Əməliyyat

253 27 14
                                        


Əməliyyat masasında uzanmış gur, dalğalı saçlı, solğun üzlü oğlanı nəzərdən keçirən Dina, edəcəkləri işin nə dərəcədə düzgün olduğunu fikirləşirdi. Cərrah üzünü o tərəfə çevirdikdə cəld əlini uzadıb oğlanın dalğalı saçlarına sığal çəkdi. Ona qarşı olan sevgisinin professor tərəfindən görünməsini istəmirdi. Bu, yalnış fikirlərə səbəb ola bilərdi, hətta Dinanın qərarlarının qeyri-obyektiv olduğu mənasına da gələ bilərdi. Həkim cərrah Orin üzünü Dinaya tərəf çevirib, onun gözlərinin içinə baxdı. Dina onun nə deyəcəyini əvvəlcədən bilirdi.

-Bilirsən ki, başqa sınaq nümunəsi tapa bilməzdik, Dina,-həkim alnının tərini ovucunun tərsi ilə sildi. Hələ əməliyyat başlamamış həyəcanlı idi.

-Amma bu nümunənin Roy olması gərəkməzdi,-Dina hisslərini boğmağa çalışırdı.

-O, artıq yaddaşını, bütün keçmişini tamamilə itirib,-həkim dedi,-bu təcrübə üçün ondan daha əlverişli nümunə tapa bilmərik.

Dina cavab vermədi.

-Bura bax, Dina,-həkim daha yumşaq səslə danışmağa başladı,-biz insan hisslərini idarə edə biləcək, onları silib, dəyişdirə biləcək bir üsul hazırladıq elə deyilmi? Bu üsulu hazırlayanlar kim idi? Mən, sən və Roy,-əli ilə sakitcə yatmış olan ağbəniz oğlana işarə etdi,-əgər bu işin üzərində neçə il baş sındırmışıqsa, axırda bunun nəticəsini görməyi planlaşdırmamışdıqmı? İnsan beynini və hisslərini dəyişə biləcək bu üsulu hazırlamağımızın məqsədi, məgər onu sonda istifadə etmək deyildimi? İdi budur, əlimizdə fürsət!

-Amma bu üsulu bizlərdən birinin üzərində tətbiq etməyimiz nə dərəcədə düzgündür?-Dina göz yaşlarını saxlamağa cəhd edirdi.

-Roy, ya da başqası...Nə fərqi var axı?

-Biz ondan icazə almalı idik, fərq bundadı...

-Amma ki, ala bilmərik, çünki o, yaddaşını tamamilə itirib. Baş verən qəzanın günahı nə məndədi, nə də onda. Olan olub, keçən keçib,-Həkim Orin dərindən nəfəs alıb stula oturdu,-İndi əsas məsələ bizə verilən fürsətdən istifadə etməkdir. Həm biz öz orqanlarımızı öldükdən sonra elmi təcrübə və araşdırmalar üçün pay verdiyimizə dair müqavilə imzalamışdıq. Hər birimiz.

-"Öldükdən sonra"-Dina təkrarladı, amma artıq mübahisəyə səbəb qalmamışdı.

-Dina, xahiş edirəm, sənə ehtiyacımız var,-həkim mülayim ata ədası ilə dilləndi,-insan hisslərindən ən yaxşı sən anlayırsan. Bu kəşfimizdə əsas rolu sən oynamısan. Sən bizim ən dəyərli professor üzvümüzsən.

Dina başı ilə təsdiqlədi, amma bir söz deməyə taqəti qalmamışdı. Yaddaşını itirmiş dostunun üzərində indicə beyin əməliyyatı aparacaqdılar və bu əməliyyat ilə insanda olan mənfi hissləri, mənfi xasiyyətləri siləcəkdilər. Halbuki onun olan-bitəndən xəbəri olmayacaqdı.

Süni mələkStories to obsess over. Discover now