Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonu rayonunda anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).
"Daha nağıllara inanmıram mən..."
Çapıb öz atını Ağatlı getdi,
Atları şimşəkdən qanadlı getdi,
Uşaq yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən.Nənəmin inamı, dərdli nağıllar,
Namərdə aldatdı mərdi nağıllar,
Bizi yuxulara verdi nağıllar,
Daha nağıllara inanmıram mən.Uşaq ovutmağa bir noğul idi,
Sözlərdə yaşayan bir ağıl idi,
Yaxşı adamlar da bir nağıl idi,
Daha nağıllara inanmıram mən…“Sim-sim”i sözlə yox, zorla açdılar,
Tilsimi min cürə yolla açdılar,
Him-cimi möhürlü qolla açdılar,
Daha nağıllara inanmıram nəm.Fatmalar ayağı kəndirdə qalmır,
Xəmrimiz küt gedir, təndirdə qalmır,
Qarğalar tülküyə daha aldanmır,
Daha nağıllara inanmıram mən.Acı həqiqətlər bal dadır indi,
Arısı olmayan bal satır indi,
Keçəli saçlılar aldadır indi,
Daha nağıllara inanmıram mən.Elə yuxularda atlar kişnədi,
Divləri qazana saldım, bişmədi,
Gözlədim göylərdən alma düşmədi,
Daha nağıllara inanmıram mən!...1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.
"Oğru olmaq istəyirəm..."
Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!
Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!…
Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!
Araz axır…
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!
İndi neçə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!
Nə gizlədək, bilir hami
Tonqal çatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadına sal:
“Oğrudan-oğruya halal…”
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!
Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur (1985-ci ildən). 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat etmişdir.
"Qadın ürəyi..."
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.…Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandı qadın ürəyi.Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o,
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə,
Ən gözəl dərmandı qadın ürəyi.Onu ağladan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandı qadın ürəyi.Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti gülsə də üzdən.
Bəzən uşaq kimi bir ürəksizdən,
Məhəbbət umandır qadın ürəyi.Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən qiymətli bir libas içində,
Nalədir, fəğandır qadın ürəyi.Ömrə zinət verən, səadət quran,
Kişi ürəyini nurla dolduran.
İsməti bir nəsli göyə qaldıran,
Eşqə hökmürandır qadın ürəyi.Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınmışdır və bir çox mahnılara şeirlər yazmışdır. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açmışdır.
"Getmək istəyirsən…"
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.Döşənim yollar tək ayaqlarına,
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.Getmək istəyirsən nə danış nə din
Yox ol uzaqlartək dumanda çəndə
Nəyimi sevmişdin diyə bilmədin
İndisə yüz eyib görürsən məndəGetmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.Video: Nüsrət Kəsəmənli - "İçində" şeiri
İfa: Tural Əhməd
