş yerim bu küçənin girişindədir,amma bu gün işdən tez çıxdım deyə sizi gördüm burda,adətən axşam saat 8də çıxıram işdən.
-Elə isə mən sizi gözləyəcəm.
Üzümdə gülümsəmə yarandı,amma bəlkə də gözləməyəcəkdi,bunu elə də şişirtmək lazım deyildi.
-Oldu,sabah görüşənədək-dedim,sonra səki ilə öz yoluma davam etdim. Amma arxadan "Ay xanım" deyə səs gəldi,həmin oğlan idi.
-Əhməd.
-Necə?
-Adım,Əhməddir.
-Şad oldum,mənim adım da Çiçəkdir,sabah mütləq gələcəyəm.
***
Artıq 3 gün idi ki hər işdən çıxanda Əhmədi dinləməyə gedirdim,o da söz verdiyi kimi məni gözləyirdi. Tanışlığımızın beşinci günü məni maraqlı bir yerə aparacağını dedi. Sabah bazar günü idi,iş günüm də deyildi. Razılaşdıq ki səhər saat 10da həmin küçədə görüşək.
Saat 10dan 15 dəqiqə keçmişdi ki sözləşdiyimiz yerə çatdım,Əhməd qarmonla musiqi ifa etdiyi yerdə durub məni gözləyirdi.
-Hə,gedək?
-Aha gedək,amma hələ də hara gedəcəyimizi demədin.
-Azca da səbirli ol,çatana yaxın özün biləcəksən hara getdiyimizi.
Gedəcəyimiz yer uzaqda imiş,ona görə də Əhməd dostunun Vaz 2106 markalı köhnə maşınını götürmüşdü. Yol boyu hara gedəcəyimizlə bağlı çoxlu suallar verirdim,amma elə də qənaətbəxş cavablar almırdım. Şəhərin səs küyündən uzaqlaşırdıq,düzü 5 gündür tanıdığım bir insana niyə güvənib buralara gəlmişdim bilmirdim. Amma Əhməd elə bir xoş auraya sahib idi ki,insan ona güvənməyə bilmirdi.
-Axır ki gəldik!
-Buradı?
-Hə.
Şəhərin mərkəzindən kənarda kiçik bir ev,həyətində isə balaca uşaqlar,bir də onları müşaiət edən 2 qadın vardı. Həyətin girişində isə köhnə avtobus dayanmışdı. İçərisində isə sürücü var idi.
Əhmədin məni niyə bura gətirdiyini başa düşmədim,"həftədə 1 gün tətil günüm olur,onu da burda keçirəcəm?"-deyə düşünürdüm.
-Bax,Çiçək,bu uşaqları görürsən?
-Kimdir ki onlar?
-Sən onları görürsən də,elə?
-Hə,görürəm.
-Amma çox təəssüf ki onlar səni görə bilmirlər. Bu uşaqlar görmə qüsurludurlar,yəni ki sənin gördüyün,mənim gördüyüm heç nəyi görə bilmirlər.
Ancaq mən düşünürəm ki,musiqi elə bir sehrli qüvvədir ki,hətta gözü görməyən insan belə onun yaratdığı simfoniyanı görə bilir.
Əhməd haqlı idi,mən bu vaxta kimi musiqinin yaratdığı sehrli qüvvəni görmürdüm,baxmayaraq ki görmə qüsurlu deyildim.
Həyat belədir,mən düşünürəm ki hadisələrə gözlərimizlə deyil,daha dərin baxmalıyıq. Ətrafda baş verən bu qədər şey,doğulan,ölən insanlar hamısı müəyyən bir yer tutur bu dünyada. Eləcə də həyatımıza girib,həyatımızdan çıxan,o cümlədən bizi sevindirən,bizi incidən insanlar da həyatımızda müəyyən bir məqsədə xidmət edir. Sadəcə dediyim kimi ,daha dərin baxmaq lazımdır. Həyat bir musiqi,biz isə onun yaratdığı simfoniyanı görən görmə qüsurlu uşaq olmalıyıq.
