1

13 1 1
                                        

Gözlərini yuxudan açan kimi bir adamın sənə sabahın xeyir deməsi dünyanın ən gözəl şeyidir. Hələ həmin adam sırf bunu eləmək üçün zəhmət çəkib telefonu əlinə götürüb sənə zəng eləyirsə, bu, başqa bir gözəldir. Hələ-hələ bu adam sənin ürək verdiyin kəsdirsə, kefinə-əhvalına heç söz ola bilməz.


Son iki ildir elə günüm olmayıb ki, səhər yuxudan duran kimi Zərifənin səsini eşitməyəm. Baxmayaraq ki, onunla eyni evdə yaşamırıq və rəsmiyyətə qalsa, heç nişanımız belə yoxdur. Dərinə getsək, heç ən yaxın dostlarımız belə sevdiyimiz bir kəs olduğunu bilmir... Onunla ailə həyatı qurmağı mən özüm çox fikirləşsəm də, həm imkan olmadığından, həm də açığı yaşımızı evlilik üçün hələ az hesab etdiyimizdən onlara bir şey deməmişəm. Zərifənin bu barədə nə düşündüyünü isə heç bilmirəm. Amma təxmin eləyirəm, o da yaşımızın hələ az olduğunu, hələ evliliyin tez olacağını düşünür. Ancaq mən də bilirəm ki, biz bunu "həyatımızı yaşamaq" üçün yox, "həyat qura bilmək" üçün eləyirik. Biz evlənmirik, ona görə ki, vaxtı çatanda rahat evlənmək istəyirik.


Mənim üçün həftənin ən gözəl günü heç şübhəsiz şənbə-bazar günləridir. Çünki bir qayda olaraq, hər həftə sonu onunla - Zərifəylə görüşürük. O da, mən də dərslərdən (və mən hələ yarım-ştat işləyirəm də) həftə içi vaxt tapmırıq. ...Uzun sözün qısası, bu gün də altıncı gündür və onunla görüş üçün evdən sevinərək çıxıram.Hər zaman getdiyimiz bir kafedə görüşdük bu gün. Suallardan və şübhələrdən arınmış, ancaq narahat bir görkəmi vardı. Onu yaxşı tanıdığımdan bir problem olduğunu dərhal hiss eləmişdim. Ancaq bunu qəfil soruşmaq da istəmirdim. Odur ki, onun nə içəcəyini soruşdum, özümə də bir çay sifariş elədim, gözlədim. Sanki bura ilk dəfə gəlirmişik kimi gözlərini ətrafda gəzdirirdi, ancaq mənim ona baxdığımı gördükdə o da mənə baxdı. Çox kiçik bir an bir-birimizə baxdıq, ancaq hiss elədim ki, qəribə bir ab-havayla gözlərini qaçırdı. Nədənsə üzümə baxmaqdan qaçdığını hiss elədim. Görəsən, burnumda-filan bir şey qalmayıb ki, deyə pəncərədə əksimə baxdım. Hər şey normal idi. Yəni əvvəlki kimi idim. Amma hiss eləmişdim ki, Zərifə mənə əvvəlki kimi baxmır.Özümü saxlaya bilmədim, xəstə olub-olmadığını soruşdum. Dedi ki, yaxşıdır, ancaq solğun görünürdü. Soyuq bir tərzdə dərslərimi soruşdu. Halbuki dərslərimi heç soruşmazdı. Hətta hansı ixtisas üçün oxuduğumu belə doğru-dürüst bilmirdi. - Sən bu gün nəsə qəribə görünürsən, - dedim. - Yox, elə bir şey yoxdur. ...Əslində var, Vaqif. - dedi sonra. - Eşidirəm səni. Nədir səni belə yorğun göstərən?Elə bu vaxt sifarişlərimiz gəldi, danışmağı dayandırmalı olduq. Bir neçə dəqiqə sonra: - Nəsə deyirdin, - dedim. - Vaqif sənə bir şey deyəcəm mən... Ancaq bilmirəm necə deyim. - Necə var, elə də de, - dedim. - Düzün denən başqasıyla evləndirirlər? - deyə qorxaraq soruşdum. - Yox, elə bir şey deyil. Vaqif. Mən... Mən səninlə alınmır, belə olmur. - Nə olub ki? Başa düşə bilmirəm nə dediyini. - Bax, biz çox gözəl günlər keçirmişik. Sən bir dəfə də olsun məni incitməmisən və... çox gözəl adamsan yəni. Bunu məni istədiyin üçün demirəm. Bu, ümumiyyətlə, belədir. - Bəs bunu niyə deyirsən indi? - Mən ayrılmaq istəyirəm. - Necə asan dedin bunu. - İnan mənə, heç də asan deyil. Bilirəm, sənin üçün də olmayacaq. Ancaq... Ancaq olmaz. Mən bacarmıram artıq. - Səni bezdirəcək nəsə eləmişəm, yoxsa? Bu ani qərar... nədir bunun səbəbi, de mənə nolar... - Mən bunu necə deyəcəyimi bilmirəm. - Başqası var?.. - Başqası hələ yoxdur. Ancaq... - Ancaq sən başqasını istəyirsən.Başını aşağı saldı. - Zərifə, xahiş eləyirəm, mənim bu sualıma cavab ver: İki ildən sonra başa düşdün məni sevmədiyini? - Məsələ səni sevməmək deyil. Mən səni sevdim də. Sadəcə... Sadəcə bir başqasını bir başqa sevdim, Vaqif. ...Mən səni aldatmadım, gizlətmədim, arxanca iş çevirmədim. Mən səni də sevdim, Vaqif. Ancaq... - Ancaq bir başqasını bir başqa sevdin...

SərçəWhere stories live. Discover now