Qabil İmamverdiyev 12 avqust 1926-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944-1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975-1979) vəzifələrində işləmişdir.
"Ümid sənədir ancaq..."
Uzanır danışıqlar,
İmzalanır sənədlər.
Xəritədə aləmə
Göstərilir sərhədlər....
Səsimizə səs verir
Dünya başbilənləri;
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!Dəyirmi masalarda
İzi var dirsəklərin...
Ağla sığan söhbəti,
Sözü var dəstəklərin,
Yardım bağlamasında
Özü var dəstəklərin
Lap ləl-cavahir olsun
Hər yardımın dəyəri...
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!Diplomat cənabların
Hər biri hörmətlidir.
Bu məqamda ölkəmə
Təşrifi qiymətlidir.
Rəyi təqdirə layiq,
Rəyi ədalətlidir.
Gözdən-nəzərdən salan
Kimdir ki, bu işləri?
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!İşğal altında qalır
Torpağımız-daşımız,
Nələr görmür gözümüz,
Nələr çəkmir başımız.
Qarışıb bir-birinə
Baharımız-qışımız.
Çadır göstərmək olub
Hər çatana peşəmiz...
Sərgi olmasın deyə
Bu mil-muğan düzləri
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!Ali qonaqlar gəlir
Dünyanın hər yerindən.
Ürək yanır, göz dolur
Şəhid qəbirlərindən...
Düşünüb daşınıram
Özlüyümdə dərindən:
İntiqam ala bilməz,
Qana qan ola bilməz
Məzarları bəzəyən
Ehtiram çiçəkləri...
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!Söhbətlər çözələnir,
Bir şey görünmür hələ,
Heyətlər təzələnir,
Bir şey görünmür hələ.
Müddətlər təzələnir,
Bir şey görünmür hələ.
Açılmır ki, açılmır
Düyünü bu torpağın.
Qov alışa bilərmi,
Od saçmasa çaxmağın?
İldırımlardan belə
Umma bu zərrələri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!Sülhə qurban kəsərəm,
Mən də qan istəmirəm.
Təzə-tər qərənfilli
Xiyaban istəmirəm.
Tükənir səbrim fəqət,
Sazişlər,
Qətnamələr,
Bəyanətlər
Kifayət!
Kiyafətlər
Kifayət!
Ziyafət dumanında
Nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan
Biyaban istəmirəm!Yellənsin sülh bayrağı,
Bu bayrağa kəm baxan,
Həm baxmayan,
Həm baxan
Bədgüman istəmirəm,
Sevindirsin milləti
Qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!AYB Ağsaqqallar Şurasının sədri olmuşdur. Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
"Gedən yerim olaydı..."
Yuxum ərşə çəkiləydi,
Dan yeri -qızarmış gözlərimdə,
Təki söküləydi.
Səhər başımda sevdalı fikirlər,
Harasa gedən yerim olaydı.
Çətin bir ünvan axtaraydım,
Gəlişimə inanmayan,
Gəlişimi gözləməyən,
İnsan axtaraydım.
Raketdən sürətli nə var dünyada,
Təki gedən yerim olaydı...
Gedəydim payi-piyada,
Külək, yağış, qar canımı üzəydi.
Büdrəyib yıxılanda,
Kötüklər, daşlar dizimi əzəydi.
Cəhənnəmə ki,
Təki gedən yerim olaydı...
Axşam düşəndə çataydım,
Sıldırımlı dağlara sığınmış bir kəndə
Döyəydim bir qapını
Əllərim əsə-əsə,
İt zəncir gəmirəndə
Adam çıxaydı səsə,
Bir cüt pərişan gözlə göz-gözə,
Bir xoş mehriban üzlə üz-üzə,
Dayanaydım.
O, heyrət elədikcə
Mən alışıb yanaydım.
Qucaqlayıb boynunu
Sığallayıb telini
Qupquru dodağımla
Yandıraydım əlini.
Uşaq kimi ağlayaydım.
Bulaq kimi çağlayaydım.
Gedən yerim olaydı gedən yerim,
Kiminsə həsrətiylə açılaydı səhərim.2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir - "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.
"Səhv düşəndə yerimiz..." (İxtisarla)
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür talışa
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz...
