"Sağlığında qiymət verin insanlara..."

22 8 11
                                    

   Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.

           "Mənim ürəyim"

Dünyada nə olsa ürəyimdədir,
Bir insan sevinsə, bir gül açılsa,
Bir ömür məhv olsa, bir ev uçulsa,
Bir güllə atılsa ürəyimdədir.
Qəlbimin minlərlə guşələri var,
Bütün yer üzərində rişələri var,
O dostdur əzəldən çiçəklə, qarla,
Orda dağ ucalır, meşə uyuyur.
Mənim ürəyimdə payız baharla,
Nifrət məhəbbətlə qoşa uyuyur.
Orda milyonların dərdi, istəyi,
Silah bazaları, körpələr evi,
Hicran saatları, görüş anları,
Bütün sevgilərin meridianları,
Mənim ürəyimi mərkəz seçirlər.
Mənim ürəyimdən gəlib keçirlər.
Sakit okeana atılan atom,
Min insan səsini batıran atom,
Yandırıb sinəmi deşdi ilk dəfə,
Mənim ürəyimə düşdü ilk dəfə.
Daim sevgi deyir, məhəbbət deyir,
Nurunu axıdır ürəyim mənim.
Sanki yumruq boyda yumşaq ət deyil,
Dünyanın oxudur ürəyim mənim.
Onun göyləri var dərindən-dərin,
Hisslər tufanıdır, hisslər mehidir,
Bütün dahilərin, sərkərdələrin,
Sevgidən tökülmüş movzeleyidir.
Onun min axarı, min baxarı var,
Əks edir torpağın, göyün səsini,
Onun radio tək dalğaları var,
Tutur yer üzünün hər nöqtəsini.
İnsanlar sevinsə, gülsə, çağlasa,
Coşar Kür ürəyim, Volqa ürəyim,
Kim isə, hardasa, dolsa, ağlasa,
Tutar fəryadını dalğa ürəyim.
Kasıb ürəyimin dalğalarında,
Cənab ürəyimin dalğalarında,
Şimal ürəyimin dalğalarında,
Cənub ürəyimin dalğalarında,
Orda atomların gurultuları,
Orda sevənlərin pıçıltıları,
Neçə igid səsi, ər səsidir o,
Bəşərin mənəvi mərkəzidir o.
O canlı, duyğulu insan kimidir,
Vardır həm sevinci, həm kədəri də,
Ürəyim bir teleekran kimidir,
Göstərir ən xırda ölkələri də.
Hər an, hər saniyə görünür orda,
Raketlər qəlbimin ekranlarında.
Buketlər qəlbimin ekranlarında,
Yurdsuzlar qəlbimin ekranlarında.
Böyük planeti hifs eləyir o,
Harda nə olursa, hiss eləyir o.
Köksümü dünyaya çevirirəm mən,
Ürəyə bənzəyir, cahan deyirlər.
Bununçun sevirəm, sevinirəm mən,
Bununçun adıma insan deyirlər.

   1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur.

      "İnsan himnləri" (İxtisarla*)

Bu gün dünya çox qəribə
surətdədir,
Yer də, göy də, təbiət də
heyrətdədir…
Məişətlər dəyişmədə,
təfəkkürlər dəyişmədə,
Dünya haqda, varlıq haqda
təsəvvürlər dəyişmədə,
Ürəkləri bu sinədən
o sinəyə köçürürlər,
Raketləri göyərçin tək
ələ alıb uçururlar.
Bircə gündə fəzaları
bir-birinə qatmaq olur.
Səhər çıxıb axşam Ayda
yatmaq olur…
Artıq Marsda, Venerada
hey qalmayıb,
Bir sirr olan şey qalmayıb
Məqribdən çıx Məşriqə get,
bircə gündə,
Bu dünyanı ziyarət et,
bircə gündə.
Hey işləyir üfüqlərin
tramvayı-arabası,
İnsan görüb, nə gündədir
Ayın köhnə xarabası.
Yerdən özgə heç bir yerdə
yaşamağa güman yoxdur.
Yerdən ayrı heç bir özgə planetdə
insan yoxdur…
İnsan nədir, heç bir sarı yarpaq
yoxdur…
Yarpaq nədir, heç bir quru tikan
yoxdur,
Yerdən özgə heç bir ümid, heç bir dayaq,
güman yoxdur…

"Şeiristan"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin