3.bölüm

112 3 0
                                    

Səhər saat 8 – də isə məni İnsburqa apardılar; mənim artıq müqavimət göstərməyə gücüm qalmamışdı… Mənim körpəm dünən öldü, indi mən yenə də tək qalacam, əgər hələ yaşaya biləcəmsə. Sabah qara geyimli yad adamlar gələcək, özləri ilə tabut gətirəcəklər və körpəmi – mənim yazıq, yeganə balamı o tabutun içinə
qoyacaqlar. Ola bilsin ki, dostlarım gələcək, özləri ilə çələng gətirəcəklər, ancaq güllərin tabutun yanında nə mənası var axı…
Məni sakitləşdirməyə çalışacaqlar, nəsə sözlər, sözlər, sözlər deyəcəklər…
Ancaq nə xeyri var?Bilirəm ki, onsuz da yenə də tək qalacam. İnsanlar arasında tənha qalmaqdan da daha
dəhşətli nə ola bilər ki? Mən bunu hələ onda, İnsburqda keçirdiyim sonsuz iki ildə, 16 yaşdan 18 yaşına kimi öz ailəmdə əsir kimi yaşayanda başa düşmüşdüm. Sakit adam olan atalığım mənimlə yaxşı davranırdı; anam elə bil ki, qarşımda günahlarını yumaq üçün bütün istəklərimi yerinə yetirirdi.
Cavan oğlanlar mənimlə münasibət qurmaq istəyirdilər ancaq mən onları rədd edirdim. Mən səndən uzaqda
xoşbəxt olmaq, razı olmaq istəmirdim.
Mən qəsdən tənhalığın qaranlığına qapanırdım. Mənə alınan yeni paltarları geyinmirdim, konsertlərə və teatrlara baş çəkməyə, pikniklərə getməyə etiraz edirdim.
Demək olar ki, evdən çıxmırdım – inanırsan, sevgilim, mən iki il yaşadığım bu kiçik şəhərin heç 10 dənə küçəsin də tanımırdım.
Mən yanırdım və yanmaq istəyirdim, özümü kədər damcıları ilə sərxoş edirdim, ancaq bu da səni görməmək
kimi bir dərdimi unutdura bilmirdi. Bundan başqa, mən istəmirdim ki, məni öz ehtirasımdan ayırsınlar, mən
yalnız səninlə yaşamaq istəyirdim.
Mən evdə tək otururdum, günlərlə heç nə eləmirdim və ancaq səni düşünürdüm, səninlə bağlı xatirələri, hər görüşümüzü, hər gözlədiyim anı xatırlayırdım: sanki səhnədəymişəm ki, bu xırda hadisələrin hər birini öz
təsəvvürümdə canlandırırdım.
Və bu anları dəfələrlə xəyalımda canlandırdığımdan uşaqlığım mənim yaddaşımda elə ilişib ki, mən hər şeyi indi o vaxt olduğu kimi isti hiss edirəm. O vaxtlar mən ancaq səninlə yaşayırdım. Sənin kitablarını alırdım, adın qəzetdə çəkilən gün mənim üçün
bayram olurdu. İnanırsan, sənin kitablarını o qədər oxumuşdum ki, hamısın əzbər bilirdim. Əgər məni gecənin bir yarısı oyatsaydılar və təsadüfi bir sətri desəydilər, mən hətta indi, 13 ildən sonra da o sətrin karıxmadan ardını deyə bilərdim. Sənin hər sözün mənim üçün evanqeliya, dua kimi idi. Bütün dünya
ancaq səninlə əlaqədə mövcud idi.
Mən Vyana qəzetlərindən konsertlər, premyeralar haqqında oxuyurdum və düşünürdüm ki, onlardan hansı səni
cəlb edə bilər. Və həmin axşam gəlib çatanda mən uzaqdan uzağa xəyallarımda səni müşayiət edirdim: budur, sən zala daxil olursan, öz yerində əyləşirsən. Mən bunu min dəfələrlə təsəvvür eləmişdim, çünki səni bir dəfə konsertdə görmüdüm.
Ancaq bütün bu tənha uşağın yaşadığı mənasız əzabları danışmağın nə mənası var? Bunları heç vaxt heç nədən şübhələnməyən, heç nəyi hiss etməyən birinə danışmağın nə mənası var axı?
Əslində, mən o zaman uşaq idim mi?
Mənim 18 yaşım var idi, küçədə gənc oğlanlar mənə baxırdılar, ancaq bu məni lap əsəbləşdirirdi. Sevgi və ya
səndən başqa kiminləsə sevgi oyunu mənə ağlasığmaz gəlirdi, hətta bu barədə düşünməyi belə sənə qarşı
xəyanət kimi hesab edərdim.
Mənim sənə olan ehtirasım dəyişməz qalmışdı, ancaq uşaqlığımın bitməsi ilə bu daha da alovlu olmuşdu. Və o vaxt sənin qapının zəngini basan qızın başa düşmədiyi indi mənim üçün arzuya çevrilmişdi: özümü hədiyyə etmək, sənə təslim olmaq…
Ətrafımdakılar məni kobud hesab edirdilər, vəhşi adlandırırdılar, mən isə dişlərimi sıxaraq sirrimi gizləyirdim.
Ancaq mən qərarımı vermişdim. Mənim bütün düşüncələrim və cəhdlərim yalnız bir yerə ünvanlanmışdı: geriyə, Vyanaya, sənin yanına. Və mənim bu istəyim nə qədər anlaşılmaz və mənasız görsənsə də mən istəyimə çatdım. Atalığım imkanlı adam idi və mənə öz qızı kimi baxırdı ancaq mən sərt olaraq dedim ki, öz həyatım üçün özüm pul qazanmaq istəyirəm və axır ki, mən Vyanaya qayıtmağa və bir qohumumuzun hazır paltarlar dükanında işə düzəlməyə nail oldum.
Məncə artıq təxmin eləyirsən mən dumanlı bir payız gecəsində, nəhayət ki, nəhayət ki, Vyanaya gəlib çatanda
yollandığım ilk yer hara oldu… Çamadanlarımı vağzalda qoyub tramvaya mindim. Mənə elə gəlirdi ki, o sürünür, hər dayanacaq məni özümdən çıxardırdı. Sənin pəncərəndə işıq yanırdı. Ürəyim ayaqlarımın altına düşdü. Ancaq indi məni bu qədər soyuq qarşılayan
şəhər xəyalımda canlandı, ancaq indi mən özüm sənin, arzumun yaxınlığını hiss edərək canlandım.
Mən axı dərk eləmirdim ki, səndən uzaqda olanda, bizi dağlar, çaylar ayıranda da mən sənə yad idim, elə indi sənin pəncərənin altında dayananda da…
Mən dayanıb yuxarıya baxırdım; orda işıq, doğma ev, sən, mənim bütün dünyam var idi. İki il idi ki, mən bu
saatı arzu edirdim və indi o mənə hədiyyə olunmuşdu.
Mən bütün gecəni işıq sönənə qədər sənin pəncərənin altında dayandım. Ancaq onda mən özümə yaşamaq
üçün yer axtarmağa yollandım.
Hər gecə mən bax belə sənin pəncərənin altında dayanırdım. Saat 6 – ya kimi maqazində ağır, yorucu işlə
məşğul olurdum. Ancaq mən bu narahatlığa sevinirdim, çünki o məni öz daxilimdəki narahatlıqdan uzaqlaşdırırdı. Və maqazinin dəmir qapısı arxamda bağlanan kimi mən sənin evinə qaçırdım. Səni görmək, səninlə qarşılaşmaq mənim yeganə arzum idi; bircə dəfə, uzaqdan üzünü görmək…
Təxminən bir həftə keçdikdən sonra mən səni gördüm, tamamilə qəfildən, gözləmədiyim anda gördüm. Mən
evin qarşısında dayanıb sənin pəncərənə baxırdım və bu an sən küçəni keçirdin. Və bu an mən yenidən 13 yaşlı uşağa çevrildim.
Qanın üzümə necə çırpıldığını hiss elədim və səninlə göz – gözə gəlmək arzumun əleyhinə gedərək başımı aşağı saldım və sənin yanından ox kimi sivişdim.
Mən sora bu qaçışımdan çox utandım – axı mən artıq məktəbli deyildim və nə istədiyimi yaxşı başa düşürdüm:
mən səninlə görüş axtarırdım, istəyirdim ki, sənin üçün darıxdığım bu qədər qaranlıq ildən sonra sən məni görəsən, sevəsən… Ancaq sən uzun müddət mənə fikir vermədin, baxmayaraq ki, mən hər axşam şaxtaya və sərt Vyana küləyinə
baxmayaraq sənin küçəndə dayanırdı
Hərdən elə olurdu ki, mən boş yerə gözləyirdim, hərdən sən axır ki, dostlarınla birgə evdən çıxırdın və iki dəfə mən səni qadınla görmüşdüm; və onda başa düşmüşdüm ki, mən artıq uşaq deyiləm və səni başqa bir qadınla əl – ələ tutaraq gəzdiyini görəndə mənim sənə qarşı olan sevgimdə bərk ağrıyan, qəlbimi parçalayan bir yenilik hiss elədim.
Bu mənim üçün yenilik deyildi, axı mən lap uşaq yaşlarından bilirdim ki, sənin yanında daima qadınlar olur,
ancaq indi bu mənə fiziki əzab verirdi və mən sənin başqası ilə olan bu yaxınlığına paxıllıq hissi ilə baxırdım.
Bir dəfə uşaq kimi qürura aldanıb sənin evinə getmədim; və həmin gecə nə qədər də boş görsəndi mənim
üçün…
Növbəti gün yenə də sakitcə sənin pəncərənin altında sənin bütün ömrüm boyu mənim üçün bağlı olan həyatın qarşısında dayandığım kimi dayanmışdım. Mən səni uzaqdan gördüm və bütün qüvvəmi topladım ki, səninlə görüşdən qaçmayım.
Təsadüfən küçədə nəsə yükləyirdilər və sən düz mənim yanımdan keçməli oldun. Ərincək şəkildə mənə baxdın
və bu an mənim sənə dikilmiş baxışlarımı görən kimi, gözlərində artıq mənə tanış olan ifadə yarandı – bunu xatırlamaq mənim üçün necə də ağırdır! – həmin qadınlar üçün nəzərdə tutulmuş, incə, cəlbedici və eyni zamanda soyundurucu baxış.
O baxış ki, bir vaxt məni – balaca uşağı sevən qadına çevirmişdi. Bir neçə saniyə bu baxış məni dondurdu – mən gözümü səndən çəkə bilmirdim. Və budur, sən mənim yanımdan keçdin. Ürəyim şiddətlə döyündü. İstəmədən addımlarımı yavaşatdım və qarşısıalınmaz bir marağa tabe olaraq çönüb baxdım: sən dayanıb mənim arxamca baxırdın. Və sənin marağından və diqqətindən başa düşdüm ki, sən məni tanımadın. Sən məni nə onda, nə sonradan – heç vaxt tanımadın.
Sevgilim, o dəqiqənin kədərini sənə necə izah edim? Axı onda mən taleyimin mənim ömrümə yazdığı bəxti – sənin tərəfindən heç vaxt tanınmamaq ağrısını ilk dəfə hiss elədim. Kədərimi sənə necə çatdırım axı?
Bilirsən, İnsburqda yaşadığım iki il ərzində sənin haqqında düşünəndə və ancaq bizim Vyanadakı gələcək
görüşümüzü arzu etdiyim anlarda, mən əhval – ruhiyyədən aslı olaraq özüm üçün sevincli və ya kədərli şəkillər çəkirdim. Hər şey təsəvvürümdə yaşanmışdı; qəmli dəqiqələrdə mən təsəvvür edirdim ki, sən məni özündən itələyirsən,
rişxəndlə məndən üz çevirirsən, çünki mən çox eybəcər və əhəmiyyətsizəm. Mən xəyalımda sənin soyuqluğunun, laqeydliyinin yaradacağı bütün əzabları yaşamışdım, amma hətta bu kədər
dəqiqələrində, özümü sənin sevginə layiq bilmədiyim anlarda belə mən bu cür qorxulu, ölümcül şey haqqında
təsəvvür edə bilməzdim. İndi başa düşürəm ki, kişi üçün bir qızın, qadının sifəti necə də dəyişkən olur.
O sanki özündə o ehtirası, uşaq hissiyatını, ruhi yorğunluları özündə əks etdirən bir güzgüdür və yaddaşdan da güzgüdəki şəkil kimi tez silinib gedir. Ona görə də kişi üçün qadını tanımaq çətindir, əgər illər onun sifətində işığın və kölgənin oyununu dəyişibsə və əgər paltar onun üçün yeni çərçivə yaradıbsa.
Əslində o adam ağıllıdır ki, öz taleyinə tabe olur. Ancaq mən hələ çox cavan idim və sənin unutqanlığını
anlamırdım, çünki sənin haqqında çox düşündüyüm anlarda mənə elə gəlirdi ki, sən də hərdən məni düşünürsən və gözləyirsən. Sənin üçün heç kim olduğumu bilərək necə yaşaya bilərdim axı? Və sənin baxışların təsirindən yaranan ilk oyanma və mənə anladan ki heç nə məni sənə xatırlatmır, heç bir nazik belə olsa xatirə bağı mənə sənə bağlamır – mənim üçün ilk ağır zərbə, acı taleyimin ilk hissiyatı idi.
… Sən o dəfə məni tanımadın. Və iki gündən sonra məni yenidən görəndə və mənə demək olar ki, tanış bir
insan kimi baxanda sən yenə də məndə səni bir vaxtlar sevən insanı yox, sadəcə iki gün əvvəl eyni yerdə
rastlaşdığın qəşəng 18 yaşlı qızı gördün. Sən mənə təəccüblə və mehribanlıqla baxdın və dodağında yüngül gülüş oynadı. Yenə də yanımdan keçdin və addımlarını yavaşıtdın – mən əsirdim, həyəcanlanırdım və dua edirdim ki, sən mənimlə danışasan.
Başa düşürdüm ki, ilk dəfədir ki, mən sənin üçün canlı varlığam. Mən də sənin yanından sakitcə keçdim, səndən qaçmadım. Və birdən hiss elədim ki, sən mənim arxamca gəlirsən. Geri baxmadan hiss elədim ki, indicə sənin sevimli səsini eşidəcəm və ilk dəfə mənə müraciət eləyəcəksən. Həyəcandan əsirdim, ürəyim bərk çırpınırdı, hətta az qalmışdı ki, dayanım, ancaq sən artıq mənə çatmışdın...

Ştefan Svayq- Yad qadının mektubu Kde žijí příběhy. Začni objevovat