Birinci dairə

818 80 38
                                    

Böyük bir kütlənin var olduğu bir küçəni düşünün. Gecədir. Qaranlıq mühiti ancaq mağazaların işığı aydınladır. İnsanlar küçə boyunca gəzinir və ya hardansa gəlirlər. Harasa gedə də bilərlər ancaq harasa getmək üçün belə hardansa gəlmək lazımdır. Yaxşı bəs siz hara gedirsiniz? Yaxud hardan gəlmisiniz? Mən hardan gəldiyimi bilmirdim. Amma hardansa gəldiyim dəqiq idi. Özümü birdən birə bu həyatın içində tapmışdım. Doğulmağım yadımda deyildi. Ancaq qəzadan sonrasını xatırlayırdım. Onda hələ 5 yaşım vardı. Və bəxtimin olmasındanmı yaxud olmamasındanmı qəzadan sağ qurtarmışdım. Valideynlərimi bir daha heç görmədim. Məni yetişdirən babam da həyatımın müəyyən bir dönəmində öldü. Beləcə mən 22 yaşımda həyatda kimsəsiz və universitet diplomumla qaldım. Çətinliklədə olsa işə düzələ bildim. O gündən etibarən insanların dərdlərinə qulaq asmağa başladım. Hesab edirəm bir psixoloq olmağın ən çətin tərəfi bu idi. Çünki Psixologiya tarixinə baxdıqda neçə neçə psixoloqun " yanma " sindromuna məruz qaldığını görürük. Bu sindrom bədbəxt taleləri dinləyən psixoloqların bir müddətdən sonra özlərini kədərli və bədbəxt hiss etmələrinə, həyatdan bezmələrinə gətirib çıxarır. Mənim işim insanları düşdükləri pis situasiyadan çıxış yolu tapmağı öyrətməkdi. Əslində hər kəs probleminin həllini bilir. Ancaq bildiklərini onlara bildirmək üçün mənim kimi psixoloqlara ehtiyac var. Bir saatlıq konsultasiyalar zamanı mən pasiyentlə problemi analiz edirəm. Analiz prosesinin sonunda pasiyent özü çıxış yolunu və ya onu xoşbəxtliyə aparan qapının açarını tapır.
O içəri girən kimi otağa qəribəlik qoxusu dolmuşdu. Cavan, sarı saçlı və mavi gözlü oğlan. Atletik bədən quruluşu bütün görkəmini tamamlayırdı. Onu qapıda qarşılayıb əlini sıxdım. Bir psixoloq kimi qeyri iradi olaraq beynimdə xarakterini çizməyə başladım. Əlimi kifayət qədər möhkəm sıxmışdı. Bu onun özgüvənli biri olduğundan xəbər verirdi. Gözlərimin içinə baxırdı və bir psixoloqa müraciət edən hər hansı bir insana görə daha kompleksiz idi. Ona kofe və ya çay istəyib istəmədiyini soruşdum, o da kofe deyə cavab verdi. Özünü çox sərbəst aparırdı. Onda liderlik xüsusiyyəti açıq aydın görünürdü. Biz qara, dəri kreslolarda üzbəüz oturanda mən soruşdum :
- Sizə necə müraciət etməyi tərcih edirsiniz?

Bu önəmli sual idi. Çünki çox vaxt pasiyent müəyyən səbəblərdən dolayı adını gizlətmək istəyə bilər. Bu ehtimalı nəzərə alaraq pasiyentə doğrudan doğruya " adınız nədir? " deyə müraciət etmək doğru deyil. Öz ləqəblərini ya təxəllüslərini yaxud ayamalarını - artıq nə deyirsinizsə - təqdim edən xəstələrim az olmayıb.
- Siz necə müraciət etmək istəyirsiniz?
Bu çox maraqlı cavab idi. Bu insan şizofren və ya isterik olmaq üçün ideal namizəd idi. Amma içimdən bir səs onun tam bir normal insan olduğunu söyləyirdi.
- Məncə buna özünüz qərar verməlisiniz.
- Qulaq asın Coşqun bəy. - Oğlan bunu deyib belindən bir tapanca çıxarıb masanın üstünə qoydu. Mən reflektor olaraq ayağa qalxdım. Bu bədənimin özünümüdafiə mexanizmi idi.
- Narahat olmayın, sizə ziyan vurmayacam. Tapançanı özünüzə götürün lazım olacaq.
- Bu dəqiqə silahı götürün və otağımı tərk....
- Coşqun bəy - o qışqırdı - az sonra binaya bir adam girəcək və qarşısına çıxan hər kəsi öldürəcək. O sırada sizə həyat yoldaşınız zəng edib binanın qarşısında olduğunu və içəri girdiyini deyəcək. Elə o an atəş səsini eşidəcəksiniz və xanımınız öləcək. Ona görə bu silahı alın və hadisələri qabaqlayın. Həmin adamı heç kimi öldürməyə vaxt tapmamış öldürün.
Mən sakit sakit yuxarıdan aşağı bu dəli adamı seyr edib dedim :
- Doğurdan? Bunun olacağını siz hardan bilirsiniz?
- Bilirəm çünki.... Desəm inanmazsınız.
Onun yaxasından tutub ayağa qaldırdım. Sürüyərək otağımdan çölə atdım. O yerdən qalxıb qapıda gözləyən pasiyentlərimin və işçilərimin içində qışqırmağa başladı.
- Səhv edirsiniz. Mənə inanmalısınız.
- Bunu çölə atın - artıq mühafizəçilərim onun qoluna sarılanda mən əmr verdim.
- Xahiş edirəm, nə istədiyinizi fikirləşin. Mənə güvənin.

Hər gün belə psixopatları görürəm mən. Amma bunda nəsə bir qeyri-adilik vardı. Bu barədə fikieləşməməyə qərar verərək otağıma girdim. Masanın üzərində tapança hələ də dururdu. Cəld tapançanı götürüb çölə çıxdım.
- Ey dayanın - deyə əslində boşluğa qışqırdım.

Elə bu an atəş səsi eşitdim. Sonra birini də. Koridora çıxdığımda yerə sərilən işçilərimi gördüm. Yaralarından axan tünd qırmızı qan ağ döşəməni boyayırdı. Qarşımda əli silahlı qatili görərkən bir anlıq fikrimdən bayaqkı dəlinin haqlı olduğu fikri keçdi. Amma hər şeyi bir manyak təxəyyülü ilə özü də təşkil edə bilərdi. Əli silahlı bir adam qarşında olarkən bunları düşünmək heç də ağıllıca hərəkət deyildi. Ona görə cəld hərəkət edib atəş açılmadan bir saniyə öncə sağdakı otağa atılmağı bacardım. Əlimdəki tapançanı istifadə eləmək ağlıma belə gəlmirdi. Çünki bacarmayacağımı yaxşı bilirdim. Epileptik olduğumdan hərbi xidmətdə belə olmamışdım. Ona görə də heç vaxt əlimdə bir silah tutmamışdım. Birini öldürməyi isə ümumiyyətlə bacarmazdım. Qapını kilidləyib düşünməyə və dua etməyə başladım. Və o an cəhənnəm carçısı kimi telefonuma zəng gəldi. Bu mənim həyat və ömür-gün yoldaşım Leyla idi. Adsız pasiyentim bunun olacağını bilə bilməzdi. Bunu özü təşkil edə də bilməzdi. Yenə düşünməməyə qərar verərək telefonu açdım.
- Leyla....
- Sənin iş yerinə gəlmişəm - o mənə macal verməyib danışmağa başladı - İndi içəri girdim. Dedim xəbərin olsun.
- İçəri girmə - dəstəyə var gücümlə qışqırdım.
Gurultu silah səsi Leylanın qışqırığını eşitməyimə mane olmadı. Mən qapını açıb dəli kimi çölə şığıdım. Leyla sinəsi al qan içində yerə sərilmişdi. Arxadan hənirti eşitdim və geri çevrildiyim an ancaq tapançanı gördüm. Daha sonra isə atəş açıldı. Demək olar ki, güllənin alnımı deşib beynimə çatmağını bütün vücudumla hiss etdim.

PeriodWhere stories live. Discover now