Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930–1932), Azərnəşrdə bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor (1937–1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunmuşdur.
"Ayrılıq..."
Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...
Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi qəlbimdə qalan ayrılıq.
Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
Gün çıxar, dağların əriyər qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!
"Çadra" adlı ilk şeri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şerlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Cəmilə" şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
"Neyləyim..."
Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?
Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda,
Yasəmən saçını yolur, neyləyim?
Əsən rüzgarın da yoxdur vəfası,
Düşmüşdür başına özgə sevdası.
Lalənin cırılıb qəmdən yaxası,
Saçları pərişan olur, neyləyim?
Bəlkə, tez gələsən, əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən,
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?
Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var,
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?
1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır. Hal-hazırda Bakı küçələrindən biri onun adını daşıyır.
