Göydə sən adlı ulduz,
Oturub izləyirəm.
Heç bilmirəm niyə mən,
Hələ də gözləyirəm.
Pozulmur səssizliyim,
Gecə dinib - danışmır.
Ürək də rahat deyil,
Sənsizliyə alışmır.
Gəlişin də imkansız,
Gedənlər geri dönmür.
Yenə də ümid odu,
Bircə gedişlə sönmür.
Niyə bu qədər özləm,
Unutmağa bəs etmir?
Sonacan gözləməyə,
Heyif, ömür də yetmir...
Düşünmə ki, bu sondur,
Deməyə çox sözüm var...
Ürəyimdə cavabsız,
Minlərlə sualım var...
Sual et ürəyinə,
Yaraşırmı heç ona?
Soruş gör, necə gedir,
Baxmadan arxasına?...
Mən unuda bilmədim,
O unuda bilirmi?
Soruş, hara gedibsə,
Orda rahat edirmi?
Açdığı yaraların,
Ağrısı heç keçərmi?
Səs verməyən gecələr,
Təkliyi dindirərmi?
Soruş ki, qayıtmağa,
Azca cəsarəti var?
Dönüşü zor yolları,
Dönməyə taqəti var?
Soruş gör bircə dəfə,
Qanunları pozarmı?
Gedənlər qayıtmayır,
Təkcə o qayıdarmı?
Gəlib məni alarmı,
Sənsizliyin əlindən?
Qurtararmı ömürlük,
Tənhalığın yükündən?
De ki, artıq yoruldum,
Bezdim özüm - özümdən.
İnan ki, biri sənsən,
İki kəlimə sözümdən.
Qoy, bitməsin özləmim,
Yenə də gözləyərəm.
Lap keçsin aylar, illər,
Heç yerə tələsmirəm.
Qorxutmayır gecələr,
Nə qədər zülmət olsa.
Mən sənin gözlərində,
Alışdım qaranlığa.
Ürəyim ayrı qaldı,
Bir kəlimə salamından.
Alışdım səssizliyə,
Sənin susqunluğundan...
Bilirsənmi mən heç vaxt,
"Qal" demədim gedənə...
Nə də arxa dönmədim,
Sevməsini bilənə...
Çox söz yazdı qələmim,
Bircə "getmə" yazmadım...
Sənədək vərəqləri,
Özləmlə doldurmadım...
Bilirsənmi mən niyə,
Hələ də gözləyirəm?
Niyə sənin arxanca,
Qayıdış diləyirəm?
Alışdım gözləməyə,
Səninlə özləməyə...
Sadəcə yoxluğuna,
Nə etsəm alışmadım...
Bu qədər gedən oldu,
Səsimi çıxarmadım.
Tək sənin gedişinlə,
Heç zaman barışmadım...
YOU ARE READING
SƏNƏ QARŞI SUSDUQLARIM...
Poetry"Susacağam... Gedişinə yox bir sözüm... Bütün sözləri sərf etmişəm bircə kəlimə "getmə" üçün... Danışma!... Sən də sus, qoy, ayrılıq da səssiz olsun... Qəlbin ayrı qaldı məndən, Heç olmasa susqunluğun susqunluğuma ortaq olsun..."
