1) Məmməd Araz
"Dünya sənin, dünya mənim..."
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm...
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Dinləmək istəyənlər üçün musiqisi Niyaməddin Musayev'in ifasında⬆
"Səni axtarıram"
Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?Qoynunda dəfinə tapdığın zaman
Ucaltdı dağ boyda hansı dağ səni?
Nərgiz rəng aldımı yanaqlarından
Öpəndə nərgizli bir yaylaq səni?Görəsən, bu soraq düşdümü elə:
"Yamanca şöhrətli mühəndisdir o!"
Eşqin hansı qəlbi gətirdi dilə?
Kim dedi ilqara, əhdə düzdür o?Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?Səni axtarıram o gündən bəri,
Axı açmamışdım sənə könlümü.
Yaz gəldi, açıldı bahar gülləri,
Mənsə açmamışam yenə könlümü.Bəzən tüfəng alıb çıxsam da düzə,
Ceyran oylağından aralı gəzdim.
Ovçu ov axtarar, ovçu ov gəzər,
Mən məni ovlayan maralı gəzdim.Bəzən ac qayıtdım evə də, amma
Bir tikə çörəyi yeyə bilmədim.
Bütün sirlərimi bilən anama,
Məhəbbət sirrimi deyə bilmədim...Bəli, axtarıram səni o gündən,
Könlüm istəyəni görə bilmirəm.
Qəlbimi özünlə aparmısan sən,
Mən onu heç kəsə verə bilmirəm..."Bu, insan adlanan insan..."
İlahi, sən saxla, kallaşır insan,
Ölüm adiləşir, dərd adiləşir.
Bu insan yanında insan da yansa
Sanır tamaşadır - bu haray-həşir...Baş əyir, and içir ana torpağa,
Aşınan, daşınan torpağı görmür.
And içir ulduzlu, aylı bayrağa,
Böyründə dilənən uşağı görmür.
