Artıq may ayının son həftəsindəyik. Bildiyiniz kimi 28 may - Respublika günüdür. 1918-ci ilin 28 mayında Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varlığı dövrü tariximizin parlaq səhifələrindən bir neçəsini təşkil edir. O zamankı müvəqqəti hökumətin ilk başçısı Fətəli Xan Xoyski olmuşdur. Cümhuriyyətin ilk bayrağı 1918-ci ilin iyunun 24-də hökumətin qərarına əsasən qəbul edilmişdir.
Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
Müasir üçrəngli bayrağımız isə 1918-ci ilin 9 noyabrında M.Ə.Rəsulzadənin təklifi ilə qəbul edilmişdir. Qeyd edim ki, AXC-ni rəsmi olaraq tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Bu hadisə 4 iyun 1918-ci ildə baş vermişdir. Qısa bir tarixi məlumatdan sonra "Şeiristan"-ın ilk mövzusuna və ilk şairinə keçirəm. İlk mövzunu Respublika gününə həsr edirəm. İlk şairi vətən mövzusunda şeirlər yazan şairlərimizin arasından seçdim. Bu gün dəyərli şairimiz Məmməd Araz'ın həyat və yaradıcıllığına nəzər salacağıq. Məmməd Araz və ya İbrahimov Məmməd İnfil oğlu 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Yaradıcılığının ilk illərində şeirləri Məmməd İbrahim imzası ilə təqdim olunurmuş. İlk şeiri "Yanın, işıqlarım” 1952-ci ildə dərc edilib.
"Yanın, işıqlarım..."
Payız axşamıdır... hava xoş, təmiz, Öpür sahilləri yenə göy dəniz. Bəzən də zamanın xoş nəfəsi tək Arabir üzümə toxunur külək. Mən tənha deyiləm, minlərlə insan Xəzər sahilində gəzir bu zaman. Dikilir gözlərim mənim bu ara Sahil boyu yanan gur işıqlara. Onlara baxdıqca mən aram-aram, Gəlir xatirimə, gəlir bu axşam- Müharibə ili-qırx ikinci il... O gün xatirimdən silinən deyil. Onda sahillərə baxanda mənim Hirsimdən titrədi daim bədənim: Nə işıq görərdim, nə də izdiham, Coşardı qəlbimdə nifrət, intiqam... Düşmən təyyarəsi görməsin-deyə, Pərdə çəkilərdi hər pəncərəyə. Siz ey işıqlarım, döyüş illəri Bəzən üzünüzü pərdələdim mən. Dedim qoy yurdumun gözəllikləri Qorunsun düşmənin nəzərlərindən. Yox, bir də qoymaram, qoymaram ki, mən Əlvan işığımı keçirə düşmən. Axı siz nursunuz, siz işıqsınız, Axşama, gecəyə yaraşıqsınız, Yanın işıqlarım, yanın vüqarla, Yurduma nur saçın min iftixarla...
Məmməd Arazın ilk şeir kitabı "Sevgi nəğməsi” 1959-cu ildə Bakıda Azərbaycan Dövlət Nəşriyyatında çap olunub. Kitab 67 səhifə, 37 şeirdən ibarətdir. Kitabın redaktoru, İ.Soltan, rəssamı Ə.Dadaşovdur. 3000 tirajla nəşr edilən "Sevgi nəğməsi” kitabının qiyməti o vaxtın puluyla 1 man 20 qəpik idi...
Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.