Müharibə Polşada da öz sözünü demişdi. Hitler və ordusu Poşanı ələ keçirdikdən sonra Peterburq və Moskvanı hədəf almışdı. Ordu dayanmırdı. Tanklar, silahlar, bombalar hər gün yüzlərlə əsgərin canına qıymağa davam edirdi. Müttəfiqlər Stalinin bu qədər gecikməsinin səbəbini heç cürə dərk edə bilmirdilər. O, heç cürə yenicə saziş bağladığı Hitlerin belə addım atacağına inanmaq istəmirdi. Lakin bu baş vermişdi. Alman ordusu sıra ilə bütün şəhərləri ələ keçirməyə davam edirdilər. Rusiyanın çox hissəsində alman zülmü hökm sürürdü. Polşada ruslara qarşı təzyiq o qədər çox olmasa da, ətrafda gəzişən alman əsgərlərinə xalq hələ də qorxu ilə yanaşırdı. Təbii ki, əsgərlər dinc sakinlərə toxunmurdular, amma rusların rahat nəfəs aldıqlarını da demək olmazdı.
* * *
Auschwits- Ölüm düşərgəsi.
Hər şey bir anda baş verdi. Birdən-birə radioda hər gün müharibə haqqında danışmağa başladılar və sonralar bizim haqqımızda da bir sıra xəbərlər yayıldı. Müxtəlif qadağaların qurbanı olduq. İctimai yerlərdən istifadəmiz məhdudlaşdırıldı, daha sonra qolumuza taxmalı olduğumuz ulduz barədə xəbər şəhərə yayıldı. Atam bunu kəskin hiddətlə qarşıladı. O deyirdi; "Bunlar hamısı Hitlerin bizə qarşı planlaşdırdığı soyqrımın ilk cücərtiləridir. Avropa yəhudilərinin hələ bu almanlardan çəkəcəyi çox şeylər var!"
Və sonra dayım dillənirdi;
" Mən Stalini günahlandırıram. Onun siyasəti uğur qazana bilməyəcək."
Anam isə həmişəki kimi Tanrıya sığınırdı;
" Biz indi dua etməliyik, dua etməliyik ki, Tanrı onları cəzalandırsın!"
Artıq yəhudilər arasında söz-söhbətlər artırdı, lakin heç kimin öz iradlarını yüksək səslə deməyə cəsarəti çatmırdı. Hər şənbə günü getdiyimiz restoran da daxil olmaqla çox dükan və ictimai istirahət və əyləncə məkanlarının üzərinə "yəhudilərə qadağandır" yazısı asılmağa başlamışdı. Bizə parklara getməyə, skamyalarda oturmağa da icazə vermirdilər. Hətta bəzi küçələrdə yəhudilərin səkidə gəzməyinə də məhdudiyyət qoyulmuşdu. Bir sözlə, Krakov artıq yəhudilər üçün öz doğmalığını itirmişdi.
1941, 10 oktyabr.
Məktəbə çoxdandır getmirdim, çünkü yəhudi uşaqlarının Krakov məktəblərinə getməsi qadağan idi. Qərar qüvvəyə mindiyi gündən bəri əvvəllər kitabxanadan oğurladığım bir-iki dərslik ilə nələr isə öyrənməyə çalışırdım.
Anam masanın üzərindən kitablarımı yığışdırmağımı və süfrəni hazırlamaqdan ona kömək etməyimi xahiş etdi. Kitablarımı rəfə səliqə ilə yerləşdirdikdən sonra anama boşqabları və çəngəlləri süfrəyə düzməkdə köməklik göstərdim. Ailəmiz elə də böyük deyildi. Mən, anam, atam, körpə bacım və dayımdan ibarət kiçik bir yəhudi ailəsi idik. Maddi vəziyyətimizin pis olduğunu demək naşükürlük olardı, çünkü həm dayım, həm də atam evə gəlir gətirirdi.
Süfrəyə oturmaq istəyərkən anam barmağını sallayıb atamı gözləməyi tapşırdı. O, mətbəxə keçən kimi, süfrədəki çörəyin kənarlarını didişdirməyə fürsət tapmışdım.
Qapı həyəcanla döyülən kimi stuldan enib qaçaraq cəftədən yapışdım. Bu köhnə qapını açmaq elə də asan iş deyildi. Var gücüm ilə cəftəni iki dəfə çevirib açdım və qapının ağzından çəkilib atamın əlində qəzet ilə deyinə-deyinə evə daxil olmasını izlədim. Onun üz cizgilərindən təlaşlı olduğu aşikar idi. Çantasını yerə atıb masanın arxasında əyləşdi və başını əlləri arasında sıxıb dayım və anamı səslədi. Anam üzərindəki önlüyü çıxarıb stulun başına atdı və atamın həyəcanının səbəbini soruşdu.
- Lənət olsun almanlara! Lənət olsun Hitlerə!- atam səsini yüksəltdi. Dayım qonşu otaqdan qaçaraq gəldi və atamı sakitləşdirməyə çalışdı:
- Sakit ol, nə danışırsan sən? İstəyirsən indi əsgərlər gəlib səni güllələsinlər? Dilini dinc saxla!
- Necə dinc ola bilərəm, axı? Al, oxu bu xəbəri, gör almanlar başımıza nə oyun açıblar! - dedi və Milli Krakov qəzetini Yudek dayıya verdi. O, dodaqlarının altında mızıldanaraq xəbəri oxudu. Sakit və təhkimli baxışlarını dərhal həyəcan və qəzəb əvəz etdi. Anam cəld bir hərəkətlə qəzeti Yudek dayıdan alıb sürətlə oxudu. Gözlərinə dolmuş yaş həyasız uşaqlar kimi ard-arda axmağa başladı. Onların başları o qədər qəzetdə yazılana qarışmışdı ki, mənim otaqda olduğumun fərqində belə deyildilər. İstədikləri təhqiri, qarğışı və söyüşü deyirdilər:
- Krakovda 15.000'dən çox yəhudi var, onların hamısını köçürə bilməzlər.- Yudek dayı dilləndi.- Bəlkə də bəziləri üçün başqa-daha ürəkaçan bir tədbir görəcəklər.
Atam onun ümüdlərini kəsdi:
- Hitler kimi bir yəhudi düşməni?! O, bizlər üçün nə isə yaxşı bir şey edəcək? Sən düşündüyümdən daha axmaqsan!
- Axmaq?! Evə girdiyindən bəri Hitleri söyürsən, əsgərlər indi evimizi basmasa yaxşıdır!
- Sən sadəcə axmaq yox, həm də qorxaqsan! Qorxaq bir toyuq!- atam səsini yüksəltdi. Anam kədərini qəzəbə çevirərək onları susdurdu:
- İkiniz də ağzınızı yumun! Bu axşam Getto barədə heçnə eşitmək istəmirəm!- dərindən nəfəs aldı- İndi sanki, heç baş verməmiş kimi bu bəd xəbəri unudaq və axşam yeməyimizi yeyək. Səhər bu mövzunu müzakirə edərik.
Mənim otaqda olduğumu fərq edən kimi gözyaşlarını silib yanıma gəldi və saçlarıma sığal çəkdi:
- Get əllərini yu və az əvvəl eşitdiklərinin hamısını yaddan çıxart. - dedi. Mən başımı razılıq əlaməti olaraq sallayıb vanna otağına qaçdım. İçəridən hələ də atamın kədərli səsi gəlirdi.
"Getto, Getto, Getto" Bütün axşam yeməyi boyu bu sözün mənasını fikirləşirdim. Süfrədə körpə bacımın iniltilərindən başqa heç kimin səsi gəlmirdi. Hər kəsi kədərli bir sükut ağuşuna almışdı, sanki. Boşqablara dəyən çəngəllərin səsi qulaqlarımızda durmadan əks-səda verirdi. Bütün gecə, evimizdə bacımdan başqa hər kəs qəhər içində idi. Yudek dayı arada rəfdəki qəzeti əlinə alıb təkrar-təkrar iç çəkərək oxuyur, sonra yenidən yerinə qoyurdu. Anam bacım Gişanın qayğısına qalır, atam isə Polşalı məktəblilər üçün testlər yazırdı. Mən ilk dəfə idi ailəmi bu qədər kədərli və səssiz görürdüm.
Yatmaq vaxtı gələndə anam Gişanı beşiyinə qoyub mənim üçün ocağın üzərinə süd qoydu. Yatağın yanında hazır qoyulmuş gecəliklərimi geyinib yataqda əyləşdim. Anam adətimiz üzrə sinidə südümü gətirdi və mənim sona qədər içməyimi gözlədi. Artıq bu bizim gündəlik vərdişimizə çevrilmişdi. O, alnımdan öpüb mənə "Şirin yuxular. Tanrı səni qorusun" dedikdən sonra şamı söndürdü və otaqdan çıxdı.
Gecə yarısı artıq hər kəs öz otağına çəkilmiş və çoxdan yatmışdı. Mən yanımdaki çəkməcənin üzərindəki şamı yandırıb əlimə aldım və qonaq otağına keçdim. Barmaqlarımın ucunda kitab rəfinə doğru səssizcə addımladım. Qəzeti alıb şamı masanın üzərinə qoydum və stulun üzərinə çıxaraq ailəmi kədərləndirən xəbəri axtardım. "Getto" yazısını görən kimi şamı həmin yazıya yaxınlaşdırdım və xəbəri oxudum. Burada Krakovda yaşayan bütün yəhudilərin 1941, 30 oktyabrdan etibarən məcburi şəkildə Krakov Getto'suna köçürülməsi barədə yazırdı. Bəlkə də, yaşım ilə əlaqəli bir şey idi ki, bu xəbəri kədər və həyəcan içində qarşılamadım. Amma evimizlə vidalaşmaq da istəmirdim.
YOU ARE READING
Holocaust
Historical FictionYəhudilərin İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyası tərəfindən soyqrımı.
