"Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?..."
Bu misralar çoxumuza tanışdır. Bəli, bu misralar dahi şairimiz Mikayıl Müşfiq'ə məxsusdur.
Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
Bu gün dahi şairimizin anadan olmasından 112 il ötür. O, 1908-ci ilin iyunun 5-də Bakıda ziyalı ailəsində dünyaya göz açmışdı. Əslən Azərbaycanın gözəl rayonlarından biri olan Xızı rayonundandır. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdı. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı dərəcəli məktəbdə oxumuş, Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdı. Bakının orta məktəblərində 7 il müəllimlik etmişdi. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdu. Hazırda həmin məktəb onun adını daşıyır. Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlayıb. Həmin şeiri çox axtarıb tapa bilmədiyimdən şairin başqa bir şeirini paylaşıram sizinlə:
"Bir lövhə"
İştə səksən yaşında beli bükük bir qadın, Aylar-illər bilmədən qırmış qolun, qanadın. Zaman çəkmiş canına gözlərinin nurunu, Ömrü almış əlindən qəlbinin sürurunu. Vücudunun son bahar yarpağından fərqi yox, Dodağında bir gülüş, bir qaynayan şərqi yox. Çöhrəsində pərişan buludların var əksi, əllərində sərinlik – bir məzar hədiyyəsi... əmmiş uzun illərin baharını, qışını, məclislərin bulunmuş nəşəsində, qəmində. Bürümüş ən nəhayət kölgələr baxışını, İndi gəzər xəyalı məzarlıq aləmində... O yenə yaşamaqdan bıkmamış, usanmamış, O yorğun, o ziyasız, o qüvvətsiz, o qamış Vücudilə yenə də ömür sürmək istiyor. "Ah nə olur, bir az da gözlərim görsə!...” diyor. Ey hənüz gəncliyimin dəmlərini yaşıyan, Qəlbində qul dalğalı, çağlayanlar daşıyan. O səksən yaşlı qadın yaşamaq istiyorkən Bilməm niçin həyatdan uzaqlaşmadasın sən.
Şairin ilk şeir kitabı "Küləklər” 1930-cu ildə Bakıda Azərbaycan Dövlət Nəşriyyatında ("Azərnəşr”) çap olunub. Kitab 120 səhifədir.
"Küləklər"
Hər səhər, hər axşam, hər axşam, hər səhər, Çox zaman sərsəri küləklər bixəbər, Bir yaxın dost kimi qapımı döyərlər, Küləklər, küləklər, bəstəkar küləklər, Dünyanı dolaşan bəxtiyar küləklər!