Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Onun haqqında çox az məlumatım var kəndlim olmasına baxmayaraq. Eşitdiyimə görə, o gəncliyində musiqi müəllimi olub və mənim atama da orta məktəbdə dərs keçib. Bir çox xarici dilləri bilir. Öz internet saytında şeirləri ilə birgə həm də bir çox tərcümələrini görmək olar.
"Yuxuda uçmaqdan gözəl nə var ki..."
Yuxuda uçmaqdan gözəl nə var ki,
Elə bil ağrıyan dişin çəkilib.
Elə bil ən əziz adamın gəlib,
Daha altda qalıb yol üstündəki.Mebelin üstündən uçursan əvvəl,
Aşırsan bilmədən divarları da.
Nə qədər uçasan yuxularında,
Başın nə ağrıyar, nə gicəllənər.Qanaddır əllərin, ayaqların da,
Nə daş qabağına çıxır, nə adam.
İpək buludlara atırsan addım,
Nə yolu kəsən var, nə də ki, yol var.Sən də ulduzlar tək kainatdasan,
Yox sənə göz üstdə qaşın var deyən,
Nəzarət eləyən, dolaşan, dəyən,
Qolu qanadlısan, həyatın asan…Əbədi deyilsə yuxu, ayıldar,
Səni də ya saat, ya da dalandar.
Elə bil ki, quşsan, daşla vururlar,
Qəzaya uğramış uçarsan ya da…Onun şeirləri arasında vətən mövzusunda bir sıra şeirlər də görmək olar. Amma onun vətən şeirlərinin bir fərqli cəhəti var ki, acı da olsa o, gerçəkləri qələmə alıb. Vətən hamının vətənidir. Amma iyul döyüşlərində də gördük ki, sözdə elədir bəziləri üçün.
"Ölür ara yerdə kənd uşaqları…"
Doyunca gəzməmiş, şirin yeməmiş,
Bahalı paltarlar alıb geyməmiş.
Sevgili əlinə əli dəyməmiş,
Ölür cəbhələrdə kənd uşaqları.Yığırlar bığ yeri qaralan kimi,
Quzunu anadan qoparan kimi,
Qurbanlıq yerinə aparan kimi,
Ölür cəbhələrdə kənd uşaqları.Gəzir harınların harın balası,
Nə pula pul deyir, nə insan sayır.
Kasıbın boynunda vətən qovğası,
Ölür cəbhələrdə kənd uşaqları.Qapalı tabutda qayıdıb gələr,
Üçüncü dərəcə medallı əsgər.
İndi məzarıdır əbədi səngər,
Ölür cəbhələrdə kənd uşaqları.Milləti talayıb satan kefində,
İsti ağuşlarda yatan kefində.
Nə ölkə? Nə Vətən? Vətən kefində!
Ölür ara yerdə kənd uşaqları…Şairin az da olsa satirik şeirləri də var. Onların arasında ən çox bəyəndiyim də bu şeiridir:
"Buna səbəb güləndir..."
Kəndinin qazı yoxdur?
Buna səbəb güləndir.
Tapılmır nə də doxdur?
Buna səbəb güləndir.Bazarda bahadır ət,
Buna səbəb güləndir.
Meyvə-tərəvəz qəhət,
Buna səbəb güləndir.Məhəlləmizdə yasdı,
Buna səbəb güləndir.
Qonşu özünü asdı,
Buna səbəb güləndir.Müəllim az maaşlı,
Buna səbəb güləndir.
Dərs deyir gözü yaşlı,
Buna səbəb güləndir.Bağlıdır həkimxana,
Buna səbəb güləndir.
Xəstə gedir İrana,
Buna səbəb güləndir.İşıq, su bahalaşdı,
Buna səbəb güləndir.
Arvad ərlə dalaşdı,
Buna səbəb güləndir.Nazir başa bəladır,
Buna səbəb güləndir.
Polis xalqı mələdir,
Buna səbəb güləndir.Prezident ömürlük
Buna səbəb güləndir.
Lap açığı – ölürük!
Buna səbəb güləndir!Məncə heç də səhv düşünmür. Onun bir çox şeirlərində dərin mənalar gizlənib. Elə "Vağzal" şeirində də bunu görmək olar:
"Vağzal"
Səfərin yoxsa da, hərdən, arabir,
Vağzala gedəsən, gəzəsən orda.
Baxasan ki necə qatarlar gedir,
Necə yan alırlar perrona ya da.Əldə nə çamadan, nə də düyünçə,
Gedənə, gələnə gözün zillənir.
Yük elə özünsən, qiymətin heç nə,
Birdən yanağında yaş gilələnir…Diktorun səsində müəzzin hökmü,
Hamı həyəcanda, hamı fikirdə.
Axır və dəyişir zaman su kimi,
Yaxına gedən də əbədi gedir.Burda ağuşlardan axan isti var,
Burda baxışlardan sızan soyuq da.
Dolur və boşalır platformalar,
Pozulmur axında nizam və qayda.Sanki bu görüşlər, bu ayrılıqlar,
Haçandan yazılıb, möhürlənibdir.
Dünyanın nizamı sanki yaranır,
Hər kəs öz yerini tutmağa gedir…
